ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit son anda ləğv olunub.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, qərarın səbəbi Moskvanın Vaşinqtona göndərdiyi sərt şərtləri əks etdirən memorandum olub. Sənəddə Rusiyanın Ukraynadakı müharibəni dayandırmaq üçün irəli sürdüyü əsas tələblər — ərazi güzəştləri, Ukrayna ordusunun ixtisarı və Kiyevin heç vaxt NATO-ya qoşulmayacağına dair təminat — yer alıb.
Məlumata görə, bu sənəddən sonra Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında gərgin telefon danışığı baş tutub. Elə bu söhbətdən sonra sammitin keçirilməməsi qərara alınıb.
Mənbələr bildirir ki, Tramp Moskvanın mövqeyindən narazı qalıb və “Kreml yumşaq mövqe göstərmədiyi halda danışıqların mənası yoxdur” fikrini səsləndirib.
Budapeşt sammitinin ləğvi Vaşinqtonun siyasətində kəskin dönüş kimi qiymətləndirilir. ABŞ administrasiyası bundan dərhal sonra Rusiyaya qarşı ritorikanı sərtləşdirərək ölkənin ən böyük neft şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib.
Müşviq Tofiqoğlu
KONKRET.az

