“Kılınçdaroğlu və çevrəsini tanıyan heç bir türk onun iqtidara gəlməsini arzulamaz” – TƏHLİLbackend

"Kılınçdaroğlu və çevrəsini tanıyan heç bir türk onun iqtidara gəlməsini arzulamaz" - TƏHLİL

Jurnalist Aygün Muradxanlı 
     Aygün Muradxanlı, jurnalist 

Türk dünyası üçün çox önəmli 14 may seçkiləri haqqında gələn suallara bazar günü olduğu üçün soyuq siyasi kəlmələrlə deyil, isti cəhrili ləhcəsilə cavab vermək istəyirəm. Rəis Kılıçdaroğlunu gırıx-gırıx eləyəcək. Niyə? Ona görə ki…

– Kılıçdaroğlu seçkinin PKK-nın siyasi qolu HDP-nin səsilə qazanılacağına işarə vurdu. Beləliklə, 10-cu dəfə uduzdu. 2 dünya gələ birləşə, türk seçici Türkiyədə PKK partiyasının həlledici sözə sahib olmasına imkan verməz;

– kürdlərin tamamilə Kılıçdaroğluna səs verəcəyinə inanmaq gülüncdür. AK Parti və hökumət içərisində çox sayda kürd var. Önəmli postlarda.

– Cümhur İttifaqının dönəmində keçirilən antiterror əməliyyatlarının xeyrini birinci kürdlər görüb. İndi nə uşaqlarını oğurlayıb gedər-gəlməzə aparan var, nə onlardan PKK üçün bac-xərac yığan. Yolu, xəstəxananı, məktəbi, işi, maaşı, əkdiyini biçməyi Ərdoğanın prezidentliyi dönəmində gördülər. Geri dönməzlər;

– Ordu minlərlə şəhid verib. Kılıçdaroğlu dolayısı ilə kürdlərə səs qarşılığında asta-asta muxtariyyət vəd edir. Ordu və millət onu buna görə cəzalandırmazmı?

– Kılıçdaroğlu iqtidara gəlsə, ilk addımı FETÖ-nü açıb buraxmaq olacaq. Türkiyəni kölə etmək istəyənlərə içəridən dəstək verən xain yuvalarının yenidən qurulmasına türk milləti qəti imkan verməz;

– 6-lı Masa zəka etibarilə Cümhur İttifaqının tozuna çatmaz. Bahçeli keçmiş partiyadaşlarını siyasi səhnədə əla bölüşdürüb. Akşener, Özdağ, namizədliyini irəli sürən Sinan Oğan başda keçmiş üzvlərilə MHP şaxələnib, hər yerdədir. Eynən Türk Ordusu kimi. Bahçeli çox əla bilirdi ki, 6-lı Masa Akşener kiminçün israr etsə son qərarı ona tərs verəcək. Çünki, digər 5 nəfərin əslində Meral Hanımı görməyə gözləri yoxdur. Oyun tutdu)) 4 partiya Mansur Yavaş və Ekrem İmamoğlu üçün “israr” edən Meral xanımı Masada tək qoyub Kılıçdaroğluna – məğlubiyyətə qaçdılar. Yolları açıq olsun

– Zəlzələ siyasəti etkilədimi? Təbii, amma az. Çox etkiləsəydi, 14 mayda seçki baş tutmazdı. Burdan mənimlə “seçki 1 il yubanacaq” mübahisəsi edənləri də salamlayıram. Hər zamankı kimi haqlı çıxdım. Prezident Ərdoğan seçkini gecə alsaydı, qarşı tərəf, yəni Qərb fors-majorları çoxaldacaqdı. Zəlzələnin sonucları ağır olsa belə indi Ərdoğan siyasi rəqiblərindən az irəlidədir.

– Kılıçdaroğlu Qərbdən aldığı direktivlə “İstanbul sözləşməsi”nə yaşıl işıq yandıracağını vəd etməklə dini dəyərlərinə çox bağlı milyonlarla seçicinin lənətini aldı. Açıq deyir ki, LGBT ailə dəyərlərinə heç bir ziyan vurmur. Sabah-birigün minbərdən “lənətullah” deyə anılsa, şaşırmaram. Adam ölkəsini tanımır…

Xarici faktorlara gəlincə,

– Azərbaycan FETÖ başda, Qərbdən maliyyə alan kiçik bir kəsim, 3-5 Tehran aftafası dışında iqtidarlı-millətli Cümhur İttifaqının yanındadır;

– Özbəkistan tam mənada Türkiyə iqtidarına dəstək verir. Bu, hərbi müttəfiqlik sazişini qorumaq, gəlişdirmək Mirziyoyevin siyasi karyerası, ölkənin Rusiya caynağına yenidən ilişməməsi üçün həyati önəm daşıyır.

– Ərəb dünyası Türkiyəyə milyardlar axıdır.

– İsrail diplomatik münasibətləri düzəltməklə Ərdoğanla gələcək işbirliyi mesajını verir, eyni zamanda onun gücünü etiraf edir.

Xarici faktorlar Prezident Ərdoğana zəlzələ bölgəsində sürətlə nəhəng sosial projelər həyata keçirmək imkanı verir ki, bu, seçkinin taleyi üçün son dərəcə önəmlidir. Qərbin siyasi manipulyasiyalarının motivi əsasən sosial xarakterlidir – bunlara yer qalmır.

Ərdoğanın aktivindəki bu qədər faktorun alternatvi kimi müxalifətin bir “üstünlüyü” var – Batı ona açıq dəstək verir. O Batı ki, ona Türkiyədə elə bir nifrət var…, lap Azərbaycandakı, Gürcüstandakı Rusiya nifrəti kimi.

“Ərdoğan açıq ara uduzacaq” deyən Azərbaycan vətəndaşlarının siyasi karyerası eynən Kılıçdaroğlunun siyasi karyerasına bənzəyir. Qərb onlara dəstək verir, sonda uduzdurub pərişan edir, amma yox olmağa da qoymur. Çünki “sabah” yenə iqtidarlara cüzi təzyiq üçün gərək olacaqlar.

Kılıçdaroğlu və çevrəsini tanıyan heç bir türk, özəlliklə Azərbaycan vətəndaşları onun Türkiyədə iqtidara gəlməsini arzulamaz. Üstəlik bizim – bütün Azərbaycanın Cümhur İttifaqına, Prezident Ərdoğana, Milli Müdafiə naziri Hülusi Akara, XİN rəhbəri Çavuşoğluna, MİT başqanı Hakan Fidana və digər kabinet üzvlərinə vəfa borcumuz var. Ordumuz bir Nəcməddinin əlində qalmışdı… İndi Şuşadayıq, sabah Xankəndində olacağıq inşallah. Azğın Putinin başını sığallaya-sığallaya Rəis Azərbaycanın təhlükəsizliyinə Türkiyəni qarantör etdi, hər iki ölkənin Məclisi Şuşa Bəyannaməsini ratifikasiya etdi – Rusiyanı böyük mənada vurdu çıxardı Azərbaycandan. Həəəə, ordusu hələ burdadır desəz, onlar da gedəcək, deyirəm – birliyimizlə. Türkiyə bunun üçün Ukraynaya çox ciddi yardımlar edir, Rusiyanı çökdürür. Elan etmədən, ustaca…

Türkiyə bizə öz pulumuzla yardım edir sərsəmləmələrinə də baş qoşmayın. Hərbi qüdrətimiz, siyasi gücümüz kapitalın doğru idarəedilməsilə artırsa, nə əla. Prezident Əliyev bu xətti bir az da gücləndirəcək, məncə. Rövnəqlərin uşaqlarının qolunda saat olmaqdansa, qoy neft gəlirləri gələcəyimiz üçün xərclənsin.

Türk milləti xoşafla (meyvə qurusunun suyu) qidalanan əsası 15-16 yaşlı gənclərdən ibarət ordu ilə 5 ölkənin nizami, top-tüfəngli ordusunu yurdundan qovub cümhuriyyət qurub. Əbədi yaşasın!  Bu millət siyasi qərar verəndə qarnı ilə deyil, beyni ilə verir – mədənin ölçüsündən fərqli beynin gücünü hesablamaq mümkün deyil. 100 il sonra regional gücə çevrildiyi, dünya hərb sənayesinin öncüllərindən olduğu, Qafqazda genişləndiyi, nüfuz dairəsini sürətlə böyütdüyü halda heç əyləcə basarmı?

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*