Paşinyanın sülh müqaviləsini imzalamamasına səbəb nədir? – Generalla SENSASİON MÜSAHİBƏbackend

Paşinyanın sülh müqaviləsini imzalamamasına səbəb nədir? - Generalla SENSASİON MÜSAHİBƏ

“Nikol Paşinyan Rusiyaya qarşı çıxmaqda israr edəcəyi təqdirdə, hakimiyyətini də itirə bilər”.

Bu sözləri Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, istefada olan general Yücel Karauz KONKRET.az-a müsahibəsində deyib.

Generalla müsahibəni təqdim edirik:

– Yücel bəy, hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl olan ən böyük səbəblər nələrdir?

– Tərəflər arasında sülh müqaviləsinin imzalanmasının qarşısındakı ən böyük əngəl Ermənistanın “kukla” dövlət olması və başqa ölkələr tərəfindən idarə edilməsidir. Başda Fransa olmaqla, böyük dövlətlər Nikol Paşinyana sülh müqaviləsini imzalmağa fürsət vermirlər. Əsas səbəb məhz budur. İkincisi, hələ də Ermənistanın daxilində fərqli dövlətlərin və təşkilatların adamlarının olmasıdır. Üstəlik, həmin insanlar revanşist duyğularla hərəkət etməyə davam edirlər.

Üçüncü səbəb isə Çin, Hindistan kimi ölkələrin Cənubi Qafqazda sülh və sabitliyin olması üçün səy göstərməmələridir. Həmçinin, ABŞ-ın da Ermənistanı “kukla” dövlət kimi idarə etməyə çalışması əsas faktorladan biridir.

– Bəs Fransa nə üçün Ermənistanı silahlandırmağa davam edir? Ümumiyyətlə, niyə rəsmi Paris sülh müqaviləsinin önündəki ən böyük əngəllərdən biridir?

– Fransa son 200 ildə dünyadakı nüfuzu ən çox azalan ölkələrdən biridir. Fransanın Afrika, Avropa və NATO-dakı mövqeləri zəifləyib. Üstəlik, artıq əvvəlki kimi güclü deyil. Ona görə də Cənubi Qafqazda və Türküstan bölgəsindəki proseslərə müdaxilə etmək istəyir. Rəsmi Paris sözügedən regionda təsir imkanları qazanmağa və mövqe ələ keçirməyə çalışır. Fransa bunu Azərbaycan-Ermənistan arasında olan müharibə zamanı da edib, indiki atəşkəs dövründə də etməyə davam edir.

Paris hakimiyyəti bu tip addımlarla Ermənistanın sülh masasına oturmağını əngəlləyir. Burada həmçinin erməni diasporunun Fransadakı təsir dairəsini də nəzərə almaq lazımdır. Fransanın Ermənistanı dəstəkləməsi sadəcə Azərbaycana deyil, həm də Türkiyəyə olan düşmənçiliyinin təzahürüdür.

– Ermənistan rəhbərliyi pulunu ödədiyi silahların tədarük olunmamasına görə Rusiyanı məhkəməyə verməkdən vazkeçdiyini açıqladı. Sizcə, rəsmi İrəvan nə üçün geri addım atmaq məcburiyyətində qaldı?

– Rusiya Qafqazda və Mərkəzi Asiyada hələ də önəmli bir aktordur. Onu yox sayaraq siyasət aparılması mümkün deyil. Ermənistan kimi balaca bir dövlət isə Qərbin vədləri və təhriki ilə Rusiyaya qarşı çıxdı, məhkəməyə verdi və Vladimir Putinin həbsini tələb edən Roma Statutunu təsdiq etdi. Həmçinin, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaqdan və Zəngəzur dəhlizini açmaqdan yayınması da Moskva ilə ziddiyət təşkil edir.

Məncə, Ukraynadakı prosesləri də görən Ermənistan rəhbərliyi Rusiyaya qarşı çıxmağın onlara heç bir fayda verməyəcəyini anlayıb. Ona görə də belə kəskin dönüşlər edirlər. Nəzərə almaq lazımdır ki, Kremlin hələ də Ermənistanda adamları var. Yəni Nikol Paşinyan Rusiyaya qarşı çıxmağa israr edəcəyi təqdirdə, hakimiyyətini də itirə bilər.

– Rusiya ilə Ukrayna arasında gizli görüşlərin keçirildiyi iddia olunur. Bu görüşün Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı və Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov arasında aparıldığı deyilir. Necə düşünürsünüz, bu iddia nə dərəcədə reallığa uyğundur?

– Reallıq budur ki, Qərb artıq Ukraynaya dəstəyini kəsib, pul və silah vermir. Yəni Ukrayna təkbaşına ortada qalıb. Üstəlik, artıq müharibədə hər iki tərəf də irəliləyiş əldə edə bilmir. Fəqət zaman Rusiyanın xeyrinə işləyir. Qərbin isə iqtisadi, hərbi və siyasi cəhətdən Ukraynaya daha çox dəstək verməsi gözlənilmir.

Ona görə də Rusiya və Ukrayna arasında gizli görüşlərin keçirilməsi hər iki tərəfi müəyyən mənada qane edə bilər. Tərəflər arasında müharibədən öncəki status-kvo daxilində atəşkəs və ya sülh müqaviləsi imzalanması çətindir. Amma bunun qısa müddət ərzində baş verməsi gözlənilmir. Düşünürəm ki, hər iki tərəf də üstünlüyü ələ keçirmək və müharibədə qələbə qazanmaq üçün yaz aylarında bir daha şanslarını yoxlayacaqlar.

Lakin görünən odur ki, Rusiyanın da, Ukraynanın da müharibədə qələbə qazanmaq şansları yoxdur. Ona görə də sülhdən başqa alternativ qalmayacaq.

– Onu da diqqətinizə çatdırım ki, hazırda Valeri Zalujnının Ukrayna Prezidenti Volodomir Zelenskinin yerinə keçmək üçün ən real namizəd olduğu da önə sürülür. Maraqlıdır, həqiqətən Zalujnı Zelenskini əvəzləyə bilər?

– Volodomir Zelenski kimi liderlər hər toplumda olur. Qərb elə adamları istifadə edir, işi bitincə isə kənara atır. Zelenskinin də artıq dövrü və missiyası başa çatıb. Onun missiyası Qərbin məqsədləri üçün “kukla”lıq etməkdən ibarət idi. Zelenski də böyük səhvə yol verərək və əsas strategiyanı görməyərək, Qərbin əlində “kukla”ya çevrildi. Çünki oynanılan “oyun”u hiss edə bilmədi. Zelenski nəticə etibarilə, dövlətini və xalqını pis vəziyyətdə qoydu. Hesab edirəm ki, Ukraynanın bu müharibənin təsirindən 10-15 il boyunca xilas olması mümkün deyil.

Üstəlik, gərginliyin bu qədər pik səviyyəyə qaldırılmasının heç kimə faydasının olmadığı da ortaya çıxdı. Ona görə də uğursuz olan liderin ya siyasi, ya da hərbi yolla hakimiyyətdən göndərilməsi gözlənilir. Hətta bu, indiki vəziyyətdə normal bir şeydir. İndidən onun yerinə kimin keçə biləcəyini təxmin etmək çətindir, amma Zelenskinin gedəcəyi dəqiqdir.

Elmir Kamal,

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*