“Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək. Tbilisi bu müharibəyə qarışmayacaq”.
KONKRET.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək. Tbilisi bu müharibəyə qarışmayacaq.
“Hərbi yardıma gəlincə, biz açıq şəkildə bildirdik ki, biz bunu etməyəcəyik, bu müharibəyə qarışmayacağıq. Bu, bizim aydın mövqeyimizdir. Baş nazir kimi mənim xalq qarşısında məsuliyyətim var”, – Qaribaşvili deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin rəsmi nümayəndələri, o cümlədən Təhlükəsizlik Şurasının katibi Gürcüstanda ikinci cəbhə açmaq istədiklərini açıq şəkildə bəyan ediblər.
O qeyd edib ki, Tbilisidə Gürcüstanı müharibəyə cəlb etmək planları barədə məlumat var, lakin “çox şeyi açıqlamaq olmaz”.
“Mən sizə yalnız əsas şeyi deyim ki, Ukrayna hakimiyyətinin rəsmi nümayəndələri, o cümlədən Təhlükəsizlik Şurasının katibi açıq şəkildə bəyan ediblər ki, onlar Gürcüstanda ikinci cəbhə açmaq istəyirlər. Düşünürlər ki, təkcə ukraynalı qadın və uşaqlar yox, həm də gürcülər ölsünlər. Bu cəbhə və bu müharibə Gürcüstana keçməlidir. Bu, rəsmi açıqlama idi.
Bundan əlavə, biz bu cür bəyanatları çox eşitmişik və məlumatımız var. Təəssüf ki, ictimaiyyətə açıqlana bilməz. Amma Allaha şükürlər olsun ki, bu gün ölkədə hakim partiya olan “Gürcü Arzusu” və biz qərara gəldik ki, bizim üçün xalqımızın, dövlətimizin mənafeyi hər şeydən üstündür.
Biz bütün ölkələrə hörmət edirik, bütün xalqlara hörmət edirik, lakin hər şeydən çox ölkəmizi sevirik və həmişə ölkəmizin maraqlarını qoruyacağıq”, – deyə Qaribaşvili bildirib.
Xuraman Etibarlı,
KONKRET.az