ABŞ Müdafiə naziri Pit Heqset İranın nüvə obyektlərinə edilən hücumla bağlı açıqlamasında bildirib:
“Ali Baş Komandan Donald Trampdan hücum əmri aldıq, İranın nüvə proqramı artıq mövcud deyil.”
KONRKET.az Milli.Az-a istinadən xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keyn isə əməliyyatın detalları ilə bağlı deyib:
“İrana qarşı hücumda 7 ədəd B-2 və 4-cü və 5-ci nəsil döyüş təyyarələri istifadə olundu. Təyyarələr 18 saatlıq uçuş zamanı hədəf bölgəsinə çatdı. İranın hava hücumundan müdafiə sistemləri bizi aşkarlaya bilmədi.”
ABŞ rəsmi olaraq müharibəyə daxil oldu
İsrail-İran müharibəsinin 10-cu günündə ABŞ ilk dəfə rəsmi və hərbi olaraq birbaşa müharibəyə qatıldı.
ABŞ ordusu gecə yarısı Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombaladı.
ABŞ Prezidenti Donald Tramp hücumdan sonra bəyanatla çıxış etdi:
“Fordo artıq mövcud deyil. Bu hücum ABŞ, İsrail və dünya üçün tarixi bir andır. İran indi bu müharibəyə son qoymağa razı olmalıdır.”
“İranın nüvə proqramı artıq yoxdur” – Pentaqon
Pentaqonun bu gün verdiyi geniş bəyanatda, Müdafiə naziri Hegset bildirib:
“Əməliyyatın əsas məqsədi İranın nüvə proqramını tamamilə məhv etmək və ya ciddi zərər vermək idi. Biz bu məqsədə çatdıq. Lakin əməliyyat nə İran əsgərlərini, nə də mülki əhalini hədəf almayıb.”
O əlavə edib:
“İranın nüvə ambisiyaları bitdi. Prezident Tramp danışanda bütün dünya onu dinləməlidir. O, sülh istəyir. İran da bu yolu seçməlidir.”
“Bu əməliyyatı ABŞ-dan başqa heç bir ölkə həyata keçirə bilməzdi.”
“ABŞ-ın çəkindirici gücü geri döndü”
Nazir Hegset Trampın əməliyyatı “cəld və ağıllı şəkildə” planlaşdırdığını qeyd edərək deyib:
“Bu əməliyyat göstərdi ki, ABŞ-ın çəkindirici gücü geri döndü.
Heç bir ölkə bu səviyyədə bir əməliyyatı həyata keçirə bilməzdi.
Tramp prezidentliyə başladığı gündən bəri deyirdi: İran nüvə silahına sahib ola bilməz!'”
“İlk dəfə bunker deşici bomba istifadə olundu”
O, əlavə edib:
“Trampın liderliyi sayəsində İranın nüvə ambisiyalarına son qoyuldu.
Əvvəlki prezidentlər bunu xəyal edirdi, amma heç biri bacarmadı.
Aylarla planlaşdırılan və gizli aparılan bu əməliyyat dünyadan tamamilə gizli həyata keçirildi.
Bu əməliyyatda ilk dəfə MOP adlı sığınacaq deşici bomba istifadə olunub.
Əməliyyatın adı: ‘Gecəyarısı çəkici’ olub.”
Əməliyyatın detalları: 125 təyyarə, 75 sursat, 2 hədəf
Baş Qərargah rəisi Dan Keyn daha sonra çıxış edərək deyib:
“Cümə gecəsi B-2 təyyarələri diqqəti yayındırmaq üçün Sakit okeana yönəldi.
18 saatlıq uçuşla və minimum rabitə ilə hədəf bölgəsinə çatıldı.
Dünən axşam Prezident Trampın dediyi kimi, 14 bomba ilə 2 əsas hədəf vurulub.
İranın bütün nüvə infrastrukturu, İran saatı ilə 02:10-da İsfahan bölgəsində şok effekti ilə məhv edildi.”
“Əməliyyatda cəmi 75 sursat, o cümlədən bunker deşici bombalar, 125 Amerika təyyarəsi, dənizaltılar, müasir hərbi gəmilər, yüzlərlə hərbçi iştirak edib.
Bu, ABŞ tarixində ən böyük B-2 bombardman missiyası və ilk MOP bombası əməliyyatı olub.
11 Sentyabr hücumlarından sonra ən uzun və ən irimiqyaslı hərbi əməliyyat hesab olunur.”