Rusiya Ukraynada seçkilərin keçirilməsi məsələsində israr edir və bununla da hazırkı hakimiyyətin “qeyri-legitim” olması barədə iddiasını irəli sürməyə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri yazırlar.
Məlumata görə, Kremlin belə seçkilərdən gözləntisi yalnız bir nəticəyə, Kiyevdə Rusiyaya yaxın hökumətin formalaşmasına yönəlib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukrayna Prezidenti Volodimir Zelenskinin “qeyri-legitimliyi” ilə bağlı təkzib olunmuş iddiaları yenidən səsləndirib və Ukraynada BMT-nin nəzarəti altında xarici administrasiyanın yaradılmasının mümkünlüyünü bildirib.
ISW analitiklərinin fikrincə, Kremlin seçkilərə BMT nəzarəti təklifi əslində Rusiyaya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi istənilən qərara veto qoymaq imkanı qazandırmaq məqsədi daşıyır. Bu isə Moskvanın istədiyi nəticəyə, yəni Kiyevdə Kremlə yaxın siyasi quruluşun formalaşmasına gətirib çıxara bilər.
Analitiklər vurğulayırlar ki, Kreml Rusiyaya yaxın hökumət formalaşdırmayan istənilən seçki nəticəsini qəbul etməyəcəyinə dair siqnallar verməkdə davam edir.
Qaluzin həmçinin iddia edib ki, Ukrayna Rusiyada yaşayan “Ukrayna vətəndaşlarının” gələcək seçkilərdə səs verməsinə mane olmağa çalışacaq.
ISW qeyd edir ki, Rusiyanın işğal olunmuş ərazilərdə yaşayan ukraynalıları məcburi şəkildə Rusiya pasportu almağa təşviq etməsi fonunda, Kremlin kimləri “ukraynalı” kimi tanıyacağı aydın deyil.
Analitiklərin qənaətinə görə, yekun sülh razılaşması qüvvəyə minməzdən əvvəl Ukraynaya seçkilərin keçirilməsi ilə bağlı təzyiq göstərilməsi Kiyevin seçki prosesinə nəzarət imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər. Kreml isə Rusiyada səs verən “ukraynalılardan” seçki prosesinə kütləvi müdaxilə üçün istifadə etməyə çalışa bilər.
ISW bildirir ki, Rusiyanın Ukraynada seçkiləri mümkün sülh razılaşmasının legitimliyi ilə əlaqələndirməsi qeyri-səmimidir.
Analitiklərin fikrincə, Kreml tərkibi və siyasi kursu üzərində nəzarət imkanı əldə etmədiyi istənilən Ukrayna hökumətinin legitimliyini şübhə altına alacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
