Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığı hansı meyarlarla təsdiqlənəcək? – ŞƏRHbackend

Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığı hansı meyarlarla təsdiqlənəcək? - ŞƏRH

Ermənistanı kapitulyasiyaya məcbur etməyimiz postmüharibə dövrünün başlanması ilə nəticələndi. Hələlik bəzi proseslər ürəyimizcə getmir, çünki diplomatik danışıqların, xüsusilə də erməni qəsbkarlarının axmaq çabaları ilə müşayiət olunan mərhələnin öz çətinlikləri var. Əlbəttə, bunlar müharibənin gətirdiyi dərd-bəla və itkilərlə müqayisə edilə bilməz.

Artıq Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin uzlaşdırılması məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb.

Ölkəmizin qarşısında çox böyük və irimiqyaslı işlər durub. Torpaqlarımızın minalardan təmizlənməsi, ərazilərimizə vurulmuş ziyanın qiymətləndirilməsi, dağıdılmış şəhər və rayonların, kəndlərin yenidən tikilməsi, infrastrukturların qurulması, kommunikasiya xətlərinin açılması, məcburi köçkünlərin öz doğma evlərinə (yerlərinə) geri qayıtmasının təmin olunması və sair. Ermənilərin Ağdamı, Kəlbəcəri və Laçını tərk edərkən törətdikləri vandalizm aktları həm vurulmuş ziyanın, həm də həyata keçirəcəyimiz quruculuq işlərinin həcmini daha da artırıb.

Bu dönəmdə ermənilər Kəlbəcərdən, Laçından apara bildiklərini daşıyır, qalan hər şeyi yandırıb-yaxırlar. Bu günlərdə məlum olub ki, bu faşistlər Xankəndini tərk edərkən hətta məktəblərin, uşaq bağçalarının ətrafına da minalar basdırıblarmış. Yəqin bilmirlərmiş ki, onları təmizləməyin “əziyyət”ini Rusiya sülhməramlıları çəkəcək…

Maraqlıdır, Rusiya sülhməramlılarının missiyası, nədənsə, ermənilərin Kəlbəcərdə və Laçında ekocinayətlər törətmələri, Xudavəng monastr kompleksini talan etmələri, Ağdamın kəndindəki bir neçə erməni ailəsinin vaxtında köçməsinin təmin olunmaması, Kəlbəcərdəki “Zod” qızıl yatağı, Laçını tərk etmələri ilə bağlı yeni hoqqabazlığa əl atmaları fonunda işə düşmür. Qəribədirmi? Əsla yox. Hər kəsin kimliyinə və nəyə qadir olduğuna çox yaxşı bələdik.

Sadalanan və sadalanmayan çətinliklərə baxmayaraq, artıq Dağlıq Qarabağda və ona bitişik 7 rayonda Azərbaycan hüquq-mühafizə orqanlarının yerli bölmələri, hərbi vəziyyətə uyğun olaraq yaradılan komendantlıqlar fəaliyyətə başlayıb. Füzulinin Əhmədbəyli kəndindən Şuşaya doğru istiqamətlənmiş 101,5 kilometrlik avtomobil yolu salınır, bir sıra rayonlarımızın minalardan azad edilmiş hissələrində ağaclar əkilir, Şuşada çörək sexinin fəaliyyəti, şəhərin əksər hissəsinə içməli suyun verilməsi bərpa edilib, Şuşa, Ağdam məscidlərindən azan səsləri ucalır…

Yeri gəlmişkən, bütün təhlükələrə baxmayaraq, öncə Füzuliyə, Cəbrayıla, Xudafərin körpüsünə, sonra isə Ağdama səfər edən Prezident, Ali Baş Komandan İlham Əliyev təkcə Azərbaycan bayrağını öpüb yüksəklərə ucaltmadı, həm də birinci xanım Mehriban Əliyeva ilə birlikdə erməni vəhşiliyinin izlərini bütün dünyaya şəxsən təqdim etdi.

Onların Ağdamdakı Cümə məscidini ziyarət etməsi isə təkcə inanclı vətəndaşlarımızın deyil, bütün insanların könlünə yol açdı. Azərbaycanın dövlət başçısının və xanımının ayaqqabılarını çıxarıb, divarı öpərək xalçasız məscidə daxil olmaları, Məkkədən gətirdikləri Qurani-Kərim kitabını müqəddəs ocağa bəxş etmələri, ermənilərin bərbad hala saldığı Allah evində dualar oxumaları bütün cəmiyyətə örnək idi.

Lakin hər kəsi maraqlandıran suallar hələ də açıq qalıb. Bu da status arzuları qəhrəman Ordumuzun və Ali Baş Komandanımızın sayəsində birdəfəlik zibil qutusuna göndərilən Dağlıq Qarabağdakı ermənilərlə dinc yanaşı yaşamaq mexanizminin necə həyata keçiriləcəyi məsələsidir.

Prezidentimiz çoxsaylı müsahibələrində bu məsələyə dəfələrlə aydınlıq gətirib və fikrini Bakıda və müxtəlif bölgələrimizdə 30 min erməninin, hətta Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın bacısı Zoya Arutyunyanın 60 ilə yaxındır Kürdəmir rayonunun Şıxımlı kəndində yaşaması, müxtəlif ölkələrdə azərbaycanlılarla ermənilərin eyni müəssisə və idarələrdə çalışması ilə əsaslandırıb. Prezident bunun üçün Azərbaycan vətəndaşlığının qəbul edilməsinin və ölkə qanunlarına riayət olunmasının kifayət etdiyinə diqqəti cəlb edib.

Əlbəttə, xalqımız dövlət başçımızın mövqeyini və xoş niyyətini anlayır. Amma…

Lap tutaq ki, ətrafa nifrət, kin saçan, faşist meylli fikirləri ilə övladlarının beyinlərini zəhərləyən ermənilər çarəsiz qalıb, Azərbaycan vətəndaşı kimi Dağlıq Qarabağda yaşamağa razı oldular. O zaman orduda xidmət, hüquq-mühafizə orqanlarında çalışmaq və ötən illərə görə pensiya məsələsi necə həll ediləcək?

Onların övladları Azərbaycan Ordusunda xidmət edəcəklər və ya hüquq-mühafizə orqanlarında çalışacaqlar? Necə? Kim onların Azərbaycana sadiq olacağına təminat verə bilər? Övladlarımızın əli silahlı ermənilərlə birgə Vətənin keşiyini çəkməsinə, sərhədləri Ermənistandan qorumasına, Türkiyənin güclü ordusunun ermənilərə təlim keçməsinə kim razı ola bilər? Kimsə bu barədə düşünür?

Axı Dağlıq Qarabağdakı ermənilər ölkəmizin milli sərvəti olan yəhudi, talış, ləzgi, tatar, tat, ukraynalı, rus, gürcü və digər millətlərdən olan vətəndaşlarımızın tayı deyillər. Bu millətlər Azərbaycan xalqının bütövləşməsində böyük rol oynayırlar. Vətən savaşında bir yumruq kimi birlik nümayiş etdiriblər, canlarından keçiblər.

Sovet dönəmində hüquq-mühafizə orqanlarında çalışan neçə erməni Azərbaycan ziyalılarının məhv olmasına imza atıb? Mikoyanın sovet dövlətində rəhbər vəzifə tutması azərbaycanlıların dəfələrlə Ermənistandan deportasiya olunmasına gətirib çıxarmayıbmı? Bu faktlar yaxın tarixdə baş verib və hələ unudulmayıb. Son anda Rusiyanın ağır məğlubiyyətdən yenə də qurtardığı erməni xislətinin fürsət gözlədiyinin fərqində deyilikmi? Əlbəttə, fərqindəyik.

Bizimkilərin bəh-bəhlə təqdim etdikləri yarı erməni, yarı rus olan Karen Şahnazaryanın “Россия” telekanalının efirindən erməni millətçilərinə ünvanladığı “Dağlıq Qarabağın müstəqilliyi bilirsiniz nə zaman həll oluna bilər? Bakını tutandan sonra” replikası həmin xislətin ölmədiyinə işarədir.

Hazırda Azərbaycanda dövlər büdcəsi hesabına rus məktəbləri fəaliyyət göstərir. Bu, nə sağlam məntiqə sığır, nə də dünya təcrübəsinə uyğundur. Nədir, növbə erməni məktəblərinindir? Dünən Rusiya telekanalları bəh-bəhlə xəbər verdilər ki, Xankəndidəki məktəblərdən birində dərslər başlayıb və erməni uşaqları müharibədən sonra ilk dəfə məktəbə yollanıblar.

Ümumiyyətlə, Qarabağ ermənilərinin Azərbaycan Respublikası vətəndaşlığı hansı meyarlarla təsdiqlənəcək? Faktiki yaşadığına görə? Vətəndaşlığa qəbul haqqında müraciət əsasında? Qətiyyən olmaz!!

SSRİ dağıldıqda müstəqil Baltiya dövlətləri 1940-cı ildən sonra ölkəyə köçənlərə vətəndaşlıq statusu vermədilər. Çünki bu ölkələr 1940-cı ildə SSRİ (oxu: Rusiya) tərəfindən işğal olunmuşdu. Biz də yalnız SSRİ dağılarkən Azərbaycan qeydiyyatı olmuş erməniləri və onların ölkədə yaşayan övladlarını vətəndaşlığa qəbul etməliyik. Əlbəttə, onların əli qanımıza batmayıbsa, hər hansı cinayət törətməyiblərsə.

Digər tərəfdən, Dağlıq Qarabağdakı erməni əhalisinə pensiya ödəcəyikmi? Axı qanuna əsasən, 25 il iş stajı olmayan, 2006-cı ildən sosial sığorta kartında vəsait olmayan Dağlıq Qarabağ ermənisinə pensiya verilə bilməz. Yoxsa, qanunları ermənilərin maraqlarına uyğunlaşdıracağıq?! Dövlətimizə 15-20 il xidmət etmiş ahıl vətəndaşların bütün hallarda cüzi olan cəmi 130 manat müavinət alması fonunda bu, necə olacaq?

İndi ölkədə sosial siyasəti təyin və təmin edən qanunvericı və icra orqanları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nə edəcək? 20 il iş stajı olmasına, vəzifələrdə çalışdığı müddətdə daim müxtəlif vergilər ödəməsinə baxmayaraq, Azərbaycan vətəndaşı 65 yaşında pensiya almaqdan məhrum edilir. Onu qoca yaşında 130 manatlıq gülünc (ağlamalı!) sosial müavinətə layiq görən nazirlik və dövlətimiz zorən ölkə vətəndaşlığını qəbul edən erməniyə pensiya hədiyyə edəcəkmi?

Bu, yolverilməz və qəbuledilməzdir. Odur ki, dövlətimizin bu istiqamətdə vacib qərarlar almasına ehtiyac var.

Əgər yaxın keçmişdə işğalçı əsgərə xidmət, faşist rejiminə ödəniş etmiş, Azərbaycan vətəşdaşlığını isə qəbul etməyə məcbur olan ermənilərə pensiya veriləcəksə, 65 yaşlı və daha qoca bütün azərbaycanlılar sosial müavinətlə deyil, pensiya ilə təmin olunmalıdırlar. Bu zaman onların xidmətləri nəzərə alınmalıdır.

Dövlət öncə Vətəni qəlbən sevən, yolunda canından keçməyə hazır olan, ömür boyu intellekti, bacarığı, qabiliyyəti, istedadı ilə ona xidmət edən vətəndaşlarının qədrini bilməlidir, onların rifah halını yüksəltməlidir, sonra Azərbaycana dərindən nifrət edən, hər zaman arxadan kürəyimizə xəncər saplamağa və ya güllə atmağa hazır erməniyə çarə qılmalıdır.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*