“Problemli kreditlərin həcmi milyardlarla ölçülür” – Proseslər Mərkəzi Bankın gözü qarşısında baş verirbackend

"Problemli kreditlərin həcmi milyardlarla ölçülür” - Proseslər Mərkəzi Bankın gözü qarşısında baş verir

“Azərbaycanda istehlakçı hüquqlarının qorunmasında çox ciddi problemlər var. Bütün qaydalar istehsalçının və xidmət göstərənin hüquqlarının müdafiəsinə yönəlib”.

Bunu KONKRET.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O təəssüflə bildirib ki, Əmək Məcəlləsinə son 20 ildə 100-dən çox dəyişiklik olub:

“Bu dəyişikliyə nəzər saldıqda görərirk ki, hər bir düzəliş xidmət göstərənin, iş verənin mənafeyinə xidmət edir. Və yaxud “İstehlakçıların hüquqları haqqında” qanunu götürək. Edilən düzələşlərin böyük əksəriyyəti istehlakçının hüquqlarını məhdudlaşdırır. Ən nəhayət, Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinin şərhi ilə bağlı məsələni götürək. Bu düzəlişlər və dəyişikliklər hamısı sahibkarın-bankirin maraqlarına xidmət edir. Borclanan dünyasını dəyişərkən qalan xərcin varis tərəfindən ödənilməsi qaydasının analoqu yoxdur. Bəs onda sığorta şirkətlərinin vəzifəsi nədir? Axı sığortalanmış ipoteka krediti fors-major hallarda İpoteka Krediti və Zəmanət Fondu tərəfindən ödənilməlidir?!”.

Akif Nəsirli bank-maliyyə sektorunun bərbad gündə olduğunu da qeyd edib: “Mənfəətlə işləyən ixtiyari bankın hər an müflis olmaq təhlükəsi var. Çünki banklar müstəqil və dayanıqlı deyil. Bundan əlavə, banklar sağlam rəqabət şəraitində yox, direktiv göstərişlər əsasında fəaliyyət göstərir. Soruşan yoxdur ki, ay bank, 10 faiz depozit adıyla aldığın pulları necə olur ki, 20-25, bəzənsə daha yüksək faizlə kredit verirsən?! Axı müştəri bu qədər yükü qaldırmaq iqtidarında deyil?!

Bundan əlavə banklar verdikləri kreditlərin ödəniş qaydasında da istədiklərini edirlər. Belə ki, müştəriyə illik faiz desələr də, ona aylıq faiz qaydasını tətbiq edirlər. Belə ki, banklar faizləri aylıq qalığa görə hesablayır. Nəticədə kredit faizi deyildiyindən xeyli yüksək olur. Bu azmış kimi, bank öz faiz qazancını müştəridən elə ilk aylardan alır. Sonra isə əsas borc qalır. Yəni bank müştərinin ehtiyaclarından faydalanaraq onu istədiyi öhdəliyin altına salır. Ehtiyac içində olan müştəri də son əlac kimi bankın ağır şərtlərinə boyun əyir. Məhz bu özbaşnalığın nəticəsində banklar tərəfindən verilən kreditlərin xeyli hissəsi geri qayıtmır. Bu gün problemli kreditlərin həcmi milyard manatlarla hesablanır”.

Sədr onu da əlavə edib ki, bütün bu proseslər Mərkəzi Bankın gözü qarşısında baş verir:

“Bu qanunsuzluqlara görə, Mərkəzi Bank bankları cəzalandırmaq əvəzinə bankın müştərilərini cəzalandırır. Konstitusiya Məhkəməsinin son qərarı bir daha sübut etdi ki, bankların mənafeyi müştərinin, dolayısı ilə xalqın maraqlarından daha üstün tutulur. Bunun da səbəbi var. Ölkəmizdə bizneslə məşğul olanlar həm də qanun yaradıcılığı ilə məşğuldurlar. Parlamentdə oturanların bir qismi bankir, bir qismi sahibkar-oliqarx, bir qismi də orta səviyyəli biznesmendir. Bu isə iqtisadiyyatda liberallaşmanın qarşısını alır. Müstəqil sahibkarın formalaşmasına əngəl yaradır. Amma bütün hallarda bu qorxulu tendensiyadır. Deyək ki, bu gün büdcəmiz əsasən neft-qaz ehtiyatlarının satışından formalaşır. Buna görə də iqtisadiyyatdakı problemlər o qədər də qabarıq görünmür. Amma nəzərə alaq ki, neft-qaz ehtiyatları əbədi deyil. Bəs onda nə edəcəyik?”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*