Peru Prezidenti Pedro Kastilyo həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Peru KİV-i məlumat yayıb.
Qeyd edək ki, Peru parlamenti prezidenti Pedro Kastilyoya impiçment elan etdikdən sonra polis onu axtarışa verib. Bir neçə saat əvvəl isə dövlət başçısı parlamentin buraxılması və komendant saatının tətbiqi barədə sərəncam imzalamışdı.
23:46
Peru Prezidenti Pedro Kastilyo tərəfindən buraxılan Konqres ona impiçment elan edib.
KONKRET.az xəbər verir ki, bu barədə parlament məlumat yayıb.
“Demokratiyamızı və konstitusiyamızı müdafiə edərək, Konqresin plenar iclası prezident Pedro Kastilyonun istefasının lehinə 101 səs verib”, – bəyanatda deyilir.
22:02
Peru prezidenti Pedro Kastilyo çərşənbə günü parlamentin buraxıldığını deyib və ölkədə fövqəladə vəziyyət elan edib.
KONKRET.az xəbər verir ki, o, bunu dövlət başçısı administrasiyasının facebook səhifəsində yayımlanan xalqa müraciəti zamanı bildirib.
“Ölkənin hər yerindən vətəndaşların şikayətləri ilə əlaqədar qərarlar qəbul edildi. Hüquqi-demokratik dövlətin bərpası üçün fövqəladə hökumət yaradıldı”, – deyə Pedro Kastilyo bidirib.
O qeyd edib ki, bunun tərkib hissəsi olaraq aşağıdakı tədbirlər görülüb:
– Konqres müvəqqəti olaraq buraxılsın.
– Respublika və fövqəladə hökumət yaradılsın,
– Ən gec 9 ay müddətində yeni konstitusiyanın hazırlanması üçün Konqresə seçkilər keçirilsin.