Qadınlar Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsinə çevrilib – TƏHLİLbackend

Qadınlar Azərbaycan cəmiyyətinin aparıcı qüvvəsinə çevrilib - TƏHLİL

Qadın islam və türk dünyasıında hər zaman hörmətə və ehtirama layiq yerdə dayanıb. Çünki qadın həm ailənin, həm də toplumun aparıcı qüvvəsi olub. Bu tarixən belə olub, bu gün də belədir.

Tomrisdən, Nüşabədən başlayan yol Məshətilərin, Natavanların çiyinləri üzərində XX əsrədək yol gəlib. XX əsrdən başlayaraq Azərbaycan qadını cəmiyyətdə yeni məzmun kəsb etməyə başladı. Azərbaycanda yeni maarifçi və ictimai qüvvə olan qadınlar meydana gəldi. Məsələn, 1908-ci ildə Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə Məlikova olub. Həmidə Məmədquluzadə beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadını idi, o, oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoyub.

Xatırladaq ki, dünyda qadınlara seçmək və seçilmək hüququ verən üçüncü ölkə məhz Azərbaycan olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit edib. Bununla da Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə kimi tarixə düşüb. Nəzərə alsaq ki, ABŞ kimi demokratik dövlətdə qadınlara səsvermə hüququ 1920-ci ildə, Fransada isə 1944-cü ildə verilib, hələ təzə-təzə demokratik ölkə kimi status qazanan Azərbaycan üçün təkcə Şərqdə deyil, həmçinin dünyada bu, əsl inqilab demək idi.

 

Sonrakı illərdə ölkəmizdə baş verən mürəkkəb siyasi hadisələrdə qadınlar kişilərlə bərabər öz fəallığını nümayiş etdirib. İkinci dəfə müstəqilliyimizi qazanmaq yolunda mücadilədə də qadınlar xüsusi pay sahibi olub. Hətta Qarabağda gedən qızğın döyüşlərdə ön cəbhədə kişilərlə bərabər qadınlarımız da düşmənə qarşı savaş aparıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra digər sahələrlə yanaşı, gender, ailə və demoqrafik məsələlərin həll edilməsinə də daim diqqət yetirib. Çünki ölkəmiz demokratik inkişaf yolu seçdiyinə görə cəmiyyətdə qadınların rolunun daha da yüksəldilməsinin vacibliyini önə çəkib, onların dövlətin idarə edilməsinə cəlb olunmasına xüsusi qayğı göstərib. Belə ki, qadınların sosial və siyasi həyata inteqrasiya etməsi demokratikləşmə prosesinin əsas elementlərindən biridir.

Qadınların ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəlikləri daha geniş miqyasda həyata keçirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti Ümummilli lider Heydər Əliyev 14 yanvar 1998-ci il tarixdə “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.

Azərbaycanda qadın hüquqları və gender bərabərliyi

Gender siyasətinin ölkədə uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Komitənin yaradılmasının əsas məqsədi qadınların hüquqlarının qorunması, ölkəmizin sosial və siyasi həyatında onların iştirakının təmin edilməsindən ibarətdir. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edib. Bu proqram milli prioritetləri nəzərə almaqla, 1995-ci ildə Pekində keçirilən BMT-nin Qadınların IV Ümumdünya Konfransının qəbul etdiyi Pekin Fəaliyyət Platforması (PFP) əsasında hazırlanıb. PFP tərəfindən aşağıdakı 12 ən vacib problem sahəsi müəyyən edilib.

Proqramın icrası məqsədi ilə rayon icra hakimiyyəti orqanlarının tərkibində gender problemləri üzrə şöbələr yaradıldı. 2006-cı ildə isə ölkədə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul edildi.

Bu gün həyatımızın müxtəlif sahələrində qadınlar böyük gücə sahibdir. İcra, qanunverici və məhkəmə sistemində bu gün qadınlar yüksək mənsəbə sahibdirlər. Ölkənin birinci vitse-prezidenti, spiker, çox sayda hakimlər məhz qadınlardır. Səhiyyə, təhsil sistemində çalışanların yarıdan çoxu qadınlardır. Son parlament seçkilərində 30-dan artıq qadın qalib olub. Bu cəmiyyətimizdə qadınlara verilən böyük önəmin əyani göstəricisidir.

Natiq Səlim,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*