Pensiya sistemi dəyişir: Vətəndaşları nələr gözləyir?backend

Pensiya sistemi dəyişir: Vətəndaşları nələr gözləyir?

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edib.

Yeni qərara əsasən, pensiyaların təyin edilməsi, dayandırılması, bərpası və digər mərhələlərə dair məlumatlar artıq Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə və əldə oluna biləcək. Qərarda göstərilən məlumatların elektron qaydada təqdim edilməsi isə kağız sənədlərlə təqdimata bərabər sayılacaq.

Bəs bu dəyişiklik vətəndaşlar üçün nə kimi yeniliklər gətirəcək? Elektron Hökumət Sistemi üzərindən məlumatların təqdim edilməsi praktiki olaraq hansı üstünlüklər yaradacaq?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli news24.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik vətəndaşlar üçün mühüm rahatlıqlar yaradacaq və sistemin daha çevik, şəffaf işləməsinə şərait formalaşdıracaq:

“Artıq pensiya ilə bağlı qərarları almaq üçün vətəndaşın ayrıca quruma getməsinə ehtiyac qalmayacaq. Məlumatlar “Elektron Hökumət” üzərindən əlçatan olacaq. Bu, prosesin daha operativ aparılmasına imkan verir. Qərarlarda əks olunan əsaslar artıq elektron hökumət vasitəsilə təsdiq olunacaq və adi qaydada sənədlə təqdim edilən məlumatlara bərabər tutulacaq. Söhbət məlumat mübadiləsində elektron hökumətin rolunun artmasından gedir, bu da olduqca müsbət haldır.”

İqtisadçının sözlərinə görə, bu yanaşma pensiya qərarlarının verilməsində şəffaflığı artıracaq, insan amilindən asılılığı azaldacaq və vətəndaş üçün prosesi daha rahat edəcək:

“Faktiki olaraq bu gün vətəndaş üçün ciddi dəyişiklik yoxdur, amma elektron hökumətdən istifadə imkanları genişlənir. Elektron hökumətdən istifadə həm şəffaflığı arıtıracaq, həm də vətəndaş üçün daha komfortlu mühit yaradacaq. İstənilən yerdən – kompüter, planşet və ya telefon vasitəsilə pensiya ilə bağlı qərarlara baxmaq mümkün olacaq. Bu xüsusilə yaşlı və bölgələrdə yaşayan insanlar üçün vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*