Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsi ilə tanış olubbackend

Prezidentin səlahiyyətli nümayəndəsi DQ-nin Şərurdakı hərbi hissəsi ilə tanış olub

Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanışlıq olub.

KONKRET.az xəbər verir ki, martın 11-də – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 31-ci ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Daxili Qoşunların Şərur rayonu ərazisində yerləşən hərbi hissəsində xidmət və yaşayış şəraiti ilə tanış olub.

Səlahiyyətli nümayəndə hərbi hissənin xatirə kitabını yazıb.

Hərbi hissənin balansında olan silah, xüsusi vasitələr, avtomobil və zirehli texnikaların nümayişi olub.

Hərbi hissə ilə tanışlıqdan sonra keçirilən tədbirdə əvvəlcə şəhidlərin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri polis polkovniki Süleyman Neymətov çıxış edərək Azərbaycan Respublikasının daxili işlər naziri adından şəxsi heyəti Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edib. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Daxili Qoşunların keçdiyi böyük təşkilatlanma və inkişaf yolundan, hərbi qulluqçuların ikinci Qarabağ müharibəsində göstərdiyi şücaətdən danışıb. Daxili Qoşunların şəxsi heyətinin ölkə Prezidenti tərəfindən qarşıya qoyulan tapşırıqları hər an yerinə yetirməyə qadir olduğu vurğulanıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəxsi heyəti “Heydər Əliyev İli” və Daxili Qoşunların yaranmasının 31-ci ildönümü münasibətilə təbrik edərək deyib ki, Daxili Qoşunların yaranması günü məhz Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Birinci Qarabağ müharibəsində həm şəhidlərimiz, eyni zamanda qazilərimiz olub. Uzun müddət ərzində səbrlə, təmkinlə yürüdülmüş siyasət məhz ona xidmət edirdi ki, həm ordunun, həm də daxili qoşunların maddi-texniki bazası təkmilləşdirilsin və müasir standartlara uyğunlaşdırılsın. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti Azərbaycan Ordusunun və Daxili Qoşunların inkişafına səbəb olub. Bunun nəticəsində Vətən müharibəsində düşmənə layiqli cavab verildi. Əgər lazım olarsa, bundan sonra da rəşadətli övladlar yetişdirmiş bu torpaq və onun oğulları düşmənə yerini göstərəcək.

Sonda hərbi hissənin əsgər yeməkxanasında şəxsi heyətlə birlikdə nahar edilib.

Əsgər Xəyal Məmmədov yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*