Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə müdafiəçisi tərəfindən verilən vəsatətə baxılıb.
KONKRET.az xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə vəsatət təmin olunub.
Qalib Məmmədov ev dustaqlığına buraxılıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdə iştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlara rəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, martın 27-də Bakının Yasamal rayonunun Alatava ərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.