Rusiya Prezidenti Vladimir Putin gecə saatlarında cəbhə xəttində xidmət edən iki bölmə komandiri ilə telefon əlaqəsi saxlayıb.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinin prezidentin mətbuat xidmətinə istinadən yaydığı məlumatda qeyd olunub.
Məlumata əsasən, dövlət başçısı qondarma Donetsk Xalq Respublikasının Seversk şəhərinin ələ keçirilməsi əməliyyatında iştirak edən 6-cı Əlahiddə Qvardiya Motoatıcı Briqadanın komandiri, polkovnik Yaramir Temirxanovla danışıb.
Telefon söhbəti briqadanın digər komandiri, polkovnik Denis Piroqovun iştirakı ilə həyata keçirilib. Putin həmçinin Xəzər flotiliyasının 177-ci alayının komandiri polkovnik Sergey Çerdantsevlə də əlaqə saxlayıb və ona xidmətinə görə təşəkkürünü bildirib.
Bundan bir neçə saat əvvəl Prezident bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin Severski ələ keçirməsi digər istiqamətlərdə yeni hücuma şərait yaradacaq. Onun sözlərinə görə, əməliyyatın tamamlanması Ukrayna qoşunlarının Rusiya ərazilərindən çıxmasına da imkan verəcək.
