Qədr gecəsinin mahiyyəti və bu gecə ilə bağlı cəmiyyətdə formalaşan bəzi anlayışlar müzakirə mövzusu olaraq qalır. Bəs Qədr gecəsi əslində nədir, hansı ibadətlər daha məqbul sayılır və bu gecə ilə bağlı yayılan ənənələr nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, Qurana görə Qədr gecəsi Quranın mahiyyətinin Peyğəmbərin qəlbinə nazil edildiyi gecədir.

Onun sözlərinə görə, Quranın zahiri isə birdən-birə deyil, 23 il ərzində, baş verən hadisələrə və yaranan ehtiyaclara uyğun şəkildə tədricən nazil olub:
“Qurana görə həmin gecə mələklər və Ruh yerə enir. Peyğəmbər bu gecəni konkret tarix kimi göstərməyib. Ramazan ayının son on günlüyünün tək günlərinə təsadüf etdiyi barədə hədis və rəvayətlər var”.
İlahiyyatçı qeyd edib ki, “Qədr gecələri” ifadəsi Qurana uyğun deyil:
“Əhya gecələri” ifadəsi ola bilər. Yəni ehtimal olunan gecələr baxımından bir neçə gecə ibadət etmək mümkündür. Amma Qədr gecəsi təkdir. Quranda “Qədr” surəsində çoxlu gecələrdən deyil, məhz bir gecədən bəhs olunur.
“Sadəcə oyaq qalıb məsciddə əlinə təsbeh alaraq oturmaq Qədr gecəsinin mahiyyəti deyil. Bu gecə yaxşılıq etmək, ehtiyacı olanlara kömək göstərmək, tövbə etmək və insanın daxilən təmizlənməsi üçün fürsətdir”.
O, bildirib ki, tarixdə bəzi din alimləri bu gecənin mahiyyətini xeyirxah əməllərlə əlaqələndiriblər. Məsələn, İmam Zeynəlabidin gecələr gizli şəkildə kasıb ailələrə yardım etdiyi üçün onun üçün hər gecə Qədr gecəsi kimi qiymətləndirilirdi.
İlahiyyatçı həmçinin qeyd edib ki, ibadət yalnız fərdi ritual ibadətlərlə məhdudlaşmır:
“İbadət yalnız gecəni oyaq qalaraq namaz qılmaq deyil. Cəmiyyətə fayda vermək, insanlara kömək etmək də Allahın istədiyi ibadət formalarındandır. Maddi imkan olmasa belə, yaxşılıq etməyə niyyətlənmək də ibadət sayılır.
Qədr gecəsinin əsas mənəvi əməlləri insanın özünü hesaba çəkməsi, qəlbini təmizləməsi və başqalarının haqqını qaytarmağa çalışmasıdır. Kiminsə haqqını tapdalayan insan həmin şəxsdən halallıq almadan bağışlanma gözləməməlidir”.
İlahiyyatçı qeyd edib ki, bəzi bölgələrdə Qədr gecəsi münasibətilə halva bişirib paylamaq kimi adətlər də mövcuddur və bu, Ramazan ayının səxavət və paylaşma ruhuna uyğun bir davranışdır.
“Ramazan ayı yardımlaşma və səxavət ayıdır. Hər kəs imkanı çatdığı qədər halal nemətlərini başqaları ilə bölüşməlidir. Əsl ehsan da məhz budur”, – deyə o, vurğulayıb.
Aynurə İsmayıl
KONKRET.az
