Ermənistan siyasi elitasında Paşinyanın son günlər verdiyi bəyanatlar, attdığı addımlar geniş müzakirə olunur. Onun BMT-dəki çıxışı incələnir və baş nazirin hansı addımlar atacağı götür-qoy edilir. Ermənistanda Paşinyanın çaşdırıcı manevrlərindən baş çıxara bilməyən politoloqlor onun bu gün bir, sabah başqa fikrə düşməsini Ermənistan üçün fayda verməyəcəyi qənaətindədirlər.
Ümumiyyətlə, güman edilir ki, Paşinyanın manipulyasiyası guya onun siyasi taktikası ilə bağlıdır. Amma siyasət həm də konkretlik tələb etdiyindən Ermənistan baş nazirinin belə addımları qeyri-ciddi təsir bağışlayır və bu da hökumət başçısına yaraşan siyasi xətt deyil. Paşinyanın Ermənistan parlamentində çıxışı da birmənalı qarşılanmayıb. Baş nazir parlamentdə maraqlı açıqlamalar verib və bildirib ki, Azərbaycanla sülh müqaviləsinin icrasına nəzarət etmək üçün Ermənistan-Azərbaycan komissiyasının yaradılması, diplomatik münasibətlərin qurulması və ərazi bütövlüyünün qarşılıqlı tanınması üçün Ermənistan hakimiyyəti ciddi iş aparır.
Müxalifətdən olan deputat Qarnik Danielyan Kərki kəndinin Azərbaycana verilməsinə aydınlıq gətirmək üçün baş nazirə sual ünvanlayıb. Paşinyanın cavabı isə çox qısa olub: “Azərbaycanla münasibətlər kontekstində anklavlar mövzusu həmişə aktual olaraq qalır. Bu mövzu gündəmdədir və biz bunu nəzərdən qaçıra bilmərik”.
Digər müxalifətçi deputatlar Paşinyanı Qarabağdan imtina etməsinə görə ittiham ediblər. Baş nazir isə buna cavab olaraq bildirib ki, Qarabağ məsələsi uzun illərdir Ermənistanın boynunda ilgək idi və erməni dövlətçiliyinin məhvi üçün alət kimi istifadə olunurdu. Paşinyanın təzadlı bəyanatlarını çox eşitmişik. Bir zamanlar öz oğlunu Qarabağa hərbi xidmətə göndərən Paşinyan daha sonra Xankəndinə gələrək “miatsum, miatsum” qışqırmaqla daxili auditoryanın rəğbətini qazanmağa çalışırdı. Daha sonra “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan fikirindən daşınaraq Qarabağın Ermənistanın boynunda ilgək olduğunu deyir.
İki il əvvəl Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıdığını rəsmən bəyan edən baş nazir bir il sonra qondarma qurumun yaranması ildönümündə sepatarçıları təbrik etməklə bir daha təzadlı siyasətçi olduğunu sübut edir. Deməli, Ermənistan baş naziri düşüncələrində qeyri-səmimi, atdığı addımlarda qeyri-ciddidir. Hətta BMT kürsüsündən “Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur” kimi bəyanatı da qeyri-səmimidir. Bunu Paşinyan desə də, Ermənistanın qanunvericilik aktı başqa məqamdan xəbər verir.
Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası öz əksini tapdığından Paşinyanın şifahi söylədikləri cəfəngiyatdır. Sülhə nail olmaq istəyən dövlət öz siyasi xəttində bir qədər səmimi olmalıdır. Bəzi ekspertlərin fikirincə, guya Paşinyanın sülh müqaviləsi ilə bağlı mövqeyində dəyişiklik müşahidə olunur. Amma onun bu hərəkətləri sadəcə manipulyasiyadır.
Paşinyanın siyasi xətti yeni hüquqi münaqişənin əsasını qoyur. Qeyd edək ki, bu yaxınlarda Ermənistan Konstitusiya Məhkəməsi Sərhəd Müəyyənetmə Komissiyasının reqlamenti ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsi öz qərarında imzalanmış sənədin Ermənistan Respublikasının Konstitusiyasına uyğun olduğuna qərar verib. Sənəd Ermənistanın sərhədlərinin müəyyən edilməsi kontekstində Konstitusiyanın və Müstəqillik Bəyannaməsinin qarşılıqlı təsiri məsələsinə aid olması ilə diqqət çəkir. Qərarın əsas məqamlarından birində deyilir ki, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş və Konstitusiyanın mətnində əksini tapmayan milli məqsədlər heç bir hüquqi qüvvəyə malik deyil.
Ermənistan Konstitusiya Məhkəməsinin qərarı artıq bəzi erməni hüquqşünaslarının hiddətinə səbəb olub. Ermənistanın ədliyyə naziri Qriqor Minasyanın istefasını da bununla əlaqələndirirlər. Düzdür Minasyan istefasını başqa səbəblə izah edib, amma onun vəzifədən getməsinə səbəb məhz yuxarıda qeyd etdiyimiz amillərdir.
Vəli Həsənoğlu,
KONKRET.az