Psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı danışdıbackend

Psixiatriya xəstəxanasına yerləşdirilən Məhəmmədin qardaşı danışdı

“Qardaşım doğrudan da iki il bundan əvvəl Psixiatriya Xəstəxanasında müalicə alıb. O zaman davranış pozuntusuna görə xəstəxanaya yerləşdirilmişdi. Həmin dönəmdə insanları hədələyir, dost-tanışıma mənim “narkoman” olduğumu deyirdi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Bakıda Xətai rayonunda yerləşən 3 saylı uşaq evində baş verən qanunsuzluqlar barədə video çəkərək onu ictimailəşdirən 16 yaşlı Məhəmməd Hacıyevin qardaşı Əli Hacıyev deyib.

O, valideynlərini itirdikdən sonra uşaq evinə sığındığını bildirib:

“Biz 4 qardaş anamla yaşayırdıq. Böyük uşaq mənəm 20 yaş, Məhəmməd 16, digər qardaşlarımın isə 13 və 12 yaşları var. Anam yataq xəstəsi idi. Kimsəsiz və nəzarətsiz qalmayaq deyə, öz istəyimlə 2014-cü ildə “ANS” TV -də yayımlanan “Adam içində” verilişinə çıxıb hamımızı uşaqlar evinə yerləşdirmələri üçün kömək istədim, beləcə, bizi uşaq evinə yerləşdirdilər. Müdir sağ olsun, anamın müalicəsində də bizə dəstək oldu. Təəssüf ki,  anam 2016-cı ildə vəfat etdi”.

Ə.Hacıyev digər qardaşları haqda da danışıb:

“13 və 12 yaşı olan qardaşlarım övladlığa götürülüblər. Sonuncu dəfə 13 yaşlı qardaşımla bir il əvvəl əlaqə saxlaya bilmişdim, amma kiçiklə danışa bilməmişəm. Valideynləri istəmədikləri üçün narahat etmirəm. Amma maraqlanıram, məlumat alıram və normal yaşadıqlarından əminəm. Məhəmməd də övladlığa verilmişdi, lakin ailə rəsmi şəkildə imtina etdi”.

Əli Hacıyev videonu çəkən adamı tanımadığını deyib:

“Həmin şəxslə bağlı məlumatsızam. Bir onu deyə bilərəm ki, qida ilə bağlı heç bir şikayətim, narazılığım yoxdur. Müdir tək mənə yox, digər uşaqlara da çox kömək edib. Ev almasında, evin əşyasında, valideynin müalicəsində çox köməklik göstərib. Bu gün kiminsə haqqını tapdalayıb, pisləyə bilmərəm”.

Ə.Hacıyev qardaşının intihar etməsi xəbərinə də münasibət bildirib:

“Deyirlər guya qardaşımı döyüblər deyə intihar etmək istəyib. Təsəvvür edin ki, mənim Məhəmmədə fiziki olaraq gücüm çatmaz, onda qalsın ki, uşaq evindəki xanımların ona gücü çata. Məntiqlə fikirləşəndə bir xanım o boyda uşağa nə edə bilər?! O, mənim qardaşım, canım-qanımdır. Mən onu nə atmışam, nə tənqid edirəm, nə də qüruruna toxunuram. Məhəmməd hələ uşaqdır. Onun bir az problemi var. Problem tam aradan qalxdıqdan sonra himayəmə götürüb saxlayacağam”.

Ə.Hacıyev müalicənin ev şəraitində aparılmasının tərəfdarı olmadığını bildirib:

“Onu indi evə gətirə bilmərəm. Ona görə də, gözləyirəm ki, xəstəxanada rahat şəkildə müalicə ala bilsin. Müalicədən sonra davranışında problemin tam aradan qaldırılması üçün yenə də psixoloji dəstək üçün psixoloqa, mütəxəssislərə müraciət edəcəyəm. Məhəmməd 3-4 gündür ki, xəstəxanaya yerləşdirilib. İlk gün işimlə bağlı görə bilmədim, sonra ora-bura qaçmışam, hökumət və uşaq evinə getmişəm ki, məsələni aydınlaşdıra bilim. Dünən günorta saat 2-də işə gedib, bu gün səhər 10-da işdən çıxmışam. Düzü 30 saatdır artıq yuxusuzam. Mütləq qardaşımla görüşəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*