Polşa parlamentinin aşağı palatası (Seym) Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyan qətnamə qəbul edib.
KONKRET.az TASS–a istinadən xəbər verir ki, qətnamənin qəbul edilməsinə 231 deputat səs verib, 226 deputat isə səsvermədə iştirak etməyib.
“Polşa Respublikasının Seymi Rusiya Federasiyasını terrorizmi dəstəkləyən və terror üsullarından istifadə edən dövlət kimi tanıyır”, – sənədin mətnində deyilir.
Qətnamənin mətnində bildirilir ki, 2014-cü ilin iyulunda Malayziya Hava Yollarına məxsus “MH17” reysinin və 2010-cu ilin aprelində Smolensk yaxınlığında Polşa hökumətinə məxsus təyyarənin qəzaya uğramasına görə Rusiya birbaşa məsuliyyət daşıyır.
Qeyd olunub ki, ötən həftə müxalifətin etirazları səbəbindən səsvermə baş tutmayıb. Polşalı deputatlar yalnız ikinci cəhddə qətnamə qəbul edə bilib.
Məlumata görə, bu cür qətnamələr hökumətin fəaliyyətini dəstəkləmək və hakimiyyətin diqqətini hansısa problemə cəlb etmək üçün nəzərdə tutulub.
İqbal Rzayev,
KONKRET.az