Qayınatasının balası – “Ölkəmizin parlamentinin divarlarına yazığım gəldi…”backend

Qayınatasının balası - "Ölkəmizin parlamentinin divarlarına yazığım gəldi..."

Söz və ifadə azadlığı bəşəriyyətin əldə etdiyi ən gözəl dəyərlərdən biridir. İnsanları ucaldacaq və ya yerə çırpacaq qədər böyük qüdrətə malikdir söz.

Cəmiyyətimiz son günlər bunun isbatını Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun ailə üzvlərindən biri olan kürəkəni, sabiq deputat  İlham Əliyevin timsalında görür. Biri ardıcıl olaraq bəyanatlar yazıb, digəri isə 15 günlük cəzadan sonra təcridxanadan çıxıb. Bu müddət ərzində onların müdafiəsi üçün nəsə deməyə cəhd edənlərin də mövqeyini haradasa anlamaq olur. Təbii ki, yüksək vəzifəsi əldən çıxanın arxasınca xorla çığıranların sırasına qoşulmaq igidlikdən deyil. İstər-istəməz, İsa peyğəmbərin “kimin günahı yoxdursa qoy o, birinci daş atsın” ifadəsi yada düşür. Amma akademikin ictimai qınağı qaragüruhçuların və uğursuzların hücumu kimi qələmə vermək cəhdi də tamamilə yolverilməzdir. “Mandat alveri” məsələsində heç olmasa Zahid Oruc onu müdafiə edirdi. Bu gün o da meydanda görünmür…

Hər kəs nəvə, övlad toyu görmək istəyir. İstər indiki və ya keçmiş dövlət məmuru olsun, istərsə də sadə insan. Özü də əgər baba və nənə ahıl çağındadırlarsa…

Lap tutaq ki, baba toyun olması üçün ölkə başçısına müraciət edərək, məclisin bağda keçirilməsi üçün icazə də istəyib. Prezident də nəvə toyunu görməyi arzulayan adamın xahişini yerə salmayıb. Olmazdımı ki, bu nikah məclisi ailə üzvləri arasında çox sadə və xudmani şəkildə qeyd olunaydı?! Axı karantin günlərində belə nümunələr göstərən gənclər oldu. Onların babası nə akademik, nə də “boz kardinal” idi. Amma sadə insanlar “dövlət idarəçisi”ndən daha müdrik hərəkət etmişdilər. Akademik nəvəsi olmaq – kimdənsə üstün olmaq deyil axı! İnsan ağlı, zəkası, məntiqi, tərbiyəsi, mədəniyyəti və davranışı ilə nümunə olmalıdır.

Dövləti idarə edən “böyük adam”, demokratiyanın Azərbaycan modelindən dəm vuran, özü demişkən, kitablarının əsl müəllifi, sovet dönəmindən vəzifə pillələrini addım-addım keçərək müstəqil dövlətin Prezident Administrasiyasında yüksək vəzifə tutan, kefi istəyəndə ABŞ kimi dövlətin elçisinə qapını göstərən, amma Rusiya vəzifəliləri qarşısında reverans edən siyasətçi bu qədər bəsirətsiz oldu ki, nəvə toyu ilə özünü böyük tora saldı?

Kürəkənin müvəqqəti təcridxanadan çıxan kimi “tayfa”ya malik (toyda belə söyləmişdi) qayınatasını Heydər Əliyevin Azərbaycandakı “görən gözü, eşidən qulağı” kimi təqdim etməsi, onları tənqid edən deputatların bəzilərini “xırda ünsür” adlandırması, vaxtilə “Eurovision” mahnı müsabiqəsində ifası və kübar davranışı ilə ölkəmizi uğurla təmsil etmiş Aysel Teymurzadəni sabotajda ittiham etməsi, saytlardan birini “cəzalandıracağam” təhdidi ilə hədələməsi əslində Ramiz Mehdiyevi müdafiə etmək cəhdində bulunan azlığın bütün arqumentlərini də əllərindən aldı. Saytlar da tənbəllik etmədilər, kürəkənin toy qalmaqalından sonra “kefim yaxşıdır” açıqlamasının səs yazısını ortaya qoydular.

Məlum oldu ki, “böyük adam”, dövlətimizin “maraqlarına” xidmət etdiyi iddia olunan şəxs, heç də uzaqgörən deyilmiş. Bu adam süfrəsinin kənarında oturanı deputat “seçdirə” bilsə də, onu siyasətçi, natiq, ən əsası insan kimi formalaşdıra bilməyib. Əks halda, toyla gələn təcridxanadan sonra özünü daha betər şəkildə biabır etməzdi. Onun əndrəbadi açıqlamalarından sonra hələ seçicilərə demirəm, ölkəmizin parlamentinin divarlarına yazığım gəldi…

O da bəlli oldu ki, kütləvi informasiya vasitələrinin və jurnalistlərin səviyyəsindən gileylənən akademik öz qızı Kamilə Əliyevanı “Palitra” qəzetinin təsisçisi etsə də, övladı bu işin öhdəsindən gələ bilməyib. Gəlini Nigar Mehdiyeva da eləcə. Onun təsisçiliyində olan “Paritet” qəzeti fəaliyyətini dayandırmalı olub. Onların qəzet sahibəsi olmaları vacib idimi? Nədən bu qəzetlər, heç olmasa, “Əl-Cəzirə”nin reytinqini əlindən almayıb? Hanı onların tanınmış jurnalistləri? Onlar akademikin indi dilə gətirdiyi problemlərdən, ədalətli mövqedən yazırdılarmı? Bəs dövlətin həmin qəzetlərə ayırdığı pullar heyf deyildimi? Nədən akademik həmin pulların təyinatı üzrə xərclənməməsinin qarşısını almırdı? Bəli, yüksək dövlət vəzifəsini bu şəkildə icra etmiş şəxsin indi kimlərəsə irad tutmağa çalışması təəssüfediçidir.

Onun son müraciətində tənqidçiləri barədə “özlərini gözə soxmaq, süfrə qır-qırıntısından pay almaq üçün dəridən-qabıqdan çıxan”, “ictimaiyyətin diqqətini xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırıb, onun başını nağıllarla qatmaqla xalqımıza böyük pislik edirlər” kimi fikirləri səsləndirməsi acı təbəssüm doğurur. Çünki dünənə qədər həmin qüvvələrin meydan sulamasına özü şərait yaradırdı. Onlardan biri də deputat mandatı verdirdiyi kürəkənidir.

O zaman nə Mirzə Ələkbər Sabir, nə Məhəmməd peyğəmbər, nə də Quran ayələri yada düşürdü…

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*