Prezidentin qızının həbs müddəti uzadıldıbackend

Prezidentin qızının həbs müddəti uzadıldı

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın ilk prezidentinin böyük qızı Gülnarə Kərimovanın həbs müddəti növbəti dəfə uzadılıb. Bu barədə İnstaqram səhifəsində onun Londonda yaşayan qızı İman Kərimova məlumat verib. Ancaq o, anasının həbs cəzasının nə vaxt, kim tərəfindən və nə qədər uzadıldığını açıqlamayıb.

“Vətəndaşlardan və jurnalistlərdən gələn sual axınının artması ilə əlaqədar olaraq, komandamız Gülnarə Kərimovaya qarşı siyasi motivli məhkəmə işi haqqında tam məlumat dərc etməyə başlayacaq”, – deyə İman Kərimova İnstaqram səhifəsində yazıb.

O, Özbəkistan hökumətinin qanunsuz üsullardan “anasını ittiham edərək boğmaq” üçün istifadə etdiyini iddia edir. İman Kərimova deyib ki, bununla əlaqədar olaraq, qanunsuz üsullarla bağlı şəffaflığı təmin edəcək “detallar və faktlar” tezliklə yayımlanacaq.

İman Kərimovanın sözlərinə görə, istintaqın əsas məqsədi Gülnarə Kərimovanı ölkədəki bütün mümkün iqtisadi və sosial çatışmazlıqlar və problemlərdə ittiham etməkdir.

İmanın dediyinə görə, Gülnarə Kərimova “beşinci dəfədir ki, hökümət üzvlərinin əksəriyyətini sıx bağlayan bu məsələdə həqiqət qorxusuna görə cəzası uzadılıb və tam təcrid vəziyyətində saxlanılır”.

“Bu yaxınlarda işə “məxfi” statusu verilib, buna əsas verən səbəblər isə izah edilməyib. hətta vəkillərin də materiallara çıxışı yoxdur. bu konstitusiyaya tamamilə ziddir, amma bu ilk dəfə deyil. Beləliklə, vəkillərə və hətta yaxın qohumlara bu iş və son məlumatlara görə kritik olan Gülnarənin səhhəti barədə məlumat verilməyib. Hökumətdə onun sağlamlığının pisləşməsinə sevinənlər üçün yaxın günlərdə bu mövzuya daha çox aydınlıq gətirəcəm”, – deyə İman Kərimova İnstagram-da yazıb.

Xatırladaq ki, dörd gün əvvəl İman Kərimova demişdi ki, bu gündən etibarən İnstaqramdakı iman.k17 hesabı “vəkillər, onun qardaşı (Londonda yaşayan İslam Kərimov ) və komanda tərəfindən idarə olunacaq”.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xatırladır ki, 2017-ci ildə Özbəkistanda Gülnarə Kərimova vergi ödəməkdən yayınma, mənimsəmə, qəsb və ofşor şirkətlərin sənədlərini məhv etməkdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilmişdi. Kərimova bu hökmdən sonra bir müddət ev həbsində qalmışdı, lakin 2019-cu ilin mart ayında ev dustaqlığının şərtlərini pozduğu üçün Daşkənd vilayətinin Zangiata rayonundakı 21 saylı qadın koloniyasına göndərilmişdi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*