“Qarabağdan sonra Şərqi Zəngəzurun yenidən qurulmasının şahidi olacağıq” – ÖZƏLbackend

"Qarabağdan sonra Şərqi Zəngəzurun yenidən qurulmasının şahidi olacağıq" - ÖZƏL

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, bəhs olunan ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Diqqətəlayiq haldır ki, Prezident İlham Əliyev vaxtaşırı işğaldan azad olunmuş ərazilərə gəlir və burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Qeyd edək ki, “Böyük Qayıdış”ın təmin olunması üçün 16 noyabr 2022-ci il tarixdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya çox ciddi tapşırıqlar qoyub. “Böyük Qayıdış”a dair I Dövlət Proqramı Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamı və strateji hədəflərə çatmaq üçün mükəmməl yol xəritəsidir. Şübhə yox ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu günə qədər yüksək səviyyədə həyata keçirilən digər dövlət proqramları kimi “Böyük Qayıdış” Proqramı da uğurla icra olunacaq. Sözügedən Dövlət Proqramı həm də Qarabağı, Zəngəzuru dirçəldəcəyimizi bəyan edən Müzəffər Ali Baş Komandanın ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, əməli təzahürü və prosesin realizəsinin praktiki planıdır.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasov bildirib ki, “Böyük Qayıdış” planı tədricən həyata keçirilir: “Doğrudur, bu, mahiyyət etibarilə çox çətin işdir. Çünki müharibə hər zaman özündən sonra çox ağır fəsadlar qoyur. Onları aradan qaldırmaq üçün ünvanlı yanaşma lazımdır və biz artıq bunu müşahidə edirik. Çünki Azərbaycanın bütün intellektual qüvvələri “Böyük Qayıdış üçün səfərbər olub. Dövlət başçısının çağırışı ilə istər memarlarımız, istər tikinti mütəxəssislərimiz, istər texnoloqlarımız, istərsə də yolçəkənlərimiz bu işlərə cəlb olunub. Amma bu məsələdə tələskənliyə və ləngiməyə yol vermək olmaz. Biz istər-istəməz nəzərimizdə olan planları həyata keçirməyə başlamışıq. Burada “ağıllı kənd”, “ağıllı şəhər” tikintisi, yolların bərpası, kommunikasiyaların yenidən qurulması və sair işlər hissə-hissə həyata keçirilir. Bundan başqa müasir hava limanlarının tikintisi bizim böyük bacarıq sahibi olduğumuzu sübuta yetirir. Digər tərəfdən, bütün bu obyektlərin inşası və infrastrukturun qurulması böyük maliyyə tələb edir. Amma biz bunun da öhdəsindən layiqincə gələ bilirik. Bizə həm milli, həm də xarici investorların yenidənqurma proseslərinə cəlb olunması lazımdır. Bu işdə Azərbaycan dövləti “açıq qapı” siyasətini həyata keçirir”.

Politoloq: “Bütün yalan ittihamların, mifik vədlərin vaxtı ötüb” - 27.09.2021, Sputnik Azərbaycan

Politoloqun fikrincə “Böyük Qayıdış” məsələsində yeganə problem yaradan amil Ermənistanın yönsüz və ünvansız siyasət yürütməsidir: “Moskvada görüş keçiriləcək. Əgər görüşdə kommunikasiyaların açılması və üçtərəfli bəyannamənin qəbulu ilə bağlı razılıq əldə edilsə, bu zaman proseslərdə yeni dinamikanın şahidi olacağıq. “Böyük Qayıdış” planının icrasına gəldikdə isə, bu, bizim milli qeyrət işimizdir. Biz qurucu xalq olduğumuzu bütün dünyaya nümayiş etdiririk. Ermənilər kimi vəhşi və barbar olmadığımızı göstəririk. Ermənilərin dağıdıcı millət olduğunu torpaqlarımızın işğalı zamanı əyani müşahidə etmişik. Odur ki, “Böyük Qayıdış” istiqamətində işlər gedir və biz bunun bir az da sürətləndirilməsinə çalışmalıyıq. Amma tələsib yanlış addımlar atmaq da lazım deyil. Biz yaxın gələcəkdə Qarabağdan sonra Şərqi Zəngəzurun yenidən qurulmasının şahidi olacağıq. Bunun üçün Azərbaycanın hər cür potensialı mövcuddur. Odur ki, həmin ərazilərdə hər şeyin öz ürəyimizcə olmasına çalışacağıq. Çünki vətəndaşlarımızın sifariş və istəkləri ön planda dayanır. “Böyük Qayıdış” bizim ümumxalq işimizdir. Ona görə də, hamılıqla bu istiqamətdə addımlar atmalıyıq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*