Ermənistanın Baş naziri Nikol Paşinyanın Eçmiədzin rəhbərliyinə qarşı səsləndirdiyi sərt ittihamlar diqqət mərkəzindədir. Paşinyan bu qurumun kilsəni ələ keçirməsindən narahat olduğunu və onun azad edilməsinə şəxsən rəhbərlik edəcəyini vurğulayıb. Bəs görəsən, Paşinyanın bu mücadiləsi necə nəticələnəcək?
Mövzu ilə bağlı politoloq Taleh Əliyev KONKRET.az-a açıqlamasında bildirib ki, hazırda Ermənistanda Paşinyanla Apostol Kilsəsinin rəhbəri II Qaregin arasında münasibətlər maksimum gərgin mərhələyə çatıb:
Taleh Əliyev
“Erməni Apostol Kilsəsini sadəcə Rusiya Pravoslav Kilsəsinin müttəfiqi yox, Rusiya xüsusi xidmət orqanlarının Ermənistandakı ən sabit və koordinasiyalı şəkildə idarə olunan “beşinci kolon” şəbəkəsi kimi qiymətləndirmək daha doğru olardı,” – deyə politoloq bildirib.
Onun sözlərinə görə, Paşinyan kilsənin rəhbərliyini antixristian adlandırmaqla əslində ona qarşı açıq kampaniyanın siqnalını verir:
“Qaregin və rəhbərlik etdiyi kilsə son illər Nikol Paşinyanın siyasətinə qarşı açıq mövqe sərgiləyib. Paşinyan isə çalışır ki, bu təsir gücünü neytrallaşdırsın. Çünki gələn il Ermənistanda parlament seçkiləri gözlənilir və Rusiya həmin seçkilər ərəfəsində bütün qüvvələrini bir mərkəzdən idarə etməyə çalışacaq. Burada əsas alət məhz Erməni Apostol Kilsəsidir,” – deyə Əliyev vurğulayıb.
Ekspert əlavə edib ki, hazırkı kilsə rəhbərliyi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına da ən böyük maneədir:
“Bir tərəfdən Paşinyan xalqlar və dövlətlər arasında normallaşma çağırışları edir, digər tərəfdən isə kilsə rəhbərliyi ictimaiyyət arasında Türkiyə və Azərbaycana qarşı nifrət toxumu səpir, qərəzli şüarlar səsləndirir,” – politoloq bildirib.
Taleh Əliyev ehtimal edir ki, bu prosesin kulminasiyası yaxın aylarda baş verə bilər və payız aylarına qədər Apostol Kilsəsinin rəhbərliyində ciddi dəyişikliklərin şahidi olmaq mümkündür.
Müşviq Tofiqoğlu
KONKRET.az