Çexiya paytaxtının hakimiyyət orqanları şəhərə daha çox mədəni turist cəlb etmək məqsədilə turizm agentlikləri tərəfindən təşkil edilən gecə pub gəzintilərini qadağan edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian”da dərc olunan yazıda qeyd olunur. “1,3 milyon əhalisi olan Çexiyanın paytaxtı uzun müddətdən bəri Böyük Britaniyadan gələn tərbiyəsiz turistlərin əyləncə məkanı olub. Praqa merinin müavini Zdenek Qrzyb jurnalistlərə bildirib ki, artıq mütəşəkkil gecə klublarında əylənmə qadağan olunacaq. Meriyanın məlumatına görə, bundan sonra şəhər sərxoş turistlər üçün qapalı olacaq. Çex Otel və Restoranlar Assosiasiyasının rəhbəri Vatslav Starek meriyanın qərarını alqışlayıb:
“Pivə axtarışında Çexiya paytaxtına gələnlər yerli sakinlərə çətinliklər yaradır. Heç kəsə gecə klubuna getməyə qadağa edilməyəcək”.
Xatırladaq ki, xarici turistlər Çexiyaya adambaşına ən çox pivə istehlak edilən ölkə statusunu saxlamağa kömək edirlər. Eyni zamanda Praqa müəyyən kateqoriyalı turistləri şəhərə gəlməkdən çəkindirməyə çalışan ilk Avropa paytaxtı deyil. Keçən il Amsterdam gənc britaniyalılara yönəlmiş “Uzaqda qalın” adlı onlayn reklam kampaniyasına başladı.
Vəli Həsənoğlu,
KONKRET.az