Politoloq: “Aİ Kremli Cənubi Qafqazdan SIXIŞDIRIR” – Zaxarova HAQLIDIR?backend

Politoloq: "Aİ Kremli Cənubi Qafqazdan SIXIŞDIRIR" - Zaxarova HAQLIDIR?

Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədindəki vətəndaş missiyasından narahatlığını ifadə edib. Onun fikrincə, Rusiyanı vasitəçilikdən sıxışdırıb çıxarmaq istəyirlər. Bu nə dərəcədə mümkündür? O həmçinin bildirib ki, İrəvanla Bakının barışıq açarı, möhkəm sülh və stabillik yalnız üçtərəfli bəyanatların tam realizəsi ilə ola bilər.

KONKRET.az olaraq Zaxarova narahatçılıqlarından doğan sualları politoloq İlyas Hüseynova ünvanladıq. Onun fikrincə, son dövrlər Avropa İttifaqı regionda sülhün və təhlükəsizliyin qorunması, eləcə də vasitəçilik imkanlarının genişləndirilməsi baxımından fəallaşmağa çalışır:

“Təkcə onu demək kifayətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın baş naziri arasında Brüssel formatı çərçivəsində bu il 4 görüş keçirilib. Onlardan 3-ü Brüsseldə, sonuncu görüş isə Avropa İttifaqının qeyri-formal sammiti çərçivəsində Praqada baş tutub. Bütün bu görüşlər, əsasən 3 istiqamətə yönəlib:

1. Sülh müqaviləsinin imzalanması

2. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası

3. Sərhədlərin delimitasiyası və demarkasiyası

Eyni zamanda, həm də burada yeni bir istiqamət müəyyənləşdirildi. Avropa İttifaqının mülki missiyası Ermənistan ərazisində sərhədlərin delimitasiya işinə yardımçı olacaq. Bu isə tamamilə Rusiyanın maraqları çərçivəsindən kənar bir yanaşmadır. Çünki mülki də olsa, artıq Avropa İttifaqının nümayəndələri bölgəyə gəlirlər”.

Bəli, köhnə qitənin Cənubi Qafqazda fəaliyyət dairəsinin genişlənməsi Kremlin maraqlarına ziddir. Rusiya XİN rəsmisi Zaxarovanın narahatlığı da bununla bağlıdır. Buna görə də İrəvanla Bakı arasında sülhün üçtərəfli bəyanatların şərtlərinə əməl edilməklə mümkünlüyü xatırlanıb. Bundan başqa:

“Avropa İttifaqının əsas meyarı özünün enerji asılılığının təmin olunması ilə bağlıdır və Azərbaycanın Xəzər sektorundan hasil olunan qaz Aİ üçün bu gün nəinki diversifikasiya marşrutudur, həm də həyat əhəmiyyətli bir qaz xəttidir. Ona görə də Avropa Birliyi regiona öz maraqları kontekstində yanaşır və təhlükəsizlik məsələlərinin həllinə diqqət ayırır”.

İlyas Hüseynov sonda bildirib ki, Rusiya bir qədər arxa fonda qalmasını müxtəlif səviyyəli təmaslarla düzəltmək istəyir. Məsələn:

“Rusiya baş nazir müavini Overçukun, eləcə də Dumanın sədri Volodinin bölgəyə səfərləri də bunu nümayiş etdirir. Buna baxmayaraq, Avropa İttifaqı tərəfindən Rusiyanın yavaş-yavaş regiondan sıxışdırılması da aydın şəkildə görünür”,- deyə politoloq münasibət bildirib.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*