İstanbulda “Nəsli və kökü kəsilməkdə olan vəhşi fauna və flora növləri ilə beynəlxalq ticarət barədə Konvensiya” (SİTES) ilə qadağan olunmuş külli miqdarda bəzək əşyası aşkarlanıb. KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əşyalar İstanbul Qaçaqmalçılıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 23-də Kağıthane ərazisində yerləşən bir evdə əməliyyat zamanı ələ keçirilib.
Bura uzunluğu 4, 6 metr olan piton ilanı dərisi, 2 fil dişi, 1 kərgədan buynuzu, fil sümüyü və kərgədan buynuzundan hazırlanmış təsbeh, kəhrəba təsbeh, çəlik və şahmat dəsti də daxil olmaqla, 269 əşya aiddir.
Qaçaq malların satışı ilə əlaqədar Azərbaycan vətəndaşı N.S. saxlanılıb. Evdə aparılan axtarış zamanı həmçinin 14 tarixi əsər də ələ keçirilib. Təxminən 1 milyon 500 min lirə dəyəri olan bu əşyaların ölkəyə qanunsuz yollarla keçirildiyi ehtimal edilir.
Türkiyənin Kənd təsərrüfatı və meşə nazirliyinin səlahiyyətliləri tərəfindən ələ keçirilən məhsullarla bağlı açıqlama veriləcəyi bildirilir. İfadəsi alınan N.S. məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.
Faktla bağlı araşdırma gedir.