Qəzzada ataşkəslə bağlı tarixi razılaşma – Tramp, Netanyahu və HƏMAS nə dedi?backend

Qəzzada ataşkəslə bağlı tarixi razılaşma - Tramp, Netanyahu və HƏMAS nə dedi?

İsrail və Fələstinin HƏMAS hərəkatı arasında Qəzzada atəşkəslə bağlı razılaşma imzalanıb.

KONKRET.az xəbər verir ki, təşkilat “Telegram” kanalında bəyanat yayaraq razılaşmasının əldə olunduğunu təsdiqləyib.

“HƏMAS Şarm əş-Şeyxdə ciddi və məsuliyyətli danışıqlar aparıb, bundan sonra Qəzza zolağında müharibənin dayandırılması ilə bağlı razılaşmanı elan etməyə hazırdır”, – bəyanatda deyilir.

Hərəkat həmçinin məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Misir, Qətər və Türkiyəyə, həmçinin ABŞ Prezidenti Donald Trampa atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılması istiqamətində işlədiyinə görə təşəkkür edib.

Bəyanatda bildirilib ki, HAMAS-la İsrail arasında əldə olunan atəşkəs razılaşması İsrail qoşunlarının çıxarılmasını, anklava humanitar yardımın daşınmasını və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tutur.

“HAMAS Qəzza zolağında müharibənin dayandırılmasını, işğalçı qüvvələrin çıxarılmasını, humanitar yardımın çatdırılmasını və girovların dəyişdirilməsini nəzərdə tutan sazişin bağlandığını elan edir”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, HAMAS Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan imtina etməyəcək: “Biz təsdiq edirik ki, xalqımızın qurbanları hədər getməyəcək və biz verdiyimiz vədələrə sadiq qalacağıq. Azadlıq, müstəqillik və öz müqəddəratını təyinetmə daxil olmaqla, xalqımızın milli haqlarından imtina etməyəcəyik.

Bundan başqa, HAMAS təminatçı dövlətlərdən İsrailin Qəzza zolağında atəşkəs razılaşmasından irəli gələn öhdəliklərdən yayınmaması üçün ona nəzarət etməyə çağırıb:

“Biz Prezident Donald Trampdan, sazişin qarant dövlətlərindən, həmçinin ərəb və islam ölkələrindən xahiş edirik ki, İsrail tərəfini saziş üzrə bütün öhdəliklərinə əməl etməyə və bu məsələdə ləngimələrə yol verməməyə məcbur etsinlər.

İsrail tərəfi də razılaşmanın əldə olunduğunu təsdiqləyib. Məlumata görə, ölkənin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsinə dair razılaşmanı təsdiqləmək üçün Nazirlər Kabinetinin iclasını çağıracaq.

B.Netanyahunun ofisinin yaydığı açıqlamada qeyd olunub ki, bu, İsrail üçün əla gündür.

“Sabah razılaşmanı təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetini toplayacağam”.

Bildirilib ki, B.Netanyahu Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir: “Tanrının köməyi ilə, onların hamısını evlərinə gətirəcəyik”.

HAMAS tərəfindən Qəzza zolağında saxlanılan israilli girovların oktyabrın 13-də azad ediləcəyi gözlənilir.

ABŞ Prezidenti Donald Tramp “TruthSocial” sosial media platformasında İsraillə HƏMAS arasında əldə olunan razılaşma barədə açıqlama yayıb.

“Mən İsrail və HƏMAS-ın sülh planımızın birinci mərhələsini imzaladığını elan etməkdən böyük qürur duyuram”, – Birləşmiş Ştatlar lideri bildirib.

Onun sözlərinə görə, israilli girovlar qısa müddətdə azad ediləcək:

“Bu o deməkdir ki, bütün girovlar çox tezliklə azad ediləcək və İsrail güclü, davamlı və əbədi sülhə doğru ilk addımlar olaraq qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bütün tərəflərə ədalətli davranılacaq! Bu, ərəb və müsəlman dünyası, İsrail, bütün ətraf xalqlar və Amerika Birləşmiş Ştatları üçün böyük gündür və biz bu tarixi və görünməmiş hadisənin baş verməsi üçün bizimlə işləyən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik”.

O, ABŞ-ın digər ölkələrlə birlikdə Qəzza zolağının yenidən qurulmasında iştirak edəcəyini açıqlayıb:

“Düşünürəm ki, insanların barışmağa başladığını görəcəksiz, Qəzzanın yenidən qurulmasını görəcəksiz. Qəzza ilə bağlı bir çox məsələni həll edəcək sülh şurası yaratmağı ümid edirəm. Onların çox varlı ölkələri var və hətta bu sərvətin kiçik bir hissəsi də onlara orada [Qəzza zolağında] çox şey etməyə imkan verə bilər. Biz bunun bir parçası olacağıq”.

Bu arada, İsrail gələn həftənin əvvəlində ABŞ Prezidenti Donald Trampın mümkün səfərinə hazırlaşır.

D.Trampın özü Yaxın Şərqə oktyabrın 11 və ya 12-də səfər edə biləcəyini bildirsə də, hansı ölkə və ya ölkələrə səfər edə biləcəyini dəqiqləşdirməyib.

“Axios”un müxbiri Barak Ravid qeyd edib ki, Tramp İsrailin baş naziri Benyamin Netanyahunun dəvəti ilə yəhudi dövlətinin parlamenti olan Knessetdə çıxış etmək niyyətindədir.

Ağ Evin mətbuat katibi Karolin Livittin yaydığı bəyanatda deyilir ki, Donald Tramp oktyabrın 10-da illik fiziki müayinədən keçəcək və qısa müddət sonra Yaxın Şərqə yola düşəcək.

İsrail və HƏMAS hərəkatı arasında sülh planının birinci mərhələsinə dair razılaşmanın imzalanmasında Türkiyənin böyük rolu olub.

ABŞ Prezidenti Donlad Tramp və HƏMAS hərəkatı məsləhətləşmələrdə vasitəçi qismində göstərdikləri səylərə görə Türkiyə, Qətər və Misirə təşəkkür ediblər.

Qeyd edək ki, rəsmi Ankara dəfələrlə Qəzzada atəşkəsin əldə olunması istiqamətində mütəmadi səylər göstərdiyini bəyan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*