Pensiya kapitalı ilə bağlı mühüm məlumatbackend

Pensiya kapitalı ilə bağlı mühüm məlumat

Bu günlərdə ciddi müzakirəyə səbəb olan mövzulardan biri vətəndaşların pensiya yaşına çatmazdan əvvəl, öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnu əldə edə bilməsi məsələsidir. Hətta, Milli Məclisin komitə iclasında da bu məsələ müzakirəyə çıxarılıb. Qeyd olunan sahədə tezliklə konkret bir mexanizmin ortaya qoyulacağı ümidi yaranıb.

Pərviz Heydərov yazır:

Əlbəttə, vətəndaşların əmək müqaviləsi əsasında işlədikləri yerdə ödədikləri məcburi dövlət sosial sığorta haqqı hesabına yığdıqları pensiya kapitallarından pensiya yaşlarına çatmamışdan öncə istifadə edə bilmələri üçün müvafiq şəraitin yaradılması bir neçə aspektdən çox vacib məsələ sayılır. Yəni, onlar üçün bu hüquq tanınmağa məhkumdur.

Sual olunur, niyə?

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunun bir neçə səbəbi var. Birincisi, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanılan vəsaitlərin məbləği hesab olduğundan stimulverici xarakter daşımalıdır. Belə ki, vətəndaşlar öz pensiya kapitalları yığımında maraqlı olmalı və bunun həcminin artımına səy göstərməlidirlər. Yəni, məcburi dövlət sosial sığorta haqqı ödənişinə həvəslə, məqsədli şəkildə yanaşmalıdırlar.

Bizdə belədirmi ? Xeyr.

Real olaraq, məcburi dövlət sosial sığorta haqqı ödənişi nəticəsində pensiya hüququ əldə edilənədək toplanılan pensiya kapitalı həcmindən yalnız həmin hüquq qazanıldıqdan sonra istifadəyə imkan verildiyindən ortada faktiki olaraq heç bir maraq və stimul qalmır və əslində, qalmağa əsas da olmur. Ən azı o səbəbdən ki, pensiya hüququ əldə etmək yaşı yüksəkdir, yəni 65 yaş təşkil edir.

Odur ki, fərdin ödədiyi məcburi dövlət sosial sığorta haqqı onun özündə maraq kəsb etməsi üçün pensiya kapitalından vaxtından əvvəl istifadə imkanının yaradılması ən vacib və stimullaşdırıcı üsul və vasitələrdən sayılır.

İkincisi, vətəndaşın öz pensiya kapitalından istifadə edə biləcəyi ümumiyyətlə, həmişə təminatlı xarakter daşımalıdır. Bu, çox mühüm amildir və ədalətli faktor hesab olunur. Yəni, hər hansı şəxs əgər müəyyən dövr ərzində işləyərək bu və ya digər məbləğdə pensiya kapitalı toplaya bilibsə ədalətli olan budur ki, həmin vəsait, məhz onun özü tərəfindən mənimsənilməlidir.

Misal üçün, səhhətində problem varsa bundan pensiya yaşına çıxmamış istifadə edə bilməli, əgər normal yaşayış şəraiti yoxdursa və bunu yaxşılaşdırmaq və yaxud da təmin etmək məqsədilə borca giribsə, bunu ödəmək üçün yararlanmalı, övladının və yaxud özünün ixtisas səviyyəsi və ya təhsili ilə bağlı maddi dəstəyə ehtiyacı varsa bundan ötrü həmin vəsaitdən xərcləməli və sair…

Ümumiyyətlə, sual olunur ki, hər hansı bir fərd tutaq ki, 25-30 illik əmək fəaliyyəti fonunda məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına müəyyən məbləğdə pensiya kapitalı vəsaiti toplayıbsa, nəyə görə ondan məhz yalnız, pensiyaya çıxdıqdan, yəni 65 yaşı tamam olduqdan sonra yararlanmalıdır ?

Üçüncüsü isə, belə bir addımın atılması həm də ölkədə dayanıqlı, sağlam və oturuşmuş pensiya-sığorta sisteminin formalaşması və bu yolda islahatın həyata keçirilməsi prosesinin özü üçün də töhvə verə bilər ki, bu da mühüm cəhətdir. Bəli, məcburi dövlət sosial sığorta haqqı ödənişi hesabına pensiya kapitalı yığımı vətəndaşı əmək fəaliyyətini dayandırdıqdan sonra pensiya ilə təmin etmək üçündür.

Lakin seçim hər kəsin öz öhdəsinə buraxılsa, yaxşıdır.

Yeri gəlmişkən, 2019-cu ildən bəridir DSMF-ın büdcəsi təkmilləşir ki, bununla belə, hələ də dövlət büdcəsindən asılılıq vardır. Pensiya kapitalından istifadəyə imkan yaratmaqla, bu sahədə sosial sığorta ödənişlərinin sürətini və həcmini artırmaqla DSMF-ın büdcəsi də daha məqsədəuyğun həcmə gəlib çıxa bilər. Və o cümlədən, özəl pensiya fondlarının yaranması üçün də əlavə işıq ucu açılar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*