“Paşinyanın təklifi Zəngəzur dəhlizinin eynisidir” – Fərhad Məmmədovla eksklüziv MÜSAHİBƏbackend

"Paşinyanın təklifi Zəngəzur dəhlizinin eynisidir" – Fərhad Məmmədovla eksklüziv MÜSAHİBƏ

Ermənistanın Baş naziri Nikol Paşinyan “Sülh qovşağı” adlı video yayımlayıb. Ermənistan Türkiyə və Azərbaycandan tranzit keçidlərə sərhədlərin açılmasını, bütün ticarət marşrutlarının təhlükəsizliklə işə salınmasını təklif edir. Əslində isə bu təklifi Paşinyandan əvvəl Azərbaycan dəfələrlə Ermənistana təklif edib, lakin Bakının uzatdığı sülh əli İrəvan tərəfindən geri çevrilib. Çünki bir platformada sülhdən danışan Ermənistan Baş naziri başqa platformada sülhəzidd bəyanatlar verib, bununla kifayətlənməyərək sərhəddə təxribatlara zəmin yaradıb. Əslində isə regional sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Bu baxımdan, Nikolun təklif etdiyi yeni xəritə də sual doğurur. Yəni Ermənistan həqiqətən sülh istəyirmi və Paşinyana nə qədər inanmaq olar? Ümumiyyətlə, sözügedən xəritə sülhə və Azərbaycanın şərtlərinə nə qədər adekvatdır?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov cavablandırıb.

– Fərhad bəy, Nikol Paşinyanın təklif etdiyi “sülh qovşağı” xəritəsi sülhə və Azərbaycanın şərtlərinə nə qədər adekvatdır?

– Burada maraqlı məqam ondan ibarətdir ki, həmin xəritədə onların bu yolu yenidən qurmalı, bərpa etməli olduqları göstərilib. Xatırladım ki, sovet dövründə bu xətlər var idi. Ancaq 30 il ərzində Ermənistan ərazisində həm Zəngəzur, həm də Qazax tərəfdən keçən dəmiryol xəttinin fəaliyyətsiz qalması səbəbindən yararsız vəziyyətə düşmüşdü. Əgər Arazboyu Zəngəzur dəmiryol xətti 40-45 kilometrdirsə, Qazaxda bu xəttin uzunluğu 100 km-ə çatır. Və bu yolların böyük bir hissəsi məhv edilib. Bu mənada Qazaxdan keçən yolun bərpası daha çox pul aparacaq, nəinki aşağıdan- Zəngəzurdan keçən yolun. Belə demək olarsa, bu, hamının bildiyi bir məsələnin Ermənistan tərəfindən yenidən gündəmə gətirilməsidir.

– Bu təklif Zəngəzur dəhlizinin üzərindən xətt çəkir, ya eynisidir?

– Biz Zəngəzur dəhlizi deyəndə nəyi nəzərdə tuturuqsa, həmin videoda da o nümayiş olunub. Daha dəqiq desək, orada Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə hansı istiqamətdə nəzarət-buraxılış məntəqəsi qurmaq istədiyi əks olunub. Bu, Qazax istiqamətində, Kəlbəcərdə, Laçın, Qubadlı və ən aşağıda – Arazboyu məntəqələrin quraşdırılması, eyni zamanda, Naxçıvanda da üç ayrı yerdə nəzərdə tutulur. Sovet dövründə harada giriş-çıxış olubsa, onlar da videoda öz əksini tapıb, yəni burada yeni bir şey yoxdur. Sadəcə bunun üzərindən bir siyasi mesaj verilib ki, bu da sülhlə bağlıdır. Çünki onsuz da məlumdur ki, sülhdən sonra nəqliyyat-kommunikasiya xətləri açılmalıdır.

– İran tərəfi ilə də bənzər bir layihə üzərində iş gedir. Yəni İran ərazisindən quru yol vasitəsilə Naxçıvana gediş-gəliş təmin edilsin. Bəs hər iki yol bir-birinə ziddiyyət təşkil etmir ki? Ya əlavə üstünlüyü var? Ümumiyyətlə, hansı daha əlverişlidir?

–  Ümumiyyətlə, burada məntiq əsasən ondan ibarətdir ki, nə qədər çox yol olarsa, bir o qədər yaxşıdır. Azərbaycanın məqsədi Naxçıvana dəmiryolunun bərpası və avtomobil yolunun şaxələndirilməsidir. Hazırda Azərbaycandan Naxçıvana avtomobil yolu İran vasitəsilədir. Biz istəyirik ki, azad olunmuş ərazilərdən keçərək, xarici ölkə ərazisinə minimal məsafədən istifadə edərək Naxçıvana çataq. Xəritədən də göründüyü kimi, ən minimal xarici ölkə ərazisi Ermənistandır ki, bu da 44 km edir. Ermənistanla problem yarandığı üçün bu yol İran vasitəsilə aparılır ki, bu da 60 km təşkil edir. İndi əgər Ermənistan buna qoşularsa, bu yol Ermənistan üzərindən olacaq. Burada əsas iki yol var. İndi avtomobil yolu ilə bağlı İranla praktik işlər artıq başlanıb. Körpü salınıb və bəllidir ki, bu, İran üzərindən baş tutacaq. Bu isə birbaşa olaraq Azərbaycandan İran vasitəsilə Naxçıvan və Türkiyəyə uzanacaq avtomobil dəhlizidir.

Dəmiryoluna gəldikdə isə burada bir sıra incə məqamlar var. Birincisi, biz dəmiryolu ilə buradan İrana, İrandan da Naxçıvana gedəndən sonra oradan Türkiyəyə gedə bilmirik. Çünki dəmiryolumuz yoxdur. Yəni bu dəmiryolu sırf Naxçıvan üçün nəzərdə tutulub. Əgər Ermənistan da bu prosesə qoşulsa, o zaman biz Türkiyəyə getmək üçün Zəngəzur dəhlizi ilə Ermənistana birinci dəfə daxil olub, daha sonra Naxçıvana, sonra isə 2-ci dəfə Ermənistana daxil olmalıyıq. 160 km məsafə qət etdikdən sonra Gümrüyə çatıb, sonra da Qarsa keçməliyik. Yəni biz Türkiyəyə çatmaq üçün iki dəfə Ermənistan ərazisinə daxil olmaq məcburiyyətindəyik. 2-ci incəlik isə dəmiryollarının izidir. Çünki Ermənistanda da, Azərbaycanda da bu istiqamətdə sovet standartları tətbiq edilib. İranda isə vəziyyət fərqlidir. İndi biz İran üzərindən dəmiryolu xətti çəksək, hansı standartlardan istifadə etməli olacağıq? Çünki İranda Böyük Britaniya standartları mövcuddur. Amma nəzərə alsaq ki, İrandan kecən bir parça dəmiryolu İranın daxili dəmiryolu xəttinə inteqrasiya edilmirsə, belə olan halda İran öz standartlarından istifadə olunmamasına görə narazılıq edə bilər. Ancaq bu da İranla danışıqlar nəticəsində bəlli ola bilər. Görünən odur ki, hazırda avtomobil yolu hər iki istiqamətdə mümkündür, dəmiryolunda isə bu incəliklər olduğu üçün, əlbəttə, prioritet Ermənistan ərazisi hesab olunur. Amma yaxın gələcəkdə bu danışıqlar nəticə verməsə, İran vasitəsilə Naxçıvana, ondan sonra da burada imzalanmış protokola əsasən, 4 il müddətinə Türkiyəyə çəkilə bilər.

– Bütün bunların fonunda sülh müqaviləsinin nə zaman imzalanması proqnozlaşdırılır?

– Sülh müqaviləsinin bağlanması üçün hansısa əsaslı maneə demək olar ki, qalmayıb. Fikir verirsinizsə, həm Ermənistan, həm də Azərbaycan rəhbərliyi bununla bağlı öz fikirlərini bildirirlər. Burada əsas məsələ siyasi iradədir. Çünki elə məqam var ki, onlar üzərində köklənib, prosesi dayandırmaq da mümkündür, onu irəli atmamaq da. Amma siyasi iradə ilə bağlı bir sıra problemlərin üzərindən keçib sülh müqaviləsi bağlamaq da mümkündür.

– Bəs siyasi iradəyə mane olan nədir?

– Geosiyasi faktorlar. Vasitəçilər çoxalıb, bu vasitəçilərin öz aralarındakı rəqabət artıq münaqişəyə keçib. Oyunçuların sayı artıb. Əvvəllər Qərb deyirdik, indi Fransanın da ayrıca öz mövqeyi var, ABŞ-nin öz mövqeyi var. Yəni bu vasitəçilərin çoxluğu böyük bir maneə törədir.

Bir tərəfdən isə bu maneə Azərbaycan və Ermənistanı sülh sazişini sürətləndirməyə sövq edə bilər ki, regionun bu geopolitik oyunlarda iştirakçısı olmağının qarşısını alsın. Azərbaycanda bu siyasət ənənəvi siyasətdir. Lakin Ermənistan bu baxımdan fərqli görünür. Ermənistan da bunu dərk etsə, bu mənada ən önəmli məsələ sülhün bağlanması olacaq.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*