Paşinyanın yenidən sülhə can atmasının sirri: Rəsmi Bakı və Kremlin təhlükəli mesajını anladıbackend

Paşinyanın yenidən sülhə can atmasının sirri: Rəsmi Bakı və Kremlin təhlükəli mesajını anladı

Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşünün nəticələri artıq Paşinyan hakimiyyətini qorxuya salmağa başlayıb; Makronun cəsarət verdiyi erməni baş nazirin birdən-birə sülhə üz tutması Azərbaycan və Rusiyanın sərt mövqeyindən qaynaqlanır…

Ermənistan cəmiyyətində mövqe ziddiyyətləri dərinləşmədə davam edir. Bu düşmən ölkədə demək olar ki, heç bir məsələ ətrafında ortaq mövqe müşahidə edilmir. Və bu, erməni cəmiyyətində düşüncə böhranına yol açır.

Məsələ ondadır ki, Ermənistan ətrafında baş verən istənilən hadisəyə kəskin münasibətin göstərilməsi artıq adi hala çevrilib. Xüsusilə də bu düşmən ölkənin bir-birinə rəqib olan siyasi düşərgələri Ermənistanın maraqlarına cavab verən məsələyə belə kəskin müqavimət göstərirlər. Həmin məsələni əhəmiyyətdən salmaq üçün mütləq bir səbəb tapa bilirlər.

Bir müddət öncə Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel Cənubi Qafqaza səfər etdi. O, Ermənistanda olarkən, bir daha təsdiqlədi ki, Avropa Birliyi bu ölkəyə 2,5 milyard avro həcmində yardım paketi ayırmaq niyyətindədir. Və rəsmi İrəvan hər il 500 milyon avro məbləğində 5 il ərzində Ermənistana verəcəyi bu vəsaiti ölkədə islahatların aparılması, iqtisadi inkişafın təmin edilməsi məqsədilə xərcləməlidir.

499014_src.jpeg (40 KB)Əslində, bütün Ermənistan cəmiyyəti Avropa Birliyinin bu “maliyyə hədiyyəsi”ndən məmnun olmalı idi. Ancaq bunun əksinə narazılıq etməyə başladılar. Hətta bəzi erməni politoloqlar iddia etdilər ki, Avropa Birliyi 2,6 milyard avroluq yardımı “Ermənistanı Azərbaycan üçün satın almaq” məqsədilə ayırır.

Maraqlıdır ki, erməni politoloqlar bu iddialarını özlərinə məxsus qəribə arqumentlə izah etməyə çalışdılar. Guya Avropa Birliyinin Ermənistana ayırdığı 2,6 milyard avro ölkə əhalisinin rifah halının yüksəlməsinə səbəb olacaq. Rifah halı yüksəlmiş ermənilər isə Ermənistanın milli hədəfləri uğrunda mübarizə aparmağa həvəs göstərməyəcəklər. Nəticədə Azərbaycan Cənubi Qafqazda özünün bütün hədəflərinə hər hansı müqavimətlə üzləşmədən nail ola biləcək.

Ermənistana göstərilən yardıma qarşı çıxmaq üçün belə bir qəribə “arqument” icad etmək yalnız erməni politoloqların ağlına gələ bilərdi. Belə anlaşılır ki, Ermənistan cəmiyyətinin radikal-revanşist qanadı öz ölkələrinin əhalisinin rifah halının yüksəlməsini qətiyyən istəmir. Ola bilsin ki, rifah halı yüksələcək ermənilərin onlara təlqin olunan “xəyallar”ın mənasız və əhəmiyyətsiz hədəflərdən ibarət olduğunu anlayacaqlarından qorxurlar.

Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinin Azərbaycan-Ermənistan sərhədlərində törətdiyi hərbi təxribatlar da revanşistlər tərəfindən tənqid mövzudur. Əlbəttə ki, revanşistlər Paşinyan hakimiyyətini hərbi təxribatlar törətdiyinə görə qınamırlar. Hətta şübhəsiz ki, bundan məmnundurlar. Sadəcə, revanşistlərin hərbi təxribatların törədə biləcəyi təhlükə barədə fərqli iddiaları var.

755441870066644.jpeg (35 KB)Məsələn, keçmiş prezident, hərbi cinayətkar Robert Köçəryan hesab edir ki, sərhəd bölgəsində baş verən silahlı insidentlər birmənalı şəkildə Azərbaycanın maraqlarına xidmət edir: “Ermənistan hökuməti hazırda ölkənin sərhədlərini qorumaq niyyətində deyil. Hökumət bu silahlı insidentlərin Ermənistan əhalisini savaş təhlükəsindən qorxudacağına və gələcəkdə Azərbaycan qarşısında ediləcək güzəştlərə müqaviməti zəiflədəcəyinə ümid bəsləyir. Bu silahlı insidentlərlə Ermənistan əhalisini Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq, tanınması anlamı daşıyacaq sülh sazişinə hazırlayırlar”.

Göründüyü kimi, olduqca qəribə yanaşmadır. R.Köçəryan bir tərəfdən, Paşinyan hakimiyyətinin hərbi təxribatlar törətdiyini dolayısı ilə təsdiqləyir. Digər tərəfdən isə iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı çıxmaqla, regional gərginliyin qalmasında maraqlı olduğunu sezdirmiş olur. Halbuki regionda sülhün və sabitliyin olması, ilk növbədə Ermənistan üçün həyati əhəmiyyət daşıyır.

Ermənistan ordusunun keçmiş baş qərargah rəisi Movses Akopyan isə iddia edir ki, son günlər sərhəd bölgəsində baş verən silahlı insidentlər məhz demarkasiya prosesi ilə bağlıdır. Onun fikrincə, Yerasxdakı atışmaların səbəbi odur ki, Azərbaycan hakimiyyəti orada demarkasiya prosesi aparır və iki həftə sonra həmin bölgədə sərhəd dəyişikliyi baş verəcək.

M.Akopyan onu da qeyd edib ki, Azərbaycan öz məqsədinə çatacaq, hətta ola bilər ki, bunun üçün rəsmi Bakı hərbi vasitələrə ehtiyac duymaz. Belə anlaşılır ki, ermənilər silahlı insidentlərin məhz rəsmi İrəvan tərəfindən törədildiyinə qətiyyən şübhə duymurlar. Çünki həqiqətən də rəsmi Bakının Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədlərini bərpa etməsi üçün hərbi vasitələrə ehtiyacı yoxdur. Sadəcə, Ermənistanın öz sərhədləri içərisinə çəkilərək, Azərbaycan ərazilərini könüllü şəkildə təhvil verməlidir.

zengezur-1591891.jpg (200 KB)

Ancaq bunun əksinə olaraq, rəsmi İrəvan müqavimət göstərməyə və hərbi təxribatlar törətməklə, sərhədlərin demorkasiyası prosesini pozmağa çalışır. Yəni iki ölkə arasındakı silahlı insidentlərin əsas səbəbi məhz Ermənistanın hərbi təxribatlarından qaynaqlanır. Bu isə Ermənistan cəmiyyətinin nə qədər dərin siyasi-psixoloji böhran içərisində olduğunu göstərir.

Maraqlıdır ki, rəsmi İrəvanın bütün müqavimət cəhdlərinə baxmayaraq, iki ölkə arasında sərhədlərin demarkasiyası prosesinin qaçılmaz olduğunu elə ermənilər özləri də artıq anlayırlar. M.Akopyan da Ermənistan cəmiyyətini baş verənləri anlamaq üçün üçtərəfli anlaşmaları araşdırmağa çağırır: “Bu gün biz o sənədlərin bəndlərinin həyata keçirildiyinin şahidi oluruq. Syunikdə daha ciddi problemlər hələ də var və nəticə bizim üçün çox ağrılı olacaq”.

Ola bilsin ki, M.Akopyan Ermənistan üçün bəzi proseslərin gözlənildiyindən daha ağrılı məzmun daşıya biləcəyində haqlıdır. Çünki keçmiş SSRİ-nin dağılmasından dərhal sonra ermənilər Azərbaycana məxsus əraziləri ələ keçiriblər. İndisə, son 30 ildə işğal altında saxlayıb, faydalandıqları həmin əraziləri əsl sahibinə – Azərbaycana geri qaytarmaq lazımdır. Ermənistan cəmiyyəti isə hələ də bu reallıqla barışmaq istəmədiyindən gərginlik davam edir.

Ancaq son günlər baş verən hadisələr də göstərir ki, bu proseslərin qarşısını almaq mümkün deyil. Paşinyan hakimiyyətinin ABŞ və Fransaya bəslədiyi ümidlər boşa çıxmağa başlayıb. Artıq rəsmi İrəvan anlamağa başlayıb ki, həmin dövlətlər verdiyi vədləri yerinə yetirməyə, Ermənistanı qorumağa qadır deyillər. Ona görə də, rəsmi İrəvan son vaxtlara qədər yayınmağa çalışdığı, Rusiyanın da maraqlarını ifadə edən üçtərəfli anlaşmaları yenidən icra etmək barədə düşünür.

725d95d8d826174.jpg (46 KB)

Böyük ehtimalla Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşünün nəticələri Paşinyan hakimiyyətini artıq qorxuya salmağa başlayıb. Üçtərəfli anlaşmaların icrasından və sülh danışıqlarından imtina edilməsinin Ermənistana vəd etdiyi real təhlükənin nə qədər ciddi olduğunu nəhayət ki, anlamaq üzrədir.

Ona gör də, əslində, son günlərə qədər ABŞ və Fransanın dəstəyindən cəsarətlənib, hərbi təxribatlar törədən rəsmi İrəvan indi yenidən sülhün və sabitliyin önəmini qabartmağa çalışır. Hər halda, baş nazir Nikol Paşinyanın Ermənistan hökumətinin son toplantısında Azərbaycanla sülh danışıqlarının başlamasına hazır olduğunu təsdiqləməsi önəmli məqamdır: “Sülh və sabitliyin alternativi yoxdur və Ermənistan hökuməti Ermənistan, Qarabağ və ümumilikdə region üçün sülhün inkişafı erasının başlaması üzrə mandatı həyata keçirməyə hazırdır”.

Göründüyü kimi, Paşinyan hakimiyyəti olduqca ağır vəziyyətə düşüb. Əks halda, sülhün və sabitliyin alternativsiz olduğunu qətiyyən anlaya bilməzdi. Şübhəsiz ki, ona bu reallığı anlaması üçün Azərbaycan və Rusiyanın effektiv “yardım” göstərdiyini də ehtimal etmək mümkündür. Və yəqin ki, “fransız ssenarisi” ilə cəsarətləndirilmiş erməni baş nazirin birdən-birə sülhə dəyər verməsinin sirrini də məhz bu məqamda axtarmaq lazımdır.

Elçin XALİDBƏYLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*