“Qazon Paseyan” – Akif Əli yazır…backend

“Qazon Paseyan” - Akif Əli yazır...

Vaxtilə Erməni Radiosunda əməkdar daşyonma ustası, akademik Vartan Çərənçiyanın sensasion çıxışı erməni xalqı tərəfindən qürur və fəxarətlə qarşılanmışdı. Akademik V.Çərənçiyanın həmin tarixi çıxışını təqdim edirik.

– Barev, məğlubedilməz, cəsur erməni xalqı! Erməni allahı sizə yardım etsin! Mən indicə uzaq səfərdən Vətənə dönmüşəm. Elə vağzaldan düşüb birbaşa Radioya gəldim ki, yeni tapıntı barədə dinləyicilərə isti xəbəri çatdırım. Neçə vaxtdır gənc Ukrayna respublikasının mübahisəli paytaxtı Kiyev şəhərində qədim mədəni erməni xalqına məxsus izlər axtarırdım. Sevinclə bildirim ki, dünyanın bütün ərazilərində olduğu kimi, uzaq Ukraynada da xalqımızın qədim tarixinə, görkəmli şəxsiyyətlərinə aid izlər vardır. Sadəcə onları tapıb üzə çıxartmaq lazımdır. Dünyanın bizə necə dərin hörmətlə yanaşdığı barədə kövrək təəssüratlarımı sizinlə bölüşürəm.

Demək, mən erməni izi tapmaq üçün Kiyevin bütün küçə və meydanlarını, məhlə və bulvarlarını qarış-qarış gəzdim. Nəhayət, bu vaxtacan naməlum bir dahimiz haqqında çox tutarlı faktlar əldə etdim. Sən demə erməni tarixinin 12-ci əsrində Kiyev torpaqlarında bizim görkəmli sənətkarlarımız yaşayıb-yaratmış, abadlıq işləri aparmışlar. İndiyədək o boyda dahimizdən xəbərimiz olmayıb. Zəngin erməni tarixinin belə bir mühüm qaynağından cəsur erməni xalqı məhrum olub. Amma ukraynalılar… eh!!!… kövrəlməyə bilmirəm… Onlar necə də həssas insanlar imiş!

Əhvalat belə oldu. Mən Kiyevin ən mərkəzi prospekti olan Kreşşatikdə elmi axtarışda ikən xoşbəxtlik üzümə güldü. Kəşf anında erməni günəşi sanki Kiyevi daha parlaq işıqlandırdı. Kreşşatikdə gəlib-keçən insanların təbəssümlü baxışları altında dahi erməniyə qoyulacaq abidənin tablosu önündə sevinc göz yaşları axıdaraq həmyerlimizin adını dönə-dönə fəxrlə oxudum: Qazon Paseyan… Qazon Paseyan… Aman allahım! Bu nə çılğınlıq idi ruhumu sarmışdı! Əsil erməni çılğınlığı! İnanın o an ətrafdan keçən bütün ukraynalılar həsədlə mənə baxıb təbəssümlə başını yellədirdi.

Bizim dərdimiz, kədərimiz, bəlamız böyükdür, ey qorxu bilməz erməni xalqı! Ruhdan düşməməliyik. Dünya artıq həqiqətləri görməyə başlayır, ədalət yerinə qayıdır. Mən gözəl Şuşamıza, bizim Laçın-Kəlbəcər dağlarına, Ağdam-Cəbrayıl torpaqlarna, bütün Arsaxımıza and içirəm ki, şəxsən özüm Kiyevdə erməni mütəfəkkiri Qazon Paseyanın xatirəsinin necə hörmətlə yad edildiyinin şahidiyəm. Hər bir erməni vətənpərvərin borcudur Kiyevə gedib şəhərə minnətdarlıq etmək. Siz Kiyevin mərkəzində salınan güllü bağçada, yaşıllıq ərazisində bu tablonu görəcəksiniz. Orada yazılıb: “Не наступайте. Газон посеян” (Ruscadan tərcüməsi: “Tapdalamayın. Çəmənliyə toxum səpilib”- A.Ə.). Bəli! Elə belə də yazılmışdı: “Ne nastupayte. Qazon poseyan”. Yəni o tablo insanlara anladırdı ki, “Ey yolçu, burda ayaq saxla, çünki burda dahi erməni mütəfəkkiri Qazon Paseyanın abidəsi ucaldılacaq”… Budur bizim qədim mədəni xalqa dünyanın məhəbbəti, hörməti, diqqəti… Təkcə hardansa gəlib sağ-solumuzu zəbt edən adamyeyənlər bizi başa düşmür, bizim həqiqətləri görmək istəmir!

Siz ordakı iki kəlmənin necə dərin mənası olduğunun fəxrini yaşamaq üçün gedin, qarşısında baş əyib dua edin. Mən o lövhənin önündə bilsəz necə kövrəldim, ah necə kövrəldim, necə kövrəldim, ara! Göz yaşlarım erməni şəlaləsi kimi şaqraq tökülürdü… Biz axı ürəyi doğma Çin ipəyi kimi nazik, bizim İran arılarının mumu kimi yumşaq xalqıq! Erməni allahı da şahiddir ki, incə qəlbimdən axan göz yaşları Ukrayna torpağına qarışıb oraları da bizim üçün artıq doğma ərazilərə çevirdi… Dərhal qaçıb mağazadan bir dəstə ağ sevda gülü alıb o lövhənin önünə qoydum. Əyilib taxta lövhəni öpdüm, üstünün tozunu, palçığını təmizlədim, sonra ayağa qalxıb bir dəqiqəlik sükutla qərib diyarda vətən həsrəti ilə ölən həmyerlimizi yad etdim. İnanın, ətrafdakılar necə təəccüblə mənə baxırdı! Mənim bu vətənpərvərlik aksiyama həsəd aparır, ürəklərində əhsən, afərin, molodes deyiridilər. Hamı gülə-gülə – baxın, vətəni, xalqı bu erməni yoldaş kimi sevərlər,- deyirdi.

Mən dərhal cib dəftərçəmi çıxarıb hörmətli Qazon Paseyanın adını dünyanın ən qədim erməni hərfləri ilə öz dəftərimə köçürtdüm. Üz tutdum Ukrayna Milli Arxivinə. Oradan Milli Kitabxanaya, Milli Kulinariya Mərkəzinə, bütün Milli idarə və təşkilatlara baş çəkdim. Böyük erməni oğlu Qazon Paseyan haqqında azacıq da olsa məlumat almaq və doğma Ermənistana gətirib xalqa təhvil vermək üçün bir həftə küçələrdə gəzdim. Lakin kimsədən dəqiq məlumat ala bilmədim.
Amma mütləq tapacağam, alacağam və sizə, əziz qəhrəman xalqıma bağışlayacağam… Şanlı Erməni Radiosunda çıxışımı bitirib düz Akademiyaya gedəcəm, ermənişünaslıq institutunu ayağa qaldıracam. Akademik həmkarlarımla birgə biz Ukraynalıların sevimlisi olan o dahi erməninin kimliyini, hansı sahədə xarüqələr yaratdığını, nə kimi əsərlər yazıb miras qoyduğunu və Anamız şanlı Ermənistanı necə fəxrlə vəsf etdiyini göstərən arxiv materiallarını düzüb-qoşub üzə çıxardacağıq. Yerin deşiyindən olsa da nəsə tapacağıq. Hətta mənbələr olmasa belə, biz cəsur, qorxmaz, döyüşkən, qəhrəman millətimizə xidmət naminə onları üzə çıxardacağıq… Ən azından dünyanın bütün arxivinin saxlandığı Matenadaranda o dahimizin zəngin arxivi olmamış deyildir.

İlkin araşdırma gümanları isə artıq belə deməyə tam və qəti əsas verir ki, Qazon Paseyanın ulu babası öz dövrünün tanınmış sənətkarı olan bənna Mxitar Malayanın nəslindəndir. Çünki Mxitar da dünyada ən hamar divarlar çəkən əzəmətli usta olub. Demək, nəticə göz qabağındadır: Qazon Paseyanın nəsil şəcərəsi o uzaq illərə gedib çıxır. Çünki Kiyevdə qoyulan xatirə lövhəsi də çox hamar taxtadan ibarət idi.

Budur qədim erməni xalqının bəşəriyyət qarşısında xidmətləri! Biz bu mübahisəsiz həqiqəti dünyaya yayacağıq. Qəbul etdirəcəyik! Akademiyada elmin bütün sahələrini əhatə edən nümayəndə heyəti yaradıb Qazon Mxitaroviçin yaradıcılığını tədqiq etmək üçün qardaş Yunanıstana, Fələstinə və Hindistana ekspedisiyalar təşkil edəcəyik. Şübhəsiz, Fransa və Hollandiya arxivlərində də bizə dəstək verən həmfikirlərimiz var.

Əziz xalqım, dərin mülahizələrimdən sonra belə qənaətə gəldim ki, Kiyevdə tapılan Qazon Paseyanın nəsli müasir dövrdə linqvistik transformasiyaya uğrayaraq, “Paşinyan” formasında davam etməkdədir. Arxivdə tapacağımız sənədlər də artıq bunu sübut edir. Məlum olacaq ki, onun əlyazmaları hələ erməni erasının 12-ci əsrində çox məşhur imiş və bütün Uzaq-Yaxın-Orta Şərqdə, Şimalda-Cənubda əl-əl gəzirmiş. Məşhur şairlər onun əsərlərindən bəhrələnib özləri də nəsə yazarmış. Hətta məlumat üçün deyim ki… ee… deyim ki… inanın, hiddətimdən boğuluram, ey zavallı xalqım… Arxiv sənədləri mütləq sübut edəcək ki, oğru, yalançı, fırıldaqçı, saxtakar, mədəniyyətsiz, adamyeyən vəhşi qonşularımız Ana Ermənistanımızı işğal edəndə bütün xəzinəmizdəki var-yoxumuzla bərabər, Qazon Paseyanın nadir əlyazmalarını da aparıb öz adlarına çıxıblar. O dövrdə qədim erməni şəhəri Qanzasda… ee… Bilirsiniz ki, vətənsevər xalqımızın sadiq nümayəndələri bu şəhərimizin eynisini indi Amerikada salıb, onlar erməni günəşinin isitdiyi Kanzasda xoşbəxt yaşayırlar… Bəli, o qədim Qanzasda deyilənə görə bir nəfər Gəncəli Nazim adında ortabab əyalət şairi varmış. Oğru qonşularımız dahi Qazon Paseyanın əsərlərini aparıb ona veriblər. O da öz adına çıxıb. Ultrabənövşəyi şüalar altında aparacağımız daktikoloji müayinələr bunları da mütləq aşkara çıxaracaq. Mütləq! Heç narahat olmayın! Baxın ki, min ildir Gəncəli Nazimin adına çıxılan, amma həqiqətdə Qazon Paseyana məxsus nə qədər əsər olub – “Sənsizcan”, “Sevgilican”, “Leylacan”, “Xosrovla Şirincan”… Bütün bu poetik nüsxələr gələcəkdə Qanzasarla birlikdə öz həqiqi sahibinə qaytarılacaq. Hətta deyilənə görə “Yeddi gözəlcan” poemasında səkkizinci gözəl erməni gözəlçəsi Haykanuşcan olubmuş. Amma sonradan paxıllar bizim matağı ordan pozub, yeddisini saxlayıblar. Buna baxmayaraq, bizim namuslu qadınlarımız onsuz da səkkizinci möcüzə kimi bütün dünyada sevilir, əldən-ələ, dildən-dilə gəzir. Bizi hamı sevir. Dediyim kimi, o Kiyev bağçasında da insanlar böyük erməniyə sevinclə baxır, hətta yanımdan keçənlər barmaqları ilə “Не наступайте. Газон посеян” yazılmış lövhəni göstərib mənə xəfifcə məsləhət görürdülər ki, o çəmənliyə ayaqqabı ilə girməyim, çünki orda bir dahi erməninin şərəfinə təzəcə gül toxumları əkilib… Eh!!!… Necə kövrək anlar yaşadım orda, bilsəniz! Nə qədər xeyirxah insanlar varmış doğma Kiyevimizdə!

Nəhayət, ey mənim cəsur, məğlubedilməz erməni xalqım, sonda bir təklif vermək istəyirəm. Bir halda ki, biz yeni kəşflə üz-üzəyik, qoy onda qədim Erebuninin Teatr Meydanında möhtəşəm forum keçirib vəsait toplamaq aksiyasına start verilsin. Diaspor fəalları şübhəsiz, dərhal vəsait göndərməyə başlayacaqlar. Arsaxın “Miatsum” projesində olduğu kimi, yenə qədim və mədəni erməni xalqının ehtiyacları üçün milyonlar toplaya biləcəyik. Həm də Qazon Mxitaroviçin xatirəsini əbədiləşdirmək üçün abidə qoyarıq, film çəkərik, tele-radio verilişləri hazırlayarıq, beynəlxalq “Qazon Paseyan” mükafatı təsis edib dünyanı özümüzə işlədərik.
Bəli, belə! Planlar çoxdur. Kiyevdəki yeni tapıntı Ermənistanın qarşısında yeni üfüqlər açır. Biz dənizdən-dənizə Böyük Ermənistan arzusunu gerçəkləşdirmək üçün hələ çox iş görməliyik. Ata-babalarımızın birtəhər başlatdığı əzablı yolu sona çatdırmaq üçün əyri-düz hər əmələ getməliyik. Qoy kim nə deyir-desin, kimin ürəyi dözmür partlasın. Paxıl qonşularımızın məxsusi bizi nəzərdə tutaraq dediyi – “İt hürər, karvan keçər” sözünə qətiyyən fikir vermədən, biz öz qədim adət-ənənəmizə uyğun daim səsimiz ucaltmalıyıq! Ha-ha-ha!!!

Akif Əli, 

yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*