Rusiyada pensiya almaq üçün vətəndaşın minimum 15 il sığorta stajına malik olması kifayət edir. Beləliklə, pensiya məbləği əməkhaqqı əsasında hesablanır. Bəs, Rusiyada tətbiq edilən 15 illik sığorta stajı modelinin Azərbaycanda tətbiqi realdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı şəraitdə Azərbaycanda pensiya hüququ üçün tələb olunan minimum sığorta stajının 25 ildən 15 ilə endirilməsi real deyil.
“Bunun bir neçə əsas səbəbi var. Birinci səbəb əmək bazarının tam leqal olmamasıdır. Azərbaycanda əməkhaqqı səviyyələrinin əhəmiyyətli hissəsi rəsmi şəkildə aşağı göstərilir. Nəticədə, 15 il ərzində toplanan sığorta haqları hesabına pensiyaçıya orta hesabla 12 il müddətində minimum pensiyanın maliyyələşdirilməsi mümkün olmur”.
İqtisadçı qeyd edib ki, qeyri-formal əmək bazarı Dövlət Sosial Müdafiə Fondunun gəlirlərini azaldır və gəlir-xərc balansında disbalans yaradır.
“Buna baxmayaraq, son illərdə müəyyən inkişaf meyilləri müşahidə edilsə də, fondun özünü maliyyələşdirmə səviyyəsi hələ də aşağıdır. Bu səbəbdən hər il dövlət büdcəsindən fonda transferlər ayrılır və hökumətin əsas məqsədi bu transferlərin həcmini azaltmaqdır”.
R.Həsənovun fikrincə, sığorta stajı tələbinin 15 ilə endirilməsi pensiyaçıların sayının kəskin artmasına, fondun xərclərinin yüksəlməsinə və hökumətin müəyyən etdiyi maliyyə hədəflərinə çatma imkanlarının məhdudlaşmasına səbəb ola bilər.
“Azərbaycanda 25 illik sığorta stajı tələbi tam şəkildə tətbiq edilən meyar deyil. Belə ki, 2006-cı ildən sonra az da olsa ödənilmiş sığorta stajına görə dövlət tərəfindən əlavə olaraq 25 il sığorta stajı “hədiyyə” edilir və bu mexanizm 2050-ci illərə qədər qüvvədə qalacaq. Hədiyyə edilən stajın müddəti isə illər keçdikcə azalacaq”.
İqtisadçı əlavə edib ki, 2026-cı il dövlət büdcəsinin hazırlanması prosesində Maliyyə Nazirliyi və Hesablama Palatasının rəyləri də göstərir ki, hazırda pensiya sistemində daha radikal addımların atılması gündəmdə deyil. Əksinə, pensiya yaşının artırılması və xərclərin optimallaşdırılması daha prioritet hesab olunur.
“Qeyri-formal iqtisadiyyatla mübarizə və qanunvericiliyin təkmilləşdirilməsi fondun gəlirlərini artırmaq imkanına malik olsa da, indiyədək aparılan siyasət xərclərin nəzarət altında saxlanılmasına yönəlib. Bu baxımdan, Azərbaycanda sığorta stajı tələbinin 15 ilə endirilməsi hazırkı şəraitdə qeyri-real görünür”.
Aynurə İsmayıl
KONKRET.az

