Belə iddialar var ki, baş nazirə Türkiyə ilə qeydsiz-şərtsiz masa arxasına oturmasını “Qərbdəki dostları” məsləhət biliblər
KONKRET.az xəbər verir ki, rəsmi İrəvan son günlərdə heç vaxt olmadığı qədər Ankara ilə yaxınlaşmağa doğru jestlər etməkdədir. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyədən müsbət siqnallar aldıqlarını və buna adekvat cavab veriləcəyini söyləməklə əslində eyham vurmuşdu ki, danışıqlar masasına oturmağa hazırdır. İndi isə Ermənistan daha da fəal olmağa, canfəşanlıq göstərməyə başlayıb.
Paşinyanın mətbuat katibi Mane Gevorkyanın açıqlaması bundan xəbər verir. Onun sözlərinə görə, Ermənistan və Türkiyə rəsmiləri arasında effektiv təmaslar olsa, İrəvan Ankara ilə ən yüksək səviyyədə dialoqa başlamağa hazırdır. “Baş nazir parlamentin son iclasında deyib ki, Türkiyə ilə yüksək səviyyəli təmaslardan qabaq işçi müzakirələr aparılmalıdır. Ermənistan Nazirlər Kabineti bu cür danışıqlara hazırdır, lakin hələ ki Ermənistan və Türkiyə rəsmilərinin arasında bu cür görüşlər keçirilməyib. Belə səmərəli iş aparılsa Ermənistan yüksək və ən yüksək səviyyədə görüşlərə də hazır olacaq”, Gevorkyan deyib.
Ümumiyyətlə, Ermənistan Türkiyə ilə yüksək səviyyəli görüş üçün az qala yalvarır. Gürcüstanın vasitəçiliyi ilə yaxın aylarda Tiflisdə görüş ola biləcəyi haqda da bəzi iddialar var. Burada diqqət çəkən məqam İrəvanın Ankara ilə təmaslar üçün Tiflisi vasitəçi kimi görməsidir, yəni bunu Moskvadan istəməyib.
Amma Ermənistanın səmimi olaraq Türkiyə ilə bir masa arxasında oturmaq niyyətinə çoxları inanmır. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün sonuncu ilk növbədə, qondarma soyqırımın beynəlxalq aləmdə tanınması üzrə fəaliyyətini dayandırmalıdır. Bundan əlavə, Türkiyə dövlətinə qarşı ərazi iddiaları haqda müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Həmçinin müstəqillik bəyannaməsinə düzəliş etməyə məcburdur. Bölgədə sülhün və yeni platformanın yaranması Ermənistanın sərsəm iddialarından əl çəkməsindən sonra mümkün ola bilər. Bununla yanaşı, Ermənistan Zəngəzur dəhlizini açmalıdır. Ərdoğanın qeyd etdiyi kimi, bu məsələ təkcə iqtisadi yox, həm də siyasi əhəmiyyətə malikdir. Ərdoğan açıq şəkildə şərt qoydu ki, görüş istəyirlərsə, münasibətlərin yaxşılaşmasını arzulayırlarsa, Zəngəzur dəhlizi açılmalıdır.
Belə iddialar da var ki, Paşinyana Türkiyə ilə qeydsiz-şərtsiz masa arxasına oturmasını “Qərbdəki dostları” məsləhət biliblər. NATO ölkəsi olan və Qarabağ müharibəsindən sonra regionda mövqelərini möhkəmlədən Ankara ilə İrəvanın münasibətlərinin normallaşması isə Moskvanın maraqlarına çətin ki, uyğun ola. Üstəlik, bu danışıqlarda vasitəçi ölkə kimi Gürcüstanın çıxış etməsinin Kremli çox qıcıqlandırdığı şübhə doğurmur. Necə ki, Ağdamın mina xəritələrinin verilməsində ABŞ-ın təşəbbüskarlığı, Gürcüstanın isə vasitəçiliyi Rusiyanın xoşuna gəlməmişdi. Bu səbəblərdən iddia olunur ki, tezliklə Paşinyan Türkiyə ilə bağlı “sevdadan” vaz keçə və yenə də münasibətləri gərginləşdirə bilər, əks halda, Rusiya onu başqa cür cəzalandıra bilər. Bəs Ankara-İrəvan təmasları baş tutacaqmı?
Abdulla Ağar
Türkiyədən politoloq Abdulla Ağarın “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistan hazırda çox tərəddüdlər və qarışıqlıq içindədir.
Onun fikrincə, İrəvan bir doğru, bir səhv addım atır, qərar verə bilmir: “Bu, həm Ermənistanın müstəqil siyasət yürüdə bilməməyindən qaynaqlanır, həm də müharibəni uduzub, qarışıq bir dönəm yaşayır. Amma Azərbaycan uduzan ölkə üçün o qədər rahat bir anlaşma şərtləri irəli sürüb ki… Yəni Azərbaycan Ermənistana normal şəkildə izah edir ki, sənin torpağında gözüm yoxdur, sadəcə, torpağımdan çıx, sənin də mənim torpağımda gözün olmasın. Nə qədər humanist bir mövqedir. Digər tərəfdən, Zəngəzurda gözünün olmadığını söyləyir, Ermənistana deyir ki, amma bizim kommunikasiyamız olmalıdır”.
A.Ağarın sözlərinə görə, Ermənistan anlaşma imzalayıb, öhdəlik götürüb: “Demisən ki, dəhliz açılacaq, qol çəkmisən. Buna ”yox” demək bir siyasi lider üçün qürursuzluqdur. Bu, Ermənistana böyük güvənsizlik yaradır. Eyni zamanda Rusiyaya da etimadsızlıq yaradır. Qarabağda gedən proseslərə baxırsan, hərəkətləri anlaşmanın ruhuna uyğun deyil. Azərbaycan isə bu işlərdən çəkilməyəcək, axıra qədər gedəcək. Ərdoğan dedi ki, verdiyin sözü yerinə yetir, sonra mənimlə görüş. Sən öhdəliklərini yerinə yetirmirsənsə, mənimlə niyə görüşürsən?”
Qabil Hüseynli
Professor Qabil Hüseynli isə qeyd edib ki, Ərdoğan BMT-nin sessiyasına getməzdən əvvəl hava limanında jurnalistlərə reallığı açıqladı: “Dedi ki, İrəvan bölgədə müsbət addımlar atmadan, Azərbaycanla münasibətləri normala salmadan Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması mümkün deyil. Ona görə Paşinyan bölgədə problemlərin həllinə nail olmalıdır, sərhədlərin dəqiqləşdirilməsinə getməlidir, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasına İrəvan fikrini bildirməlidir. Ermənistan indi kommunikasiyaların açılmasından danışır, Bakı-Ceyhan-Qars xəttinə qoşulmaq istəyini dilə gətirir, amma Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Burada heç bir məntiq yoxdur. Hərənin özünə aid məsələni həll etmək istəməsi işin irəliləməsinə gətirib çıxara bilər”.
Q.Hüseynli hesab edir ki, Ermənistan Türkiyə və Azərbaycandan güzəştlər tələb edir: “Məğlub tərəf qalibə və bölgənin supergücünə şərtlər qoyur. Sən çıxış edərkən qarşı tərəfin strateji maraqlarını nəzərə almalısan. Paşinyan görməlidir ki, Türkiyə-Azərbaycan işbirliyi yüksələn xətt üzrə getməkdədir. Ona görə Ermənistan Azərbaycanla problemlərini həll etməlidir. Ancaq İrəvan cığallıq siyasətindən əl çəkmir. Könlündən Bakı-Tiflis-Qars yoluna qoşulmaq keçir, amma sovet dövründən mövcud olmuş Zəngəzur dəhlizinin açılmasına qarşı gedir. Bu cür yanaşmalarla problemin çözülməsinə, bölgədə əmin-amanlığın yaranmasına xidmət etməyəcək. Ermənistan populist çıxışlarla ictimai rəylə manipulyasiya etməməlidir”.
konkret olaraq hələ də başa düşmürsünüz ki, Paşinyan Rusiyanın əlindədir…Putin qəsdən onun baş nazir olmasına göz yumdu (əlində paşinyana qarşı yəqin ki kompromat var)…putin bütün ölkələrin liderlərini kompromatlarla hədələyir və onları idarə edir…əsl KGB əməkdaşı kimi ….