Qafqazda yeni reallıqlar, yeni şərtlər – Prezidentin HƏDƏFLƏRİbackend

Qafqazda yeni reallıqlar, yeni şərtlər – Prezidentin HƏDƏFLƏRİ

Prezident İlham Əliyevin regional əməkdaşlıqla bağlı mühüm çağırışları hədəfinə çatacaq.

Ötən həftə Azərbaycan Prezidentinin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən onlayn formatda keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı konfrans regionda baş verən siyasi-iqtisadi prosesləri dəyərləndirmək baxımından geniş fürsətlər yaratdı. Xüsusilə Prezident İlham Əliyevin konfransdakı çıxışı Cənubi Qafqazın beynəlxalq arenada yeri, bu yerin müəyyənləşməsində Azərbaycanın rolu, regional və beynəlxalq layihələrin icrasında bölgə ölkələrinin iştirak imkan və fəaliyyətləri, bu istiqamətdə regionda yaranmış yeni situasiyanın verdiyi üstünlüklərin dəyərləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Aydın məsələdir ki, Azərbaycanın torpaqlarının azad olunması məqsədilə aparılan 44 günlük Vətən Müharibəsi Cənubi Qafqazda tamamilə yeni situasiya, yeni şərtlər, yeni əməkdaşlıq imkanları yaradıb. Bu situasiya Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivlərini qlobal gündəlikdə duran mühüm məsələlər sırasına çıxarıb. Regional yeni yanaşmaların formalaşdırılması zərurəti qlobal səviyyədə qəbul olunması, beynəlxalq güclərin bu prosesdə rolunun müəyyənləşməsi prosesini diqqət mərkəzinə gətirir.

Vətən Müharibəsində qalib gələn Azərbaycan 30 ilədək işğal altında qalmış ərazilərindəki görünməmiş dağıntılara baxmayaraq, regionun gələcəyini vahid və inteqrasiya olunmuş halda görür və bu görüşlərinə uyğun olaraq fəaliyyətləri dəstəkləyir. İnteqrə olunmuş Cənubi Qafqaz modelinin formalaşmasına Azərbaycan öz töhfəsini verməyə hazırdır. Bunun üçün ilk növbədə regionda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmalıdır.
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. 20 ilə yaxın dövrdə Azərbaycan nefti Avropaya çatdırılır. Ötən ilin dekabrında Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi tamamlanaraq onun son komponenti olan TAP kəməri istismara verilib. Beləliklə, Avropanın qaz təchizatının diversifikasiya olunmasına da ölkəmiz töhfə verməyə başlayıb.
Azərbaycan həmçinin regional tranzit qovşağına çevrilmək üçün ciddi fəaliyyətlər həyata keçirir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar yaradıb. Layihə çərçivəsində yükdaşımaların Azərbaycan ərazisindən keçməsini yalnız vaxt baxımından deyil, maliyyə baxımından da ən əlverişli hala gətirmək üçün ciddi addımlar atılıb.

Azərbaycan beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlıq edir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı kimi aparıcı maliyyə qurumları ilə çoxsahəli əməkdaşlıq əlaqələri var. Təsadüfi deyil ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin reallaşması üçün zəruri olan maliyyəni tapmaqda çətinlik çəkmədi, bütün aparıcı beynəlxalq maliyyə institutları layihədə iştirak edirdi.

Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazı transformasiyaya uğradıb, regionun iki ölkəsinə – Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa imkan yaradıb. Bu imkanlar sonradan bizə nəqliyyat layihələrinə, elektrik enerjisi istehsalı sistemlərinin birləşdirilməsi kimi sahələrə investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmaq fürsəti verib. Azərbaycan Prezidentinin də vurğuladığı kimi, bu gün Cənubi Qafqazda əlimizdə olanların təməli bizim birgə səylərimiz sayəsində qoyulub. Azərbaycan toqquşma məkanı deyil, əməkdaşlıq yeri olmalıdır.

Rusiya və ABŞ Minsk qrupunun həmsədrləri kimi demək olar ki, 30 il ərzində Azərbaycanla Ermənistan arasında fəal danışıqlar prosesinin bir hissəsi olublar. ABŞ-la Rusiya arasında əlaqələrin çox aşağı səviyyədə olduğu bir vaxtda belə münaqişənin həlli məsələsi Rusiya və ABŞ-ın çox fəal və çox açıq şəkildə əməkdaşlıq etdiyi yeganə məsələ idi. Müəyyən mənada Azərbaycan öz münaqişəsi ilə ən azı bu iki supergücün səmimi şəkildə əməkdaşlıq edə biləcəyi bir sahəyə malik olmaqla mühüm rol oynayır. Rusiya və ABŞ-ın ən yüksək rütbəli hərbi rəsmiləri, hər iki ölkənin ordularının baş qərargah rəisləri Bakıda mütəmadi görüşlər keçirirdilər. Rusiya ordusunun baş qərargah rəisi və NATO-nun hərbi komandiri də bir neçə dəfə Bakıda silsilə danışıqlar aparıblar. Onlar hər hansı başqa bir məkan seçə bilərdilər. Lakin Bakının seçilməsi, ilk növbədə, Azərbaycanın müstəqil xarici siyasətinin həqiqətən də yaxşı göstəricisi, həmçinin ölkəmizə yüksək səviyyəli hörmətin və etimadın təzahürüdür.

Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Ölkələr fəal ticarət tərəfdaşlarıdır, ticarətin həcmi ildən-ilə artmaqdadır. Əməkdaşlığın vacib sahələrindən biri turizmdir. Pandemiyadan əvvəl Azərbaycanla İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Bu gün İsraildə böyük yəhudi-azərbaycanlı icması var, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.

Azərbaycan-ABŞ münasibətlərinin böyük potensialı və perspektivi var. Əməkdaşlığın vacib sahəsi enerji təhlükəsizliyidir. ABŞ hər zaman Azərbaycanın enerji layihələrinin icrasında yardımçı olub, neft-qaz kəmərləri və ya Amerika şirkətlərinin sərmayə qoyuluşu məsələlərində birmənalı şəkildə Azərbaycanı dəstəkləyib. Əməkdaşlıq sahələrimizə müasir texnologiyalar və ticarət daxildir. Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın ABŞ hərbi texnologiyasının nailiyyətlərindən bəhrələnmək istədiyini bildirib: “Biz, eyni zamanda, ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik…

Azərbaycan ilə ABŞ arasındakı əlaqələrdə aparıcı rol ABŞ-a məxsusdur və hər şey qarşı tərəfin gündəliyindən asılı olacaq.

Azərbaycan dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinlə münasibətləri konstruktiv şəkildə inkişaf etdirir. Ölkələr arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. Azərbaycan Türkiyə və Gürcüstandakı tərəfdaşları ilə birlikdə dəmir yolu şəbəkələrini birləşdirib, əlaqələrimi gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa edib. Yükaşırma qabiliyyəti artırıldıqda bu liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” şirkətinə sərmayə yatırıb və bu gün Xəzər dənizində ən böyük donanmaya malikdir. Azad olunan ərazilərdə yenidənqurma işlərinə cəlb edilən beş ölkənin şirkətləri sırasında Çin şirkəti də var. Çin şirkətləri Azərbaycanın enerji sektoruna sərmayə yatırıblar: “Hesab edirik ki, enerji sektorumuzda Çin şirkətləri daha da geniş təmsil oluna bilər. Azad edilmiş ərazilərdə infrastruktur layihələri bir nömrəli prioritetdir və ümid edilir ki, bir çox Çin şirkəti bizimlə çalışmaq arzusunda olacaq”.

Prezident vurğulayıb ki, Avropa İttifaqının regionda dinc inkişafa verəcəyi dəstək çox vacibdir: “Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı olub. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Əsas ixracımız Avropa İttifaqının üzv ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalamışdır və ya qəbul etmişdir. Avropa İttifaqının 9 üzv ölkəsi ilə Strateji Tərəfdaşlıq sənədlərinin imzalanması göstərir ki, biz həqiqətən yaxşı və strateji tərəfdaşıq. Bir neçə il əvvəl biz Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında razılaşmanı parafladıq. Bu isə mühüm mərhələdir. Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzərində işlər aparılır. Avropa İttifaqı və Azərbaycan enerji təhlükəsizliyi məsələlərində çox yaxın tərəfdaşlardır. Avropa İttifaqı regionda münaqişədən sonrakı inkişafda çox mühüm rol oynaya bilər, çünki Cənubi Qafqazın üç ölkəsi ilə Avropa İttifaqının çox geniş əməkdaşlıq gündəliyi var”.
Ölkə Prezidenti azad olunmuş ərazilərdə infrastruktur layihələrinin sürətlə reallaşmasına diqqət çəkib. Onun sözlərinə görə, bu ilin sonunadək azad olunmuş ərazilər 100 faiz elektrik enerjisi ilə təmin ediləcək: “Magistral yolların inşası prosesi başlanıb. Azad olunmuş ərazilər “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək. Bir milyondan çox insan üçün yaşayış evləri tikilməli və infrastruktur yaradılmalıdır. Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi də dağlıq ərazilərdir ki, bu da işləri bir qədər çətinləşdirir”.

Qarabağda 30 ilə yaxın davam edən münaqişənin yekununda işğalçı Ermənistan ən böyük zərərlə çıxan tərəf oldu. Azərbaycan bu müddət ərzində öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcəyini beynəlxalq səviyyədə bəyan etdi. Bildirdi ki, ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcək: “Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistanın müstəqilliyi qazandığı zaman ilə müqayisədə vəziyyəti daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb. Ermənistan siyasi cəhətdən, iqtisadi cəhətdən, hərbi cəhətdən tamamilə asılı ölkədir və səbəb işğaldır. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri və daha çox imkanları olardı”.

KONKRET.az xəbər verir ki, Azərbaycan Prezidenti bir daha “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin aktuallığını itirdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub: “Azərbaycan çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb”.

İşğaldan azad olunmuş ərazilərin partlamamış silah-sursatla dolu olması iqtisadi layihələrin sürətlə reallaşdırılmasında əlavə çətinlik yaradır. Müharibə dayanandan sonra 100-dən çox adam minaya düşərək həlak olub və ya ağır yaralanıb: “Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil. İşğaldan azad olunmuş ərazilər tamamilə dağılmış vəziyyətdədir. Şəhər və kəndlərin 90 faizi tamamilə dağıdılmış vəziyyətdədir. Həmin dağıntılar Birinci Qarabağ müharibəsi zamanı baş verməyib. Bu şəhərləri bombardman etməklə bu hala salmaq mümkün olmazdı. Bunlar sonrakı dönəmdə baş verib. Əvvəlcə, onlar bizim inşa etdiyimiz evlərin və məktəblərin tikinti materiallarını, dam örtüklərini və pəncərələrini oğurlayıblar. Daha sonra isə onlar işğal olunmuş torpaqlarda Azərbaycanın mədəni irsini silməyə çalışıblar – işğal altındakı torpaqlarda 60-dan çox məscid dağıdılıb”.

Dövlət başçısı bəyan edib ki, bütün baş verənlərə baxmayaraq, regionda yeni əməkdaşlıq formatı, yeni birgə yaşayış şərtləri formalaşmaqdadır. Bu format, şərtlər region xalqlarının birgə yaşamağı öyrənmələrini tələb edir: “Biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə ağır hisslər yaşayır. Lakin Azərbaycan əməkdaşlığa hazırdır. Otuz il ərzində əziyyət çəkmiş tərəf olmağımıza baxmayaraq, biz hazırıq və bunu dəfələrlə bəyan etmişik ki, səhifə çevrilsin və yeni fəsil başlasın, gələcək haqqında danışılsın, keçmiş haqqında danışılmasın. Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük”.

Prezident qeyd edib  ki, Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasında ABŞ böyük rol oynaya bilər: “ABŞ ilk növbədə, dünyada aparıcı ölkədir, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Onun dəstəyi və ədalətli mövqeyi regionun inkişafını sürətləndirə bilər. ABŞ dünyanın hər bir regionunda mühüm rol oynayır. Ona görə də münasibətləri normallaşdırmağa kömək etmək və icmalara bizim yanaşı yaşamalı olduğumuzu başa salmaq istiqamətində səylər yüksək qiymətləndiriləcək. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.

Qlobal ekoloji vəziyyətin qorunmasında Azərbaycan özünü məsuliyyətli ölkə kimi aparır. Prezidentdən sitat: “Məsuliyyətli ölkə və gələcək barədə düşünən hökumət kimi biz bərpaolunan enerji üçün investorlar cəlb etməyə başlamışıq. İşğaldan azad edilmiş ərazilərdə – Laçın rayonunda ilk su elektrik stansiyasının açılışı bir neçə ay bundan əvvəl oldu. Qarabağ ərazisində 10-dan çox su elektrik stansiyası yaratmaq planlaşdırılır. İranla Azərbaycan sərhədindəki iri su anbarında böyük potensial var. Su anbarı işğal dövründə artıq İran tərəfindən tikilib. İndi biz birlikdə 240 meqavat gücündə su elektrik stansiyası tikmək barədə düşünürük. Ötən il müharibədən əvvəl biz 2 elektrik stansiyası – ümumi gücü 440-480 meqavat olan 1 günəş və 1 külək enerji stansiyası tikmək üçün bərpa olunan enerji üzrə dünyanın iki aparıcı şirkəti – Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2 investisiya razılaşması imzaladıq. İnvestisiyalar 100 faiz şirkətlər tərəfindən qoyulacaq və indi biz artıq Qarabağ üçün baş planın, “yaşıl enerji” zonasının icrası mərhələsindəyik. Bizim Rusiya, İran, Gürcüstan, Türkiyə ilə xətlərimiz var, biz hər tərəfə enerji ixrac edirik. Elektrik enerjisi ixracı artıq on milyonlarla dollar gəlir gətirir, lakin yüz milyonlarla gəlir gətirəcək”./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*