Qabil Hüseynli: “Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər uydurmadır”backend

Qabil Hüseynli: "Bu faciə kortəbii baş verməyib. Bütün deyilənlər uydurmadır"

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum baş verib. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

KONKRET.az qanlı terror hadisəsi ilə bağlı politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib

– Qabil müəllim, bu qanlı hadisə ilə bağlı nə deyə bilərsiniz?

– Terror hadisəsidir. Özü də müstəqil və suveren bir ölkənin suveren ərazisində. Çüni səfirlik beynəlxalq qanunlara görə, Azərbaycanın ərazisi sayılır. “Kalaşnikov” avtomatı ilə silahlanmış şəxs belə demək mümkünsə Azərbaycana hücuma keçib. Burada hücum zamanı həlak olan var, yaralananlar var. Bu, başdan ayağa terrorizmdir və terrordur.

Təbii ki, İranı terroru dəstəkləyən ölkələr siyahısına daxil etmələri doğru və düzgün addım olardı. SEPAH-ı terror cinayətlərində günahladıran Avropa Birliyinin qərar qəbul etməsi bu ölkəyə verilən qiymətdir. Baş verən hadisə dəhşət doğurur. Mən hesab etmirəm ki, bu hadisə kortəbii olub. Əllərində avtomat silahlı olan adamlar hücuma keçib. Yenə təkrar edirəm, ölən və xəsarət alanlar var. Onların səlahiyyət sahibləri də bizim səfirliyə hücumun olacağı ilə bağlı danışırdılar. O səbəbdən, bu faciə kortəbii baş verməyib, onların dediyi kimi, ailə-məişət zəminində baş verməsi kimi uydurmadır.

– İstənilan halda səfirlik qorunmalı idi.

– Bəli, səfirliyin qorunması ilə bağlı beynəlxalq konvensiya var. Səfirliklərin qorunması haqqında 1961-ci il Vyana Konvensiyası mövcuddur. Səfirliklərin təhlükəsizliyinin qorunması ilə bağlı İran tərəfi məsuliyyət daşıyır. İranın Azərbaycandaki səfirliyinə quş da səkə bilməz. Bütün bunlar deməyə əsas verir ki, İran terrorçu dövlətdir. Çox güman ki, səfirliyimizə qarşı törədilən bu terror hadisəsi bütün dünyada geniş əks-səda doğuracaq. Hesab edirəm ki, Azərbaycan tərəfi haqlı olaraq BMT Təhlükəsizlik Şurasına müraciət edəcək. Həmçinin bu cinayət hadisəsinin beynəlxalq tribunaya daşıyacaq. Bu, müstəqil bir ölkənin diplomatik missiyasına hücumdur və İran tərəfi buna cavab verməli olacaq.

– Qabil müəllim, daha hansı tədbirləri görə bilərik?

Məsələn, səfirimizi geri çağıra bilərik. Yalnız bir nəfəri müvəqqəti işlər vəkili səviyyəsində orada saxlaya bilərik. Ən azından təmsilçilik səviyyəsi aşağı salınmalıdır. Həm də beynəlxalq təşkilatlar, eləcə də Beynəlxalq Ədalət Məhkəməsi qarşısında və BMT-in Təhlükəsizlik Şurasında bu məsələnin müzakirəsinə nail olunmalıdır. Artıq qardaş Türkiyə hadisədən bir neçə dəqiqə sonra dərhal başsağlığı verdi və hadisələri pislədi. İran tərəfindən isə hələ də heç bir məlumat ala bilməmişik.

Şamil Şamilov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*