“Qarabağın gələcəyinin dumanlı və qeyri-müəyyən olduğunu başa düşmək ağrılıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat, “Dirçələn Ermənistan” partiyasının sədri Vahe Akopyan deyib.
“2 sentyabrda Qarabağda olmaq xüsusi emosiyalar oyadır. Qarabağın gələcəyinin dumanlı və qeyri-müəyyən olduğunu dərk etmək bir o qədər ağrılıdır”, – o deyib.
Akopyan sarsaq fikirlərinə davam edərək bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycan yeni strategiya qəbul edib, Qarabağ münaqişəsi məsələsinin bağlandığını hamıya elan edir.
“Bütün bunlar nə Ermənistan hakimiyyəti, nə də beynəlxalq ictimaiyyət tərəfindən etirazla qarşılanmır.
Kollektiv Qərb avqustun 31-də Brüsseldə Paşinyan-Əliyev-Mişel görüşündən sonra verdiyi bəyanatda Qarabağ problemi ilə bağlı bir kəlmə də danışmadı. Dedi ki, hər şey qaydasındadır, biz irəliləyirik, razılaşmalar həyata keçirilir. Eyni zamanda, bu razılaşmaların nədən ibarət olduğu bəlli deyil”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ermənistanın səriştəsiz rəhbərliyinin xalqın arxasınca daha bir sənədə imza atmağa hazırlaşdığı şübhə doğurmur.
“Onun daha nə imzalayacağını ancaq təxmin edə bilərik. Azərbaycanın istənilən tələbini bir-bir yerinə yetirir.
Aydındır ki, bu gün Ermənistan rəhbərliyi Qarabağdan əlini çəkib”, – deyə Akopyan qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az