Dövlət başçısı Putinlə “İsgəndər-M” raketlərini müzakirə etdi, “Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq” dedi
“Şuşanı bax bu ”İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”- deyə, Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən deyib.
ANAMA tərəfindən Şuşada qalıqları aşkarlanan raketlə bağlı müəmmalar davam edir və rəsmi Bakıya nə Moskva, nə İrəvandan izahat verilir. Prezident bu səbəbdən növbəti dəfə “İsgəndər-M” modifikasiyalı raketlərlə bağlı aydınlıq gətirilməsini istədi. Ermənistanın hökumət başçısı Nikol Paşinyan Rusiyanın onlara verdiyi “İsgəndər” raketlərinin yararsız olduğunu, cəmi 10 faizinin partladığını söyləyəndə onu sıxma-boğmaya salmışdılar, təkzib etməyə məcbur etmişdilər, “Mənə yanlış məlumat verilib” deməsi ilə geri çəkilməyə vadar etmişdilər.
Rusiya tərəfi Ermənistan rəhbərliyini yalanlamışdı, bunu rus silahının imicinə qarşı qəsd kimi qiymətləndirmişdi. Eyni zamanda Kreml istifadəsi qadağan olunan bu silahların Qarabağ müharibəsində atıldığını təkzib etməyə çalışmışdı. İndi isə görünür ki, yalan danışan tərəf hansıdır və faktiki kütləvi ölümə səbəb olan raketlər Ermənistana verilib, amma hesabatı, izahatı verilmir.
İ.Əliyev “Şuşanı, bizim qədim şəhərimizi Ermənistan ”İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik” deməklə bir daha ad çəkmədən ünvanlı ismarışlar yolladı. Bundan sonra top qarşı tərəfdədir və cavab verməlidirlər. Amma bu cavabı kim verəcək – Rusiya, yoxsa Ermənistan, məsələ odur…
Aprelin 13-də isə Prezident ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışında bildirib ki, bu məsələni rusiyalı həmkarı ilə müzakirə edib: “Mən öz xalqımdan heç nəyi gizlətmirəm, hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz Rusiya prezidenti Vladimir Putinlə ”İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik. Mənim tapşırığımla Azərbaycan Müdafiə Nazirliyi fotolarla birlikdə sübutların olduğu rəsmi məktub göndərib. Lakin hələlik biz heç bir cavab almamışıq”.
Rəsmi İrəvanın raketlər barədə bəyanatını qəribə adlandıran Prezident deyib: “Onlar gah partlamamış raketlər haqqında danışır, gah da bunun sirr olduğunu deyirlər. Deməli, hər halda, istifadə olunub. Biz Ermənistandan rəsmi cavab gözləyirik. Deyə bilərəm ki, bizdə yetərincə məlumat var, amma biz rəsmi açıqlama gözləyirik”.
Polkovnik Şair Ramaldanovun bildirdiyinə görə, “İsgəndər-M” raketlərini gizlətmək olmur: “Peyklə onların trayektoriyasının haradan açıldığını bilmək mümkündür. Ona görə də cənab Prezident bu sözləri elə-belə deməyib. Sadəcə, Azərbaycan məlumatı ancaq Rusiyadan gözləmir. Çünki bizim özümüzün kəşfiyyat aparmaq imkanları var. Ona görə müəyyən məlumat əldə edilib. Sadəcə, Azərbaycan gözləyir ki, Rusiya bu məsələyə hansı cavabı verəcək və bizim əldə etdiyimiz məlumatlarla nə qədər uyğun gələcək”.
Ş.Ramaldanov istisna etmir ki, əvvəlcə bağlı qapılar arxasında bu söhbət aparılacaq, sonra ictimaiyyətə müəyyən informasiya çatdırılacaq: “Hər halda, Azərbaycanın çoxlu sualları var. Xüsusən sülhməramlıların fəaliyyəti haqda suallar ola bilər. Azərbaycanın öz maraqları üçün bu raketlər haqda məlumatı da müəyyən mənada istifadə edə biləcək.
Biz görürük ki, Rusiya çətin vəziyyətdədir və 9 gün keçib, hələ də cavab verməyiblər. Paşinyan o zaman açıqlama verəndə Rusiya bir gün keçmədi ki, silahların yerində olması, atılmaması haqda bəyanatlar yayırdı. İndi 9 gün keçib, cavab vermirlər. İzahat verilməlidir ki, bu raketlər haradan atılıb. Amma Rusiya tərəfi susur, heç nə demir, çıxılmaz vəziyyətdədirlər”.
Polkovnikin sözlərinə görə, peyklə operativ-taktik raketlərin atıldığı iz görünür: “Bizim Hava Hücumundan Müdafiə sistemləri Gəncəyə və digər ərazilərə atılan raketlərin istiqamətini müharibə vaxtı göstərirdi. Yəni indi müasir texnikadan nəyisə gizlətmək çətindir. Sadəcə, Rusiya Azərbaycanla danışıqlar prosesindən sonra hansı məlumatı və necə ictimaiyyətə çatdıracaq, bu məsələ var”.
Hərbi ekspert onu da bildirdi ki, bu raketlər 500 kilometrə qədər başlıq daşıya bilir: “Bu raketlərə cürbəcür başlıqlar nəzərdə tutulub. Onların modifikasiyası 11 cür raket başlığından ola bilir. Nüvə başlığı da daşıya bilən operativ-taktik raketdir. Ona görə ”İsgəndər” raketləri dünyada diqqətlə və həssaslıqla izlənir. Onların hava hücumunun müdafiə radarlarından qaçmaq imkanı var, bu baxımdan onları vurmaq çətin olur”.