Bir neçə gün əvvəl üç polis əməkdaşının və bir mülki şəxsin güllələnərək qətlə yetirilməsi xəbəri cəmiyyətimizi sarsıtdı. Çünki daxili işlər orqanlarında xidmət göstərən vətəndaşlarımız ağır fəaliyyət növünü seçmiş insanlardır. Azərbaycan polisi cinayətlərin qarşısının alınması, baş vermiş cinayət hadisələrinin üstünün isti izlərlə, operativ şəkildə açması, həmçinin kriminal ünsürlərə qarşı qətiyyətli fəaliyyəti ilə tanınır. Bu baxımdan baş vermiş hadisə böyük təəssüf hissi doğurdu.
KONKRET.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal söyləyib.
Sosial şəbəkələrdə hadisə ilə bağlı ənənəvi qərəzli yanaşmalara toxunan QHT sədri deyib ki, bunlar Azərbaycan polisinin gərgin və şərəfli iş fəaliyyətinə kölgə salmaqdan başqa bir şey deyil. Ümumiyyətlə, bu hadisənin gedişatında da Azərbaycan polisi tam peşəkarlıq nümayiş etdirib.
“Cinayətkarın yaxalanması üçün zəruri tədbirlər görülüb. Lakin cinayətkar öz xislətinə uyğun olaraq polisin milli, mənəvi dəyərlərə əsaslanan davranışından istifadə edərək ailə üzvlərini özünə “qalxan” edib və polislərə atəş açıb. Hətta bu qanlı cinayəti törətdikdən sonra hadisə yerinə gələn əməliyyat qrupunun təslim olması barədə dəfələrlə xəbərdar etməsinə baxmayaraq, silahlı müqaviməti davam etdirib və zərərsizləşdirilib.
Belə bir vəziyyətlə bağlı polisin fəaliyyətinə kölgə salmaq üçün heç bir əsas yoxdur. Hər kəs nəzərə almalıdır ki, polis siyasi baxışlara görə formalaşan yanaşmaların hədəfi deyil. Gecə-gündüz fasiləsiz xidmət həyata keçirən polis hər bir vətəndaşın təhlükəsizliyinin keşiyindədir. Hər bir vətəndaş da polisə adekvat münasibət sərgiləməlidir”, – deyə QHT sədri vurğulayıb.