Qarabağa qayıdan sakinlər necə yaşayacaq, nə ilə dolanacaq? – İqtisadi təkliflərbackend

Qarabağa qayıdan sakinlər necə yaşayacaq, nə ilə dolanacaq? – İqtisadi təkliflər

2020-ci il iyulun 7-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Beləliklə, 1991-ci ildə tətbiq edilmiş bölgü dəyişdirilərək iqtisadi rayonlarımızın sayı 10-dan 14-ə çatdırıldı. 

Müvafiq fərmanla Cəbrayıl, Zəngilan, Qubadlı Laçın və Kəlbəcər rayonları vahid iqtisadi rayon olan Şərqi Zəngəzurda birləşdi. Qarabağ iqtisadi rayonunun tərkibinə isə Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edildi. Fərmanda yeni bölgüyə zərurət yaradan amillərin ərazilərin zəngin iqtisadi potensialı, təbii sərvətlər və geniş turizm imkanları olduğu da diqqətə çatdırılır.

Lakin məlumdur ki, həmin ərazilər 30 ilə yaxın bir müddətdə düşmən tapdağı altında olub və infrastruktur tamamilə darmadağın edilib, bu səbəblə hazırda işğaldan azad edilən ərazilərimizin sıfırdan bərpasına ehtiyac duyulur. Çünki həm də qısa müddətdə məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması planlaşdırılır.

KONKRET.az-ın məlumatına görə, iqtisadçı ekspert Akif Nəsirli yenisabah.az-a açıqlamasında bildirib ki, həmin rayonlar, əsasən, kənd təsərrüfatı, mədən sənayesi və turizm təyinatlıdır:

“Onların üç istiqamətdə iqtisadi yönümü var. Hesab edirəm ki, hazırda əhalinin həmin bölgəyə köçürülməsi üçün doğru bir yol seçilib. Ərazidə kommunikasiya xətlərinin yaradılması, yol tikintisi, işıq, su, qaz, internet şəbəkələrinin formalaşdırılması ilkin mərhələdə doğru addımdır.

Bu məsələlərdə investisiya mənbəyi isə hələ ki yalnız dövlət büdcəsidir. Amma dövlət büdcəsi hesabına qoyulan investisiyanın icrası üçün xeyli şirkətlər quruculuq işlərində iştirak etmək istəyir. Bu iştirakın isə əsas məqsədi 10 ildə bölgəyə qoyulacaq təxminən 30 milyard dollar civarında olacaq investisiyadan pay almaqdır”.

Mütəxəssis qeyd edib ki, əraziyə bizim qoyduğumuz investisiyadan əlavə şirkətlərin özlərinin də investisiya qoymasını  təmin etməliyik:

“Azərbaycan hökumətinin bu istiqamətdə də fəaliyyəti olmalıdır. Biz şərait yaratmalıyıq ki, kimsə gəlib orada istehsal müəssisəsi yaratsın, zavod, fabrik tiksin, turizm mərkəzi açsın, investisiya qoysun, bundan həm özü, həm də bölgə bəhrələnsin. Bu, dünya praktikasında çox olub.

Məsələn, şəhərlər var ki, qurularkən investisiyanın yarıya qədərini dövlət qoyur, yarıdan çoxu isə kənardan cəlb edilir. Nursultan şəhərinin qurulma praktikası belə olub. Şəhərin ərsəyə gəlməsinə 60 milyard dollar vəsait xərclənib. Həmin vəsaitin təxminən 25 milyard dolları Qazaxıstan dövlət büdcəsi hesabına formalaşıb, qalan 35 milyard özəl sektorun payına düşür, onun da əksəriyyəti xarici şirkətlərdir.

Biz də bu yanaşmadan istifadə etməliyik, məsələn, biz nəzərdə tuturuq ki, Qarabağın bərpası üçün 30 milyard xərcləyək, amma həm də çalışmalıyıq ki, oraya 40-50 milyard yerli və ya xarici özəl investisiya cəlb edək”.

İqtisadçı hesab edir ki, bunun üçün ölkə iqtisadiyyatındakı monopoliya, rəqabət mühitinin, dürüstlüyün, mülkiyyətə zəmanətin olmaması, rüşvət, korrupsiya, müstəqil məhkəmələrin yoxluğu kimi ənənəvi problemlər aradan qaldırılmalıdır:

“Həmin problemlər həll olunsa, biz o hədəfi seçmək imkanına malik ola bilərik. Cəlbedici mühit yaratsaq, Qarabağın qurulmasına o qədər də ciddi vəsait ayırmağımıza ehtiyac yoxdur. Kənd təsərrüfatı sahəsində də cəlbediciliyi artırmaq üçün elə sadaladığımız problemlər ardan götürülməlidir. 

Həmçinin bizim hesabatlılığımız da olmadığı üçün kənd təsərrüfatına nə qədər pul ayırsaq da, inkişaf eləmir. Təxminən 30 il ərzində 40 milyard vəsait ayırmışıq, ancaq bu gün kənd təsərrüfatının inkişaf göstəriciləri üç-beş faizdir, halbuki 50-60 faiz olmalıydı. Çünki o vəsait səmərəli xərclənməyib.

Bu gün yalandan deyirik ki, üç milyon ton taxın istehsal eləmişik, amma həm də xaricdən taxıl idxal edirik. Deməli, deyilən rəqəmlər şübhəlidir. Azərbaycan əhalisinin təminatı üçün 1,8 milyon ton ərzaq buğdası lazımdır. Bu üç milyon tonun içərisində 1,8 milyon ton ərzaq buğdası niyə ortaya çıxmır ki, biz 1,2 milyon ton civarında xaricdən ərzaq buğdası idxal edirik? Bu isə tələbatımızın 60-70 faizidir.  Yəni yalançı rəqəmlər göstərilir.

Hakimiyyətə yaxın şirkət gedib yüz hektar taxıl əkir, gəlib deyir ki, min hektar əkmişəm. O min hektarın subsidiyasını alır, amma cəmi 100 hektar taxıl verir. Bəli, rəqəmlər o cür  şişirdilir və bunun hesabına bizim dövlət olaraq ayırdığımız vəsait həmin möhtəkirlərin cibinə gedir, kənd təsərrüfatının inkişafına təsir göstərmir.

Demək istədiyim odur ki, ölkədə korrupsiya və rüşvətxorluq aradan qaldırılmalı, hesabatlılıq yaradılmalıdır. Ondan sonra hansı layihəni istəsək, həyata keçirə bilərik. Lap İsrail şirkətini dəvət edib kənd təsərrüfatı müəssisəsi də açmaq olar. Heç dəvətə də ehtiyac yoxdur. Bu məsələlər düzələndən sonra investorlar özləri maraq göstərəcəklər, İsraildən, Kanadadan, digər inkişaf etmiş ölkələrdən gələcəklər.

Əslində, öz əhalimiz də kənd təsərrüfatı vərdişlərinə sahibdir. Sadəcə olaraq müasir texnologiyanı maarifləndirmə yolu ilə onlara mənimsətmək və onları vəsaitlə təmin etmək lazımdır. Bu texnologiyaları gətirib mənimsəmək çox asandır, sadəcə hədəf götürmək lazımdır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə düşünür ki, ilk növbədə istehsalla bağlı ixtisaslaşmanın yaradılması məqsədilə həmin bölgələrdə ciddi araşdırma aparmaq lazımdır:

“Çünki 30 ildə iqlim dəyişikliyi baş verib, bu, qlobal xarakter daşıyır və Azərbaycana birbaşa təsir edir. Bunlar öyrənilməli, mütəxəssislər, aqronomlar cəlb olunmalıdır. Son zamanlar su çatışmazlığı problemi var, bu da onunla bağlıdır ki, sudan qənaətlə istifadə olunmur, əslində, su resursumuz kifayət etdiyi halda, regionlara çatdırılmır.

İqlim dəyişikliyinin müsbət və mənfi təsirləri müəyyənləşdirilməlidir. Çünki bugünkü dəyişiklik hansısa bitkinin yetişdirilməsi üçün müsbət təsir göstərirsə, bir digəri üçün mənfi təsirə malik ola bilər. Bunlar dərindən öyrənilməli və həmin region üçün xüsusi proqram hazırlanmalıdır.

Hökumətin hazırkı yanaşmasını mən görürəm. Onlar haradasa hündürmərlətəbəli bina inşa etmək istəyirlər, hətta kənd ərazisində belə. Axı insanların orada yaşayışı təmin ediləcək, belə olarsa, onlar əkin-biçinlə necə məşğul olacaq? 

Ona görə də, gərək, konkret olaraq peşəkar mütəxəssislər təkliflər versinlər. Bəlkə, elə yerlər də var ki, orada  insanların yaşayış nəzərdə tutulmayıb, sadəcə əkin işi aparılacaq və ya heyvandarlıqla məşğul olunacaq. Məsələn, Kəlbəcər rayonun geniş ərazisi var, belə bir şey məhz orada mümkün ola bilər. Ancaq bu yanaşma da düzgün olmaz. Günün tələbi nədirsə, o öyrənilməlidir.

Ola bilsin, həmin ərazidə yaşamağa ehtiyac duyulacaq. Bu da ondan xəbər verir ki, orada suvarma işləri həyata keçirilməlidir, davamlı olaraq heyvandarlıqda örüş ərazilərinin suvarılmasına ehtiyac olacaq”.

Ekspert əhali sayının artmasına da diqqət çəkib:

“Oradan köçən əhalinin sayı 700 min idi, indi bir milyonu keçib. Buna uyğun da işlər görülməlidir ki, o əhalinin əldə etdiyi qazanc sosial durumlarını təmin etsin, bizneslərini genişləndirmə imkanı yaratsın.

Elə ona görə də bölgə mütəxəssislər tərəfindən kompleks araşdırılmalı, təkliflər verilməli və hökumət müəyyən proqram qəbul etməlidir. Əvvəllər təbii olaraq yağış, qar yağardı və nəticədə suya olan tələbat ödənilərdi. İndi isə iqlim dəyişikliyi qarın toplanmasına, buzlaqların yaranmasına və buzlaqlar əriyəndə örüş sahələrinin suvarılmasına imkan vermir. Həmin ərazilərdə bağçılıq, üzümçülük, arıçılıqla da məşğul oluna bilər”.

Vahid Məhərrəmov Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis çatışmazlığı olduğunu da vurğulayıb:

“Hazırda istehsal və idxalla bağlı 2005 və 2020-ci ilin müqayisəsini aparıram. Son 15 ildə ciddi dəyişiklik baş verib, məhsuldarlıq kəskin aşağı düşüb, hətta buğda istehsal son iki-üç ildə 250 min tondan çox azalıb. 2007-ci ildən bəri bu sahəyə subsidiya ayrılır, müasir texnoloji avadanlıqlar gətirilir, ancaq sahədə məhsuldarlıq get-gedə aşağı düşür.

Şəkər çuğunduru əkini ilə məşğul olanların sayı kəskin azalıb, halbuki 2007-ci ildə Prezidentin sərəncamı ilə şəkər çuğundurunun hər kiloqramına görə dörd qəpik subsidiya nəzərdə tutulurdu. Yəni hətta subsidiya verməklə, maliyyə resursu ayırmaqla da məhsulu artırmaq olmur.

Çünki ciddi problemlər var. Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis çatışmazlığı var. Onların qeyri-peşəkarları tez-tez televiziyaya çıxıb boş vədlər verirlər, ancaq istehsal artıra bilmirlər, hər şey göz önündədir. Orada torpaqların analizi həyata keçirilməli və bilməlidirlər ki, hansı elementlər artıqdır və ya çatışmır, həmçinin hansı tədbirləri həyata keçirmək lazımdır ki, torpaqları münbitləşdirmək mümkün olsun”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*