Yaxın Şərqdə gərginlik yenidən artıb və İranla İsrail arasında davam edən qarşıdurma beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında sərt bəyanatlar, hərbi əməliyyatlar və qarşılıqlı ittihamlar bu münaqişənin mahiyyəti ilə bağlı müxtəlif müzakirələrə səbəb olur. Bəzi ekspertlər qarşıdurmada dini amilin rolundan danışsa da, digərləri bunun daha çox geosiyasi və strateji maraqlardan qaynaqlandığını bildirir.
Bəs İran və İsrail arasında davam edən qarşıdurmanı nə dərəcədə dini müharibə kimi qiymətləndirmək olar?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, qarşıdurmada müəyyən dini çalarlar olsa da, bu müharibəni sırf dini müstəvidə qiymətləndirmək doğru deyil.
.jpg)
Onun sözlərinə görə, bəzi hallarda münaqişənin motivasiyasını dini və ideoloji şüarlar formalaşdırır:
“Bəzən qarşıdurmanın motivasiyasını yeni şüarlar təşkil edir. O cümlədən İranın dini dövlət olması müəyyən rol oynayır. Baxmayaraq ki, İsraildə də dini-siyasi baxışlar kifayət qədər güclüdür. Amma bütün hallarda bunu dini müharibə kimi qiymətləndirməzdən əvvəl geosiyasi qarşıdurmanın olduğunu qeyd etmək lazımdır”.
Siyasi şərhçi hesab edir ki, münaqişənin kökündə qlobal güc balansında baş verən dəyişikliklər dayanır.
Onun fikrincə, beynəlxalq sistemdə təkqütblü modelin zəifləməsi və digər güclərin möhkəmlənməsi yeni geosiyasi prosesləri sürətləndirib.
“Əslində bu müharibə niyə baş verdi sualına baxmaq lazımdır. Qlobal miqyasda ABŞ-ın formalaşdırdığı təkqütblü dünya sistemi zəifləyirdi və digər güc mərkəzləri güclənirdi. Bu baxımdan Rusiya və Çinin qarşısını almaq zərurəti hiss olundu və müəyyən proseslər başlandı”, – deyə Əlibəyli vurğulayıb.
Ekspertin fikrincə, bütün bu faktorları nəzərə aldıqda qarşıdurmada geosiyasi və hərbi maraqlar dini amildən daha ön planda dayanır.
Aynurə İsmayıl
KONKRET.az
