“Azərbaycanın mövcud pensiya sistemi zəif əsaslandırılmış modellərdən biri kimi xarakterizə olunur”.
Bu fikiri iqtisadçı Rəşad Həsənov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Hazırda sistemdə ciddi islahatlara ehtiyac var. Bu islahatların əsas istiqamətlərindən biri pensiya hüquqlarının təmin edilməsi ilə bağlı tətbiq olunan meyarların təkmilləşdirilməsidir. Bu kontekstdə pensiya kapitalının hesablanma metodologiyası xüsusi önəm daşıyır. Hal-hazırda pensiya kapitalı minimum pensiya məbləğinə bağlandığı üçün proqnozlaşdırma imkanları məhdudlaşır. Göstəricilərin tez-tez dəyişməsi vətəndaşların pensiyaya çıxmaq imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Əgər pensiyaların artırılması ilə bağlı qərar qəbul edilirsə, bu, eyni zamanda minimum pensiya kapitalının da dəyişməsi ilə nəticələnir. Bu isə bir çox hallarda vətəndaşların pensiya hüquqlarına ciddi təsir göstərir.
Pensiya yaşı ilə bağlı məsələ də ciddi suallar doğurur. Ümumiyyətlə, beynəlxalq təcrübədə pensiya yaşı orta ömür göstəriciləri ilə uzlaşdırılaraq müəyyən edilir. Azərbaycanda isə orta ömür və pensiya yaşı arasındakı fərq çox azdır. Bu səbəbdən pensiya yaşının optimallaşdırılmasına ehtiyac var. Azərbaycanın fiskal yükü və demoqrafik göstəriciləri nəzərə alındıqda, qadınlar üçün optimal pensiya yaşı 60, kişilər üçün isə 61 müəyyən edilə bilər”.
İqtisadçının sözlərinə görə, digər bir problem varislik hüququnun məhdud olmasıdır. İnsanlar 30-40 il ərzində pensiya fonduna ödənişlər etsələr də, pensiya yaşına çatmadan vəfat etdikdə, ailə üzvləri bu kapitaldan yararlana bilmir. Bu da cəmiyyətdə narazılıq yaradan əsas məsələlərdəndir.
“Mövcud pensiya sistemi eyni zamanda pensiya məbləğlərində disbalans yaradır. Məsələn, bəzi sahələrdə çalışan şəxslərin pensiyaları, xüsusilə Əmək Məcəlləsinin 20-ci maddəsinin tələbləri çərçivəsində daha yüksək əmək haqqı əsasında formalaşır. Amma ölkənin insan kapitalının formalaşmasında mühüm rol oynayan, xüsusilə təhsil sektorunda uzun illər çalışan şəxslər üçün bu yanaşma tətbiq olunmur. Bu səbəbdən, 10 il yüksək maaşla işləyən bir şəxslə 50 il müəllim işləyən şəxsin pensiyasını müqayisə etdikdə, müəllimin daha az təqaüd aldığı görünür. Bu cür məsələlər mövcud pensiya sisteminin əsas nöqsanları sayılır və onların aradan qaldırılması üçün dərin institusional islahatlara ehtiyac duyulur”.
Aynurə İsmayıl
KONKRET.az