Prezidentdən eksklüziv MÜSAHİBƏ: “Türk ölkələrinin hərbi gücü artacaq”backend

Prezidentdən eksklüziv MÜSAHİBƏ: “Türk ölkələrinin hərbi gücü artacaq”

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar KONKRET.az-a eksklüziv müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Cənab Prezident, ilk növbədə eksklüziv müsahibə üçün sizə təşəkkür edirik. Şimali Kipr Türk Respublikası Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv dövlət kimi qəbul edildi. Bu, Kipr üçün nə deməkdir?

– Özbəkistanın Səmərqənd şəhərində baş tutan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə səs çoxluğu ilə qəbul edilən müşahidəçi üzvlüyümüz bizi həddindən artıq sevindirdi. Dövlətimizin ilk dəfə rəsmi adı ilə, yəni Şimali Kipr Türk Respublikası olaraq bu statusu qazanması tarix qərardır və yeni mərhələnin başlanğıcından xəbər verir. Ona görə də bizim üçün çox qürurvericidir. Bu qərarla Şimali Kipr Türk Respublikasının suverenliyi uğrunda mübarizəyə böyük töhfə verildi. Buna görə də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana, xarici işlər naziri Mövlud Çavuşoğluna və Türk Dövlətləri Təşkilatının bütün üzv ölkələrinin prezidentlərinə, xarici işlər nazirlərinə və bütün əlaqədar diplomatlara səmimi şəkildə təşəkkür edirəm. ŞKTR-nin Türk Dövlətləri Təşkilatına qəbulu ilə bütün dünyaya Kipr türklərinin tək olmadığının mesajı verildi.

Sevindirici haldır ki, Şimali Kipr Türk Respublikası tədricən beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Respublikamızın 39-cu ildönümü ərəfəsində statusumuzun rəsmiləşməsinə töhfə verən bu müsbət hadisədən daha da ruhlanaraq, şərəfli mübarizəmizə daha da sürətlə davam edəcəyik. Türk Dövlətləri Təşkilatı qarşısında əldə etdiyimiz müşahidəçi üzv dövlət statusumuz bütün xalqımıza və böyük Türk millətinə xeyirli olsun.

– Bu addımın türk dünyası üçün hansı üstünlükləri var? Çünki daha bir türk dövləti təşkilata üzv olaraq beynəlxalq aləmdə tanınmaq üçün fürsət əldə edir.

– Son illərdə Kiprdə və bölgədə baş verən kritik hadisələr Şərqi Aralıq dənizində karbohidrogen ehtiyatları uğrunda yeni mübarizəyə çevrilib. Şərqi Aralıq dənizinin ən uzun sahil xəttinə sahib olan və Kipr adasına cəmi 70 km məsafədə yerləşən bölgənin ən güclü ölkəsi olan Türkiyə Şərqi Aralıq dənizində siyasi bərabərlikdən kənarlaşdırılmağa çalışılır və bəzi regional aktorlar, qlobal güclər burada hökmranlıq qurmaq üçün səylərini davam etdirir. Bu vəziyyət gərgin və mürəkkəb siyasi mübarizəyə, həmçinin gərginliyin və hərbi fəaliyyətin güclənməsinə səbəb olur. Yunanıstan və Cənubi Kipr azsaylı əhalisinə, ərazisinə, hərbi və iqtisadi güclərinə baxmayaraq, əllərindəki yeganə kozır olan adalardan istifadə edərək Şərqi Aralıq dənizində ekspansionist siyasət yürüdürlər. Onlar hər fürsətdə Türkiyənin və Şimali Kipr Türk Respublikasının xəritə ilə nəzərdə tutulan hüquqlarını faktiki olaraq görməzdən gələrək, eyni zamanda kiçildərək 41 min kvadrat kilometrlik əraziyə və Antalya körfəzinə sıxışdırmaq məqsədini nümayiş etdirirlər. Bu nöqtədə ŞKTR-nin əhəmiyyəti bir daha ortaya çıxır.

Türkiyə və Türk dünyasının Şərqi Aralıq dənizində siyasi hüquqlarını müdafiə edə bilməsi üçün ŞKTR-nin quru, dəniz və hava üzərindəki suverenliyinin tanınması vacibdir. Bu kontekstdə Yunanıstan və Cənubi Kiprin Türkiyənin Eksklüziv İqtisadi Bölgəsini görməzdən gələrək atacağı maksimalist və ekspansionist addımlarının qarşısını almağın yeganə yolu da budur. Unutmaq olmaz ki, bizim varlıq mübarizəmiz Kipr adasındakı türk varlığını görməzdən gələnlərə qarşıdır.

– O zaman, bu amil türk dünyasının beynəlxalq aləmdə daha da güclənməsi üçün zəmin yarada bilərmi?

– Şimali Kiprlə eyni dəyərləri paylaşan Türkiyənin və türk dünyasının liderliyində güclü koalisiya yaratmaq və Şimali Kiprin tanınması ilə bağlı siyasi anlayışın aktiv şəkildə həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Yuxarıda da qeyd etdiyim kimi, Türkiyənin və türk dünyasının Şərqi Aralıq dənizində hüquqi və siyasi hüquqlarını müdafiə edə bilməsi üçün ŞKTR-nin quruda, dənizdə və havada suverenliyinin tanınması mütləqdir. ŞKTR nə qədər güclü olarsa, Türk dünyası da Aralıq dənizində və beynəlxalq aləmdə bir o qədər güclü olar.

– Sizcə, Türk Dövlətləri Təşkilatı beynəlxalq təşkilatlar səviyyəsində bir quruma çevrilə biləcəkmi?

– TDT artıq beynəlxalq təşkilata çevrilib. Özünəməxsus bir qurum olan bu təşkilatı sayəsində də Türk dünyasında illərdir həsrətlə gözlənilən və ehtiyac duyulan siyasət, təhlükəsizlik, ticarət və enerji kimi sahələrdə əməkdaşlığı gücləndirmək daha da mümkün olacaq. Bu birlik qardaşlıq bağlarını gücləndirməklə yanaşı, Türk dünyasını ortaq təhlükələrdən qorumaq üçün də kollektiv müdafiə mexanizmi olaraq Şərqi Aralıq dənizindən Orta Asiyaya qədər qurulacaq körpünün də əsas hissəsini təşkil edəcək. XXI əsri türk əsri etmək və siyasi balansa dərindən təsir etmək potensialına malik olan Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Respublikasının müşahidəçi üzvlüyü ilə daha da güclənib. Mən bu təşkilatın gələcəyini çox parlaq görürəm.

Mərahim Nəsib,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*