Pezeşkiyanın qələbəsi İrana dəyişiklik gətirəcəkmi? – Seçicilər onu bu hərəkətindən məyus olubbackend

Pezeşkiyanın qələbəsi İrana dəyişiklik gətirəcəkmi? - Seçicilər onun bu hərəkətindən məyus olub

İranın yeni lideri seçilməklə dəyişiklik istəyənlərin ümidinə çevrilən türk əsilli islahatçı prezident Pezeşkiyan qələbə çıxışında mühafizəkar rejimə sadiqliyini bəyan edib.

Analitiklərin fikrincə, manevr imkanları məhdud olan Pezeşkiyan mühafizəkarların nəzarəti altında olan inzibati mexanizmin dəstəyini almaq üçü dəridən-qabıqdan çıxıb. Ona görə də onun ölkə siyasətində ciddi dəyişiklik etməsi bir o qədər inandırıcı görünmür.

İranda yeganə islahatçı namizəd kimi qatıldığı seçkilərdə qalib gələn və ölkənin yeni prezidenti olan azərbaycanlı Məsud Pezeşkiyan qələbə nitqində rejimə sadiq olduğunu bəyan etməklə seçicilərini bir qədər məyus edib.

May ayında mühafizəkar prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra keçirilən seçkidə Pezeşkiyan mühafizəkar rəqibi Səid Celili geridə qoyaraq birinci olub. Daha əvvəl hicab və Qərblə münasibətlərlə bağlı mötədil açıqlamalar verən və internetə qoyulan məhdudiyyətləri aradan qaldıracağına söz verən Pezeşkiyanın 2021-ci il seçkilərində iştirakına icazə verilməyib.

Qələbəsi ilə uzun müddət siyasətə inamını itirmiş bəzi iranlılarda dəyişiklik ümidi yaradan yeni prezident dünən gecə etdiyi zəfər nitqində dini lider Ayətullah Əli Xameneiyə təşəkkür edib: “Onun rəhbərliyi sayəsində bu nöqtəyə gələ bildik”.

Pezeşkiyanın qələbə nitqi üçün İslam İnqilabının lideri Ayətullah Ruhullah Xomeyninin simvolik məqbərəsini seçdiyi də diqqət çəkib.

İranda əsas qərarverici olan dini lider Xamneyi yeni prezidenti təbrik edən mesajında ​​Pezeşkiyanın ölən mühafizəkar İbrahim Rəisinin yolu ilə getməsini istədiyini bildirib.

Pezeşkiyanın seçkilərdə iştirakına icazə verilməsi Xamneyinin İranda son illərdə sürətlə aşağı düşən nüfuzunu artırmaq kimi də şərh edilib.

Təhlilçilərin fikrincə, Pezeşkiyanın qələbəsi xüsusilə gənclərə və qadınlara ümid versə də, ölkədə ciddi dəyişiklik gözləmək mümkün deyil. Prezidentin səlahiyyətlərinin məhdud olduğu İranda qərarlar dini lider və İnqilab Keşikçilərini əhatə edən mürəkkəb idarəetmə mexanizmi ilə müəyyən edilir.

BBC-yə danışan Londonda yerləşən “Chatham House”un Yaxın Şərq proqramının direktoru Sənam Vəkil bildirib ki, Pezeşkiyan mühafizəkarların hakim olduğu sistemin ciddi dəstəyini almadan fəaliyyət göstərə bilməz. “Onun manevr üçün çox müstəqil məkanı olmayacaq. İqtisadi məsələlər istisna olmaqla, heç bir yeniliyin olması gğzlənilən deyil. İqtisadiyyatda əhəmiyyətli bir irəliləyiş əldə etmək üçünsə ABŞ-ın sanksiyaları yüngülləşdirməsi lazımdır.”

Yaxın Şərq ekspertləri Pezeşkiyan dövründə İranın xarici siyasətində ciddi istiqamət dəyişikliyi gözləmirlər. Beynəlxalq Böhran Qrupunun İran Proqramının rəhbəri Əli Vaez deyib: “Əgər ABŞ-da Tramp və Bayden arasında ölkənin gedişatı ilə bağlı 180 dərəcə bucaq varsa, İranda prezident dəyişikliyində bu bucaq 45 dərəcədir. Bu, əhəmiyyətsiz bir fərqdir, yəni digər ölkələrdəki kimi təsirli deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*