Hazırda Azərbaycanda pensiya kartı sahibləri yalnız müəyyən bankların bankomatlarından və xidmət şəbəkəsindən istifadə edə bilirlər. Bu isə vətəndaşların seçim imkanlarını məhdudlaşdırır və bəzən əlavə çətinliklər yaradır. Lakin son dövrlər bu sistemin dəyişdirilməsi, pensiya və müavinətlərin ödənişi zamanı vətəndaşlara istədikləri bankı seçmək hüququnun verilməsi istiqamətində müzakirələr aparılır. Maraqlıdır, bu dəyişiklik baş verərsə, əlavə xidmət haqqı (komissiya) tutulacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, uzun illərdir dövlət xidmətlərinin, o cümlədən əməkhaqqı, təqaüd, müavinət və pensiyaların ödənişinin yalnız bir neçə bank vasitəsilə həyata keçirilməsi bazarda rəqabət prinsiplərinin pozulmasına gətirib çıxarıb:
“Bu vəziyyət dövlət resurslarının cəmi bir neçə bankın maraqları çərçivəsində istifadəsinə, həmin bankların isə böyük gəlirlər əldə etməsinə şərait yaradıb. Eyni zamanda digər bankların bu bazarda iştirak hüquqları da faktiki olaraq məhdudlaşıb.”
Ekspertin sözlərinə görə, artıq bu sahədə dəyişikliklərlə bağlı işlər gedir və vətəndaşlara pensiya, əməkhaqqı və sosial müavinətlərini istədikləri bank vasitəsilə almaq imkanı yaradılması istiqamətində addımlar atılır:
“Gözləniləndir ki, vətəndaşlara pensiyasını hansı bankdan almaqla bağlı seçim hüququ tanınsın. Bu, həm bazar iqtisadiyyatı baxımından müsbət addımdır, həm də digər bankların bu sahəyə marağını artıracaq.”
Həsənov qeyd edib ki, bütün bankların bu sistemə qoşulması bir qədər zaman tələb edə bilər, çünki onların infrastruktur imkanları fərqlidir. Pensiyaçıların əksəriyyəti isə vəsaitlərini dərhal nağdlaşdırmağa üstünlük verdiyindən, bankomat şəbəkəsinin genişliyi bu seçimi müəyyən edəcək əsas amillərdən biri olacaq.
Ekspert onu da istisna etmir ki, vətəndaş öz pensiyasını dövlətin təyin etdiyi bankdan deyil, fərqli bankdan almaq istədikdə müəyyən komissiya haqqı tətbiq olunar:
“Hazırda komissiya dövlət tərəfindən ödənilir. Amma vətəndaş könüllü şəkildə pensiyasını başqa banka yönləndirərsə, həmin bankın tətbiq etdiyi komissiya ödənişini özü qarşılamalı olar. Bu, çox aşağı, məsələn, 0.5–1 faiz civarında ola bilər. Seçim tamamilə vətəndaşın əlində olacaq.”
Beləliklə, yaxın dövrdə pensiya kartları sahəsində vətəndaşlara daha geniş seçim imkanı verilməsi, eyni zamanda bu prosesin elektron qaydada, bankların platformaları üzərindən həyata keçirilməsi planlaşdırılır.
Aynurə İsmayıl
KONKRET.az