Prezident İlham Əliyevin bu gün imzaladığı sərənxamla Fuad Tacəddin oğlu Osmanov “Xalq artisti” fəxri adına layiq görülüb.
Publika.az xəbər verir ki, aktyor Fuad Osmanov 6 mart 1964-ci ildə anadan olub. 1990-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil alıb. 1990-ci ildən S.Vurğun ad. Rus Dram teatrın aktyorudur. Bu illər ərzində teatr səhnəsində 40-dan çox rol oynayıb. Onun yaratdığı Fedya (E.Radzinski “Priyatnaya jenşina”), Xan (M.F.Axundov “Lənkəran xanlığın vəziri”), Sokrat (M.Şaxanov “Çinqizxanın sirri”), Kromvel (Q.Qorin “Kral oyunları”), Xəlil (Elçin “Poçt şöbəsindəki möcüzələr”), Ser Tobi Belç (U.Şekspir “12-ci gecə”), Vasili (A.Qalin “Konkurs”), Dallas (M.Freyn “Teatr”), Filipp Debni (X.Berqer “Daha bir Djekson”), Edqar (U.Şekspir “Kral Lir”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. 2008-ci ildə Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülüb. 11 filmdə çəkilib.