Bu gün Rusiya prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər geniş müzakirə olunur. Ermənistan Baş nazirinin Qarabağ da daxil Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatına toxunan Putin Qarabağın statusundan danışmağın yersiz olduğunu deyib. Siyasi ekspertlər Rusiya prezidentinin çıxışını fərqli mövqedən şərh edirlər.
Politoloq Qabil Hüseynli KONKRET.az-a açıqlamasında bildirib ki, Putinin çıxışı Rusiyanın əvvəlcədən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımadığını göstərir.
“Belə çıxır ki, Rusiya rəsmilərinin Azərbaycanın ərazi bütövlüyü haqqında dönə-dönə dediyi sözlər boğazdan yuxarı deyilib. İndi isə Putin özünün və ölkəsinin mövqeyinə bəraət qazandırmaq üçün qeyd edir ki, biz nə edə bilərdik, Ermənistan siyasi rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdı?!
Ermənilər bizə deyirlər ki, nə isə etmək istəyirsinizsə, gəlin bir yerdə edək. Yenə xəyallarından hansısa məsələləri həll etmək keçir. Bunun üçün də Rusiyaya müraciət edirlər. Rusiya prezidenti isə deyir ki, bundan sonra edəcək bir şey yoxdur.
Praqada imzalanmış sənəd var. O sənədin imzalanmasında Ermənistan Baş naziri də iştirak edib. Bu nöqteyi-nəzərdən Ermənistanın edə biləcəyi heç bir şey yoxdur. Qarabağ Azərbaycanın tərkib hissəsidir və heç bir statusdan söhbət gedə bilməz. Üstəlik, bu məsələ ətrafında yeni bir iddia irəli sürmək, hansısa məsələləri başqa cür yozmaq artıq mümkün deyil. Çünki bu, həm də görüşlər zamanı əldə edilən sənədlərdə də öz əksini tapıb”.
Putinin məlum çıxışından sonra Ermənistanda bəzi siyasi qüvvələr Paşinyanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyini dəyişməyə çağırıb. Qabil Hüseynli bununla bağlı sərt danışdı. Bildirdi ki, belə olarsa, Azərbaycan Ermənistana ərazi iddiası irəli sürə bilər:
“Məsələ təkcə Paşinyanın nəyisə deyib təsdiq etməsilə bitmir. Əgər ermənilər bu məntiqlə hərəkət etməyə çalışsalar, onda biz bütün Ermənistan ərazisinə iddia irəli sürərik ki, bura Azərbaycan torpaqlarıdır. Bugünkü Ermənistanın tarixi ərazisi 1920-ci ildə cəmi 9 min kv.km olub. İndi isə Ermənistan ərazisi 29,8 min kv.km-dir. 20 min kv.km ərazi Azərbaycan torpaqları hesabına artırılıb. Təkcə 1923-cü ildə Zəngəzurun Ermənistana verilməsi Ermənistan torpaqlarını 10 min kv.km artırdı. Daha sonra Dərələyəz, 1936-cı ilə qədər Göyçə mahalının Ermənistana birləşdirilməsi birdən-birə ərazilərinin həcmini 29,8 min kv.km-ə çatdırdı. Bütün bunlar son 60-70 il ərzində verilib.
1918-1923-cü ilin xəritələri var. Həmin xəritələrdə Qarabağ heç vaxt Ermənistana aid olmayıb. Adları çəkilən həmin ərazilər isə həmişə Azərbaycan torpaqları olub. İnanmıram ki, elə bir cəsarətli erməni lideri tapıla ki, sərhədlərin yenidən təftişi barədə məsələ qaldıra. Paşinyan hər hansı fikir dəyişikliyi edərsə, hər hansı iddia irəli sürərsə, məsələnin mahiyyətini dəyişməyəcək. Əksinə, Azərbaycana Ermənistana qarşı torpaq iddiası irəli sürmək üçün ciddi əsaslar verəcək”.
Vəli Həsənov,
KONKRET.az