Mayın 28-də İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər erməni cəmiyyətini əməlli başlı silkələyib. Neçə gündür ciddi müzakirələr açan erməni mətbuatı Azərbaycan prezidentinin laçınlılarla görüşdə söylədiyi fikirləri ermənilərə ultimatum kimi dəyərləndirir.
Eyni zamanda Avropanın da Azərbaycanın mövqeyini dəstəkləməsi ermənilərə əməllicə dərd olub. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarının mətbuat katibi Piter Stanonun “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər” ifadəsi ermənilərin canına vic-vicə salıb. Stanonun bu sözlərini erməni mətbuatı gündəmə çevirib və müzakirələr davam edir. Onların fikirincə, Aİ rəsmisi “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsini işlədirsə, tezliklə “keçmiş ermənilər”də deyə bilər.
Yüz illərdir xəstə təxəyüllə yaşayan toplumun nümayəndələri hesab edir ki, məsələyə “Artsax Xarici İşlər Nazirliyi” münasibət bildirməlidir. Əslində onların bu iddialarının arxasında çirkin plan gizlənir. Onlar hesab edir ki, qondarma qurumun “xarici işlər naziriliyi” məsələyə münasibət bildirməklə Avropa İttifaqının mövqeyinə dəyişiklik edə bilər.
Avropadan “inciyən” ermənilər: “Bizim ABŞ-ın məsələnin həllində balanslaşdırılmış və uzunmüddətli münasibətlərin qurulmasında müsbət rol oynamaq niyyətinə heç bir şübhəmiz yoxdur. Rəsmi Bakının siyasətinin təşviqi münaqişənin sülh yolu ilə həllində müsbət dəyişikliklərə nail olmaq istəyinə ziddir”.
Deməli, erməni siyasətçilər hər cəhdlə sülhə gedən yola kölgə salmaqda israrlıdırlar.
Erməni mənbələri yazır ki, “Əgər Qərb Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul edir və Azərbaycanın şərtləri ilə razılaşırsa, deməli, Moskvada bu məsələyə yenidən baxılmaq imkanları minimuma enir. Əgər Ermənistan sülh müqaviləsini imzalamaqdan imtina edərsə, müəyyən imkanlar qazana bilərik. Məhz bundan sonra Qarabağın status məsələsi təxirə salınar, rəsmi İrəvan KTMT-nin yardımını da qəbul etməyə razılıq versə bu, bizim hərbi gücümüzü bərpa etməyə kömək edərdi”.
Ermənistanın bununla razılaşmadığını təəssüflə bildirən mənbə sonda “insan özünə sui-qəsd edəndə onu xilas etmək çox çətin olur” sözlərini yazıb.
Vəli Həsənov,
KONKRET.az