Son günlər Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunun həbsi əsas müzakirə mövzusudur. Qərb mətbuatı və bəzi beynəlxalq təşkilatlar isə bu hadisədə daha aktiv “mövqe” sərgiləməkdədirlər. Və təəssüf ki, ölkəmizə qarşı münasibətdə yenə də öz amplualarındadırlar; “İbadoğlu olayı”na da maksimum siyasi don geyindirmək niyyətlərini açıq-aşkar büruzə verirlər. Yəni eyni dalğa, eyni koordinat: Azərbaycanda insan hüquqlarının pozulduğu, söz və fikir azadlığının boğulduğu kimi şablon fikirlər əsas tezisdir.
ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın Azərbaycandakı səfirliklərinin, Avropa İttifaqı nümayəndəsinin şübhəli şəxs qismində saxlanılan Qubad İbadoğlunun müdafiəsi ilə bağlı tələsik bəyanatları əslində başadüşüləndir. Çünki onlar Azərbaycanın daxili işlərinə müdaxilə cəhdini heç bir halda əldən vermək istəmir, məsələnin mahiyyətinə varmadan ölkəmizə qarşı ənənəvi qarayaxma kampaniyalarını işə salırlar.
Bu məsələdə bir qədər tələsən kollektiv Qərb açıq-aşkar ikili standartlara yol verir. Neçə vaxtdır Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşviliyə edilən təzyiqlərə, Ermənistanda siyasi fəalların həbsi və digər faktlara göz yuman Avropa İttifaqının Azərbaycanda bir nəfərin həbsinə siyasi don geyindirməsinə ölkəmizə qarşı qərəzdən başqa nə ad vermək olar?
Əslində burada Qarabağ ermənilərinin reinteqrasiya prosesinin də rolu hiss olunur. Ermənilərin Azərbaycanda yaşamasının mümkünsüzlüyünü qabardan ermənipərəst qüvvələr üçün Qubad İbadoğlunun həbsi konkret göydəndüşmədir.
Cinayət Məcəlləsinin 204.3.1 (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldəetmə və ya satma) maddəsi ilə ittiham olunan Qubad İbadoğlunun günahı sübuta yetirilərsə, məhkəmənin hökmü ilə cəzasını alacaq.
Deməli, İbadoğlu məsələsində daha cox canfəşanlıq edən Qərbin məqsədi heç də hansısa partiya sədrinin həbsində narahatlıq deyil, insan hüquq və haqları məsələsini saxtalaşdırmaqdır. Axı alətə çevirdikləri insan haqları elə Avropanın özündə hər gün pozulur və günahsız insanlar cəzalandırılır. Hətta dünyaya demokratiya dərsi keçməyə çalışan ölkələrdə insanlar küçənin ortasında güllələnir, qətlə yetirilir, dinlər, inanclar təhqir olunur.
Son illər İslam dininin Avropa ölkələrində təhqir olunması, müqqədəs Quranın yandırılması, Məhəmməd Peyğəmbərin karikaturalarının hazırlanması, ümumiyyətlə, islamafob şüarlar ənənəyə çevrilib. İslam dəyərlərinin təhqir olunmasına daim göz yuman Qərbin lazım gələndə insan hüquqlarını qorumaq arzusu ancaq və ancaq siyasi alverdir. Və ya insan hüquq və azadlıqlarını əlində bayraq edən Avropa və Amerika bu vasitələrdən istifadə etməklə, digər ölkələrdə insanların siyasi fəaliyyətlərini öz nəzarətində saxlamağa cəhd edir.
Qubad İbadoğlunun həbsinə xüsusi həssaslıqla yanaşan Avropa İttifaqının məsələyə yanaşma tərzi həm də Azərbaycana təzyiq metodudur.
Amma əmin olsunlar ki, bununla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan daxilində ən kiçik hadisəni belə böyüdüb, az qala dünyanın siyasi gündəminə çevirmək istəyən qüvvələrin bütün cəhdləri boş və uğursuzdur.
Vəli Həsənov,
KONKRET.az
Azərbaycanın yox, bir siyasi qüvvənin, qarışdırmayın və çaşdırmayın! Vəli Həsənov, Siz icazə verirsinizmi bizim xalqımız siyasətlə məşğul olsun, yəni başqa siyasi qüvvələr də hakimiyyət uğrunda mübarizə aparsın və hökumətə gəlsin? Yoxsa hesab edirsiniz ki, bir nəfər dövlətdir? Nəzərə alın ki, insan hüquqları universaldır və heç bir ölkənin daxili işi deyil. Qaldı ki, siz uzaqbaşı bir siyasi qüvvənin və onun liderinin tərəfdarı ola bilərsiniz, bunun isə bütün Azərbaycana heç bir dəxli yoxdur. Söhbət Azərbaycandan gedirsə, siyasi baxışlarından asılı olmayaraq hamı onu sevir, xüsusən də bu mustəqilliyin əldə olunması uğrunda xalq hərəkatında iştirak edənlər.