24 fevral 2023-cü il tarixində Türk Akademiyası Azərbaycan Respublikasının Astanadakı səfirliyi ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir təşkil edib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Türk Akademiyasının ev sahibliyi etdiyi anım tədbirində Akademiyanın prezidenti Şahin Mustafayev, Azərbaycan Respublikasının Astanadakı səfiri Ağalar Atamoğlanov, Azərbaycan diasporunun nümayəndələri, səfirliyin və Akademiyanın üzvləri iştirak ediblər.
Tədbir çərçivəsində Xocalı faciəsindən sonra çəkilmiş fotoşəkillərdən ibarət sərgi nümayiş etdirilib.
Tədbir faciədə həyatını itirənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Akademiyanın prezidenti Şahin Mustafayev anım toplantısındakı çıxışında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı zamanı baş vermiş faciəli hadisələr haqqında məlumat verib.
“Soyqırım təkcə Azərbaycan Respublikasının deyil, bütün dünyanın faciəsidir. Çünki hansı ölkədə olmasından asılı olmayaraq günahsız insanların həyatını itirməsi böyük fəlakətdir. Əminəm ki, Xocalıda baş verən qanlı hadisələrlə bağlı beynəlxalq ictimaiyyət ədalətli qərar qəbul edəcək ki, dünyanın heç bir ölkəsində günahsız insanlara qarşı belə cinayətlər törədilməsin. Ümid edirəm ki, bəşəriyyət tarixində belə bir dəhşətli hadisə bir daha təkrarlanmayacaq”, – deyə o bildirib.
Azərbaycan Respublikasının Astanadakı səfiri A.Atamoğlanov Xocalı qətliamında həyatını itirənlərin xatirəsini yad etməyə gələn qonaqlara təşəkkürünü bildirib və tədbirin birgə təşkilinə görə Türk Akademiyasının Rəyasət Heyətinə minnətdarlığını bildirib.
“Xocalı soyqırımı bütün Azərbaycan xalqına ağır zərbə oldu. Qəfil hücumda çox sayda insan həyatını itirdi. Bu gün Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsinə ayrıca abidə ucaldılıb. Hansı ölkədə yaşamağımızdan asılı olmayaraq, Xocalı soyqırımında həlak olanların xatirəsini yad etməyi özümüzə vətəndaşlıq borcumuz hesab edirik. Ona görə də biz bu hadisəni qeyd etmək üçün hər il Səfirlikdə anım tədbiri təşkil edirik. Bu il anım toplantımızı Türk dünyasının intellektual mərkəzi olan Türk Akademiyasında keçiririk. Bu kontekstdə birgə təşkil etdiyimiz tədbirə görə Türk Akademiyasına təşəkkür etmək istərdik, – səfir bildirib.
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 dinc sakinin şəhid olduğu qanlı hadisələr baş verib. Rayon sakinlərindən 150-yə yaxını itkin düşüb və hələ də tapılmayıb. Erməni hərbi birləşmələri tərəfindən günahsız insanların kütləvi şəkildə qətlə yetirilməsi nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq yetim, 130 uşaq anasız və atasız qalıb. Silahlı hücumu təşkil edənlər 1275 nəfəri əsir götürüblər. Xocalıda yaşayan 5379 nəfər zorakılığa məruz qalıb.
KONKRET.az