Qarabağ qazisinin səhiyyəmizlə döyüşü – Əli və əlacı kəsilən veteranın hekayətibackend

Qarabağ qazisinin səhiyyəmizlə döyüşü - Əli və əlacı kəsilən veteranın hekayəti

“Təqribən 10-15 gün qabaq sol əlimi şüşə kəsmişdi. Bakı Təcili və Təxirəsalınmaz Tibbi Yardım (“Semaşko”) xəstəxanasında kəsilmiş vətərləri tikib əlimi gipsə qoydular. Əməliyat masasında olanda həkimin mənə ilk sualı, bilirsiz, nə oldu: “Bu əl sənə lazımdı?” Dedim, ay doktor, lazımdırsa, kəs götür, mən bir təhər ötüşərəm. Həkimin məqsədi isə əmək fəailiyətimdə mane olmasın deyə qoyulacaq gipsin forma və həcmini müəyyən etmək imiş”.

Bu sözləri sosial şəbəkə hesabında I Qarabağ müharibəsinin iştirakçısı və II Qarabağ iştirakçısının atası Səfər Hümbətov yazıb. Ancaq onun yazıya aldığı hekayətin mabədi heç də “həkim-xəstə zarafatları” qrafasında davam etmir.

S. Hümbətov yazır: “Yayın günü gipsli əlim necə yara tökdüsə, gipsi çıxarmaq məcburiyyətində qaldıq. Əlimi əməliyyat edən həkimin yanına getdim ki, bəs nə çarə qılaq, əlimin durumu yaxşı deyil. Həkim dedi ki, bəs atdığı tikişlər sökülməyibsə, demək, onluq bir şey yoxdur, get dermatoloqa göstər.

Heç demə, həkim məndən küsübmüş. Səbəb də bu olub ki, əlim çox narahatlıq verdiyindən gecə gedib sarğını həkimin köməkçisinə dəyişdirmişəm. Yəni sarğının dəyişdirilməsinə görə 10 manat zəhmət haqqısını ona verməmişəm. Adını yazmıram hələ”.

55.JPG (25 KB)

Əfqanıstan və Qarabağ müharibəsinin veteranı olaraq od-alovlardan keçmiş həmvətənimizin acılı hekayəsi bununla bitmir. Onun yolu dermatoluqun yanına düşüb. Səfər bəy bu barədə belə yazır:

“Dermatoloqun müalicə təyinatı bir fayda verməyincə, başqa xəstəxanalarda çarə axtarmağa başladıq və reklam olsa da, “Olimp” hospitalında çalışan, Türkiyədə təhsil almış, əl üzrə uzman doktor kimi tanınan Nicat bəyə müraciət etmək qərarına gəldik. Amma xəstəxana bahalı olduğundan icbari tibbi sığortadan yararlanmaq istədik. İndi sizə instansiyaları sayacam, siz də fikir verin. 37 nömrəli sahə poliklinikamızda 4-5 həkimin və inzibatçı işçilərin qəbulunda olandan sonra salamat əlimə bir möhürlü sənəd verib göndərdilər 18 nömrəli poliklinikaya, cərrahın yanına. Cərrah əlimin sarğısını açmadan mənim dediklərimi köçürüb ağ vərəqi tamam qaraltdı. Əlimi də bintlərinə qənaət etmək üçün açmadı. Hər halda mənə belə gəldi. Xülasə, burda da 3-4 qapı döyəndən sonra dedilər ki, göndəriş verə bilməzlər. Göndəriş 5 nömrəli xəstəxanada verilir. Bunların verdiyi məktubu dəftərxanada təsdiqlədən zaman bəlli oldu ki, sol əl əvəzinə, sol ayaq yazıblar. Yenidən yazıb, səhvi düzəldib qoşdular birinci məktubun yanına. Yollandım 5 nömrəli xəstəxanaya. Xəstəxananın üç mərtəbəsində qeydiyyat aparılır. Koridorlarda insan əlindən tərpənmək mümkün deyil. Burada da 2-3 həkim baxışından sonra göndərişin verildiyi 206-cı otağın qabağında mühafizəçinin yazdığı növbə siyahısına adımı qeyd etdirdim. 98-ci oldum. Saat 11-də növbəyə dayandım, növbəm saat 4-də çatdı. İçəridə sənədlərə baxan qız dedi ki, bu xəstəxana özəllərə yox, dövlət xəstəxanalarına göndəriş verir”.

S.Hümbətov göndəriş verməli olan qızdan çox xahiş etsə də, “şəfqət mələyi” az eşidib və məsələyə lakonik nöqtə qoyub: “Get kimə istəyirsən, şikayət elə”.

Əlacı kəsilən əli kəsilmiş müharibə qazisi imtina haqda kağız istəyib ki, şikayət edə bilsin. Qız ona işlədiyi xəstəxananın qaynar xətlərinin nömrəsini verib.

S.Hümbətov yazır: “Dedim ki, indi səni burda otuzdurublar ki, milləti pəncərə-pəncərə gəzdirəsənmi?! Səs-küyə qonşu otaqdan başqa bir xanım gəlib məni öz kabinetinə apardı, dilə tutmağa başladı. Haqsız olduqlarını bilirlər. Özəllərə göndəriş verməməkdə məqsədləri sığortanın pulunu dövlət xəstəxanalarına yönəltməklə mənimsəməkdir. Sonra tanış həkim dostumun verdiyi məlumatdan aydın oldu ki, böyük klinikalarda sığortanın nümayəndəliyi oturur.

Bir günlük əsəbi gərginlik şəraitində yarıtmaz səhiyyəmizlə apardığım mübarizəyə sona verib yollandım “Olimp” hospitalına. Sığortaçılar beş dəqiqəyə sənədləri qaydasına qoyub, Nicat doktorun qəbuluna yönəltdilər. Sağ olsun, doktor əməliyyatdan çıxan kimi, dincəlmədən onu gözləyən xəstələri qəbul etməyə başladı. Məni də müayinə etdi, əlavə dərmanlar yazıb, üç gündən sonra yenidən müainəyə getməyimi tapşırdı. Əsas odu ki, əlimin sağalacağına ümid verdi. Əlimdən çox narahat idim, qanqrena olacağı təhlükəsi vardı. Şükür Nicat həkim kimi insanlar var”.

Bir daha xatırladaq ki, bu hekayəti yazan adamın özü və oğlu 32 ildir davam edən Qarabağ müharibəsində can qoyub. İndi bu şəxs kəsilmiş əlinə görə niyə bu qədər iztirab yaşamalı, əsəbi gərginlik keçirməlidir? Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*