Torpağın rəngindən asılı olmayaraq çox vaxt ona qara deyirik. Bu qara torpağın üstünü əkir, becərir, üzərində min cür tikililər ucaldır, qurur, yaradır, bir sözlə, yaşayırıq. Zaman keçir, aylar illəri, illər qərinələri, əsrləri, nəsillər nəsilləri əvəz edir; zaman dəyişir, torpaq yavaş-yavaş, gözümüzə görünmədən keçmişi qat-qat udur, bizdən uzaqlaşdırır, qara ənginliklərə qərq edir, unutdurur. Yalnız ulularımızın qələmə alıb yazdıqları bizi onların günü-güzəranı, maddi və mənəvi dünyası, dostu-düşməni ilə tanış edir. Yazı bilməyən dünya bizə qaranlıq qalır. Torpağın təki onu gizlədir. Və bu zaman çox maraqlı və hədsiz əhəmiyyətli sənət sahibləri – arxeoloqlar gərgin zəhmətlərilə üzə çıxardıqları tarixi keçmişimizi bizə qaytarır, xələfləri sələflərin həyatı, məişəti və bütövlükdə ömrü ilə tanış edirlər. Torpağın təkində gizlənmiş tarixi keçmişimizdən xəbər verən, onu özümüzküləşdirən arxeoloqlardan biri də ömrünü bu xeyirxah işə sərf edən tarix elmləri doktoru, professor Qafar Cəfər oğlu Cəbiyevdir.
Qafar Cəbiyev 1950-ci il avqustun 17-də Azərbaycanın çoxsaylı tarixi abidələri ilə zəngin İsmayıllı rayonunun ən köhnə kəndlərindən birində – məşhur Talıstan kəndində doğulmuşdur. Kənddən bir qədər şimala tərəf, bu günə qədər çox sirləri hələ gizli qalan Cavanşir qalası ucalır. Həmin yerlərin hər qarışına bələd olan Qafar müəllimin həyat yolu haqqında yazmaq istərkən, istər-istəməz, böyük şairimiz Səməd Vurğunun bu gözəllikləri vəsf edən məşhur poemasından aşağıdakı misralar yada düşür:
Ormanlar içində durur Talıstan,
Ona bir baxışda vurulur insan,
Günəş bu yerlərdə qalxır atına,
Yüksəlir göylərin yeddi qatına…
Burda əsrlərdən yadigar qalan,
Üstünü çiskinlər, dumanlar alan,
Böyük bir qala var, dörd yanı hasar.
Daşında paslanmış əski yazılar…
Bəli, belə bir yerdə doğulan insanın Gəncə Pedaqoji Universitetinin məhz tarix fakultəsinə daxil olması, 1973-cü ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra yenə doğma kəndə qayıtması və kənd məktəbində uşaqlara tarixdən dərs deməsi, heç də təəccüblü deyil. Tarixi biliklərini daha da dərinləşdirmək, torpağın təkindəki sirləri üzə çıxarmaq, zəngin tarixi keçmişimizi öyrənmək həvəsi Qafar Cəbiyevi artıq 1975-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasına (qiyabi) gətirib çıxartdı. Lakin doğma yurda bağlılıq Qafar Cəbiyevin hələ bir müddət – 1981-ci ilədək, əvvəl rayon qəzetində, sonra isə “Bilik” Cəmiyyətinin İsmayıllı rayon təşkilatında, rayon partiya komitəsində, yenə rayon qəzetində işləməsinə səbəb oldu. Bununla belə elmi fəaliyyətini davam etdirmək və daha da intensivləşdirmək əzmi onu Bakıya qaytardı. 1985-ci ildə o, Ukraynada Arxeologiya İnstitutunda “Azərbaycanın son orta əsrlər keramikası” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. O vaxtlar, hətta bütövlükdə əski Sovetlər Birliyi miqyasında, son orta əsrlər problemi ilə məşğul olan arxeoloqları barmaqla saymaq olardı. Dissertasiyanın yüksək səviyyəsini xüsusi qeyd edən Moskva Dövlət Universitetindən dəvət olunmuş rəsmi opponent, professor Q.A.Fyodorov-Davudov müdafiəyə namizədlik dissertasiyası kimi təqdim olunmuş elmi işə görə Qafar Cəbiyevə birbaşa tarix elmləri doktoru elmi dərəcəsinin verilməsini təklif etdi.
Bu, Qafar Cəbiyevin uğurlarının başlanğıcı idi. Lakin maraqlıdır ki, Qafar müəllim 1985-ci ildən başlayaraq Qəbələ, Kürdəmir, Ağsu, İsmayıllı və Şamaxı rayonları ərazisindəki antik və orta əsr abidələrinin tarixi ilə məşğul olan ekspedisiyalara rəhbərlik etməklə yanaşı həm jurnalistlik, həm də müəllimlik fəaliyyətini davam etdirmiş, ən maraqlısı və əhəmiyyətlisi də odur ki, bütün fəaliyyət sahələrində böyük uğurlar əldə edə bilmişdir. Belə ki, 1990-2003-cü illərdə Qafar Cəbiyev “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgələri üzrə müxbiri olmuş, eyni zamanda Bakı Dövlət Universitetinin Şəki filialının dosenti kimi pedaqoji fəaliyyətini yenə də davam etdirmişdir.
2008-ci ildə Qafar Cəbiyevin elmi həyatında çox mühüm hadisə baş verdi. Hələ 80-ci illərin əvvəllərindən iştirak etdiyi Ağsu-İsmayıllı ekspedisiyaları zamanı Uzunboylar və Qırlartəpə abidələrinin, Cavanşir qalası, Qız qalası, Niyal və Fit qalalarının əsaslı tədqiqi, eləcə də Xirəki, Kəndyeri, Qızıllar, Talıstan, Xənəyə, Basqal, Mücü, Xankəndi, Quşencə, Buynuz, Sulut və Kalva ətrafı ərazilərdəki abidələrin öyrənilməsi nəticəsində əldə olunan qiymətli material onun elmi tədqiqat mövzusunun yönünü dəyişdirdi. 2003-cü ildən rəhbərlik etdiyi Ağsu-İsmayıllı ekpedisiyası tərəfindən Ağsu rayonunun Bəyimli kəndi ərazisindəki Torpaqqalada aparılan ilkin kəşfiyyat işləri zamanı orada VI-VIII əsrlərə aid möhtəşəm şəhər yerinin tapılması isə Qafar Cəbiyevi Qafqaz Albaniyasının əsas vilayətlərindən olan Girdimanın bu vaxtadək əsasən yalnız yazılı mənbələr vasitəsilə öyrənilən tarixini arxeoloji qazıntıların nəticələri ilə dəqiqləşdirməyə, bu vilayətin tarixinə və tarixi coğrafiyasına yeni gözlə baxmağa sövq etdi.
Beləliklə, “Girdiman tarixi (IV-IX əsrlər)” mövzusunda doktorluq dissertasiyası yazıldı və 2008-ci ildə uğurla müdafiə edildi. Müəllif Azərbaycan tarixşünaslığına yazılı və xüsusilə arxeoloji materialla əsaslandırmağa çalışdığı yeni bir fikri – Girdiman vilayətinin indiyədək elmi ədəbiyyatda qəbul edildiyi kimi Albaniyanın qərbində və ya şimal-qərbində deyil, Şirvan ərazisində olduğu fikrini gətirdi. Qafar Cəbiyevin müdafiədən sonrakı tədqiqatları da bu fikri möhkəmləndirməyə yönəldi.
Onun Vətənimizin Albaniya dövrü tarixinə və ümumilikdə tarix elminə gətirdiyi yeniliklərdən biri də tarixi mənbələrdə adı çəkilsə də, yeri elm aləminə bəlli olmayan Mehrəvan şəhərinin lokalizəsi oldu. Beləliklə, 2004-2015-ci illərdə Qafar Cəbiyevin başçılığı ilə Ağsu rayonunun Bəyimli kəndi yaxınlığında, Girdimançayın sol sahilində aşkar edilən və xalq arasında Torpaqqala adı ilə məlum olan, ətrafı saman qatışıqlı çiy kərpiclə hörülən və əzəmətli qala divarları ilə əhatələnən, lakin VIII əsrdən bəri tarix səhnəsindən çıxan bu naməlum şəhərgah, nəhayət ki, öz həqiqi adını özünə qaytardı. Bu isə, doğrudan da, istedadlı tədqiqatçının tarix elmimizə gətirdiyi böyük uğur idi.
Lakin Qafar Cəbiyevin elmi həyatında əldə etdiyi uğurlar bununla bitmir. Maraqlıdır ki, onun, demək olar, hər bir elmi axtarışı Vətən tarixini yeni, bu vaxtadək naməlum olan səhifələrlə zənginləşdirir. Qafar Cəbiyevin rəhbəri olduğu Ağsu arxeoloji ekspedisiyası tərəfindən 2010-2014-cü illərdə Orta əsr Ağsu şəhərgahında 1,5 hektar ərazi tədqiq olunmuş, sonuncu Şamaxı xanı Mustafa xanın hakimiyyəti dövründə Şirvanın paytaxt şəhərinə çevrilən, aramsız düşmən hücumlarına mərdliklə sinə gərən bu Azərbaycan şəhəri tarixi-arxeoloji baxımdan öyrənilmiş, konservasiya olunmuş, burada Azərbaycanda analoqu olmayan, müasir dünya standartları səviyyəsində arxeoloji turizm kompleksi yaradılmışdır. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Orta əsr Ağsu şəhər Dövlət Tarix-Mədəniyyət qoruğunun yaradılması” isə yalnız yurddaşlarımıza deyil, Ağsu arxeoloji ekspedisiyasının rəhbəri kimi professor Qafar Cəbiyevə də zəhməti müqabilində verilən böyük hədiyyə olmuşdur.
Onu da qeyd etməyi lazım bilirəm ki, son 100 ildə Azərbaycan arxeoloqları arasında ilk dəfə olaraq 44 ədəd qızıl puldan ibarət dəfinəni məhz Qafar Cəbiyev və məhz Ağsu şəhər yerindən aşkarlamış, onları tədqiq etmiş, qorunmaq və nümayiş olunmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna təqdim etmişdir.
2017-ci ildə Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığında Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı eramızın III əsrinə–alban dövrünə aid əldə olunan tapıntılara görə ən azı sərkərdə və ya xüsusi nüfuz sahibi olan hərbiçilərə məxsus daşqutu qəbirlərin içərisində Roma və Parfiya pulları, silahlar, küllü miqdarda, əsasən yerli istehsal məhsulu olan bəzək əşyaları, o cümlədən ləl-cəvahiratla bəzənmiş iki ədəd qızıl sırğa, insan təsvirli gümüş fibula, gümüş və tunc asmalar, sancaqlar, bilərziklər, üzüklər, eləcə də gümüş nimçələr və yun parça qalıqları aşkar olunmuşdur. Böyük bir hissəsi Milli Azərbaycan Tarixi Muzeyinə verilən bu rəngarəng çeşidli nadir maddi-mədəniyyət nümunələri qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının tarixini, xüsusilə də onun antik dünya ilə ticarət və mədəni əlaqələrini, alban ordusunun silah-sursatla təchizat səviyyəsini, dəfn adətlərini, ənənəvi məişət və mədəniyyətinin ayrı-ayrı aspektlərini daha dərindən öyrənmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.
Professor Qafar Cəbiyev artıq 40 ildir ki, Albaniya dövlətinin ilk paytaxtı Qəbələni öyrənir. 2008-2010-cu illərin tədqiqatları zamanı o, bu şəhərin Qala adlanan hissəsində ilk dəfə olaraq e.ə. I – b.e. I əsrinə aid qala divarının qalıqlarını və Qəbələnin baş su xəttini aşkara çıxararaq tədqiq etmişdir. 2019-cu ildən Qafar Cəbiyev Qəbələ beynəlxalq ekspedisiyasına rəhbərlik etməklə uzun illərdən bəri apardığı axtarışları bu gün də davam etdirir.
Artıq qeyd etdiyim kimi, Qafar müəllimin, demək olar ki, hər bir işinin nəticəsi yeniliklə tamamlanır. Bu baxımdan onu şanslı arxeoloq hesab etmək olar. Lakin bu şans, sözsüz ki, böyük və gərgin zəhmətin, xüsusilə hər bir arxeoloq üçün vacib olan intuitiv arxeoloji duyumun olmasının nəticəsidir. Bu baxımdan Qafar Cəbiyevin rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın Şamaxı rayonu Avaxil kəndi ərazisində Ömər Sultan ziyarətgahında apardığı tədqiqat işlərinin nəticəsi də çox maraqlıdır. Heydər Əliyev Fondunun dəstəyi və xüsusi layihəsi əsasında aparılan bu tədqiqatlar nəticəsində bütün İslam ölkələrində, o cümlədən Azərbaycanda ən geniş yayılmış sufi təriqətlərindən olan Xəlvətilik sufi məktəbinin ölkəmizdə əsasını qoyan Pir Ömər Şirvaninin türbəsi aşkar edilərək öyrənilib. Tədqiqat işləri zamanı Pir Ömər ziyəratgahında olmuş Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığı ilə abidənin öyrənilməsi davam etdirilməli, abidə konservasiya olunmalı, mövcud arxeoloji qalıqlar üzərində xatirə abidəsi ucaldılmalı, ərazi abadlaşdırılmalı və arxeoparka çevrilməlidir.
Müasir elmin tələblərini yaxşı dərk edən, bununla yanaşı zamanla ayaqlaşmağı bacaran, geniş dünyagörüşünə malik olan Qafar Cəbiyevin zahirən müxtəlif istiqamətli görünən fəaliyyəti, əslində, bir kökdən–Vətən, yurd sevgisindən qidalanaraq ilhamlanır. O, nədən yazırsa-yazsın, əsas məqsədi özü demişkən, “havası ilə, suyu ilə, torpağı ilə, bitki və heyvanat aləmi ilə, yeraltı və yerüstü sərvətləri ilə, başlıcası, kökü ulu keçmişə gedib çıxan bir mədəniyyətin daşıyıcısı olan insanları ilə dünyanın ən baş möcüzəsi olan bu Vətəni yalnız özgələrə deyil, həmçinin özümüzkülərə də daha yaxşı tanıtdırmaqdır; “çoxlarının həsəd apardığı, əsrlər boyu can atdığı, sərvətlərinə göz dikdiyi bu doğma diyarın əsl qiymətini, dəyərini bilməyənlərə çatdırmaqdır. Elə buna görə də Qafar Cəbiyevin istər sırf elmi, istərsə də elmi-publisistik əsərlərində arxeoloji tədqiqatların nəticələrindən irəli gələn fikir və mülahizələr daha qabarıq göstərilmiş, xüsusilə, qədim abidələrimizin təqdimi və təhlilinə, onların Vətən tarixinin öyrənilməsində xüsusi yerinə böyük diqqət yetirilmişdir. Bu əsərlərin sayı isə çoxdur. Qafar müəllimin qələmindən 100-dən çox elmi, 300- dən çox elmi-publisistik məqalə çıxıb. O, 16 monoqrafiyanın, o cümlədən “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman: tarixi və tarixi coğrafiyası”, “Yazılan qalacaq” kitablarının, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” dərsliklərinin, Azərbaycan tarixinə və arxeologiyasına dair tədris proqramlarının müəllifidir. Qafar Cəbiyev, həmçinin ümummilli lider Heydər Əliyevin həyatı, əməli fəaliyyəti və elmi nəzəri irsinin öyrənilməsi və təbliğinə dair silsilə məqalələrin və Heydər Əliyev irsinin ali məktəblərdə tədrisinə dair proqramın müəllifidir.
Bütün həyatı boyu gənc nəslin maarifləndirilməsini əsas və çox vacib işlərdən biri kimi qiymətləndirən Qafar müəllim həm pedaqoji, həm də jurnalistlik fəaliyyətini peşəkar səviyyədə davam etdirir. O, 2008-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda ictimai əsaslarla İctimai fənlər kafedrasının müdiri vəzifəsini icra etmiş, bir jurnalist kimi Azərbaycan arxeoloji abidələrinin tədqiqinə həsr olunmuş qəzet və jurnal məqalələrinin, televiziya və radio verilişlərinin müəllifi olmuşdur.
Qafar Cəbiyev ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2003- 2018-ci illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013-cü ildən həmin şuranın sədr müavini olmuşdur. Əmək fəaliyyətinin ilk illərindən əsas peşəsi ilə yanaşı jurnalist qələmini əlindən yerə qoymayan Qafar müəllim kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür.
Bütün bu uğurlarına baxmayaraq Qafar müəllim əsl arxeoloqdur. Özü də “təkrar ixtisas seçəsi olsaydım, yenə də arxeoloq olardım” deyir. Arxeologiyadan, arxeoloji abidələrdən, onların hər ikisinin romantikasından danışmağı sevir. Və bunu da rəhbərlik etdiyi tələbələrinə öyrədir. Bu gün onlardan artıq bir neçəsi müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.
Qafar Cəbiyev yalnız Azərbaycanın deyil, beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan tarixinin müxtəlif bölmələrinə həsr olunmuş çıxışları ilə Misir, Türkiyə, İtaliya, Monqolustan, Şotlandiya, Makedoniya və digər ölkələrin alimlərinin də hörmətini qazanmışdır. 2012-ci ildə o, Türkiyənin Səlcuq Universitetinin Elmi Şurasının qərarı ilə “Türk dünyasının elm adamı” adına layiq görülmüş, bundan əlavə “Girdiman tarixi” əsərinə görə “Humay” mükafatını almışdır.
Bu günlərdə tarix elmləri doktoru professor Qafar Cəfər oğlu Cəbiyevin 70 yaşı tamam olur. Gəlin, Ulu Tanrıdan “Vətəni daha da abad etmək, onun tarixini daha yaxşı öyrənmək və gələcək nəsillərə sevdirmək üçün” əlindən gələni əsirgəməyən, əcdadlarımızın qəhrəmanlıq tarixini öz əsərləri ilə yaşadan görkəmli arxeoloqumuza can sağlığı və yeni uğurlar arzulayaq.
Nailə VƏLİXANLI, akademik
“Xalq” qəzeti, 12 avqust, 2020